Müharibədə qalib gələn lider sülhdə də qalibdir. Azərbaycvan müharibədən sonra da revanşizm deyil, beynəlxalq hüquqa əsaslanana sülh gündəliyi irəli sürüb. Sülh prosesinin irəliləməsində atılan addımlar bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan həm milli maraqlara sadiqdir, həm də regionda davamlı sülh və sabitliyi təmin etmək gücündədir. Dünya nizamının yenidən qurulduğu bir dövrdə hərbi qələbəni dayanıqlı sülhə çevirmək hər bir liderin qarşısında duran çətin və ali missiyadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu missiyanın qlobal səviyyədə təqdir olunmasının bariz nümunəsidir.
Qeyd edək ki, Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. İndiyədək bu mükafata layiq görülənlər arasında BMT-nin Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və kraliçası Raniyə Əl Abdullah, mərhum Roma Papası Fransisk, Misirin Əl-Əzhəri Şərifinin şeyxi, böyük imam Əhməd Əl-Tayyib, IMAD Assosiasiyasının təsisçisi və ekstremizmə qarşı fəal, əslən Mərakeşdən olan xanım Lətifə İbn Ziyaten, keniyalı sülh və icma fəalı xanım Şəmsa Əbubəkr Fadhil, Barbadosun Baş naziri xanım Mia Amor Mottley və digər şəxslər var.
Xüsusi ilə qeyd edək ki, Fond bir neçə sahə üzrə mükafatlar təqdim edir. Bu mükafatlar yalnız müstəsna xidmətləri olan şəxsiyyətlərə və qurumlara verilir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə Azərbaycanın həm regional, həm də qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətdir.
2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlam deyib: “Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur”.
Təbii ki, 2025-ci ilin avqust ayında keçirilən Vaşinqton görüşünü sülh prosesinin mühüm həlqələrindən biri kimi qeyd etmək olar. Vaşinqton görüşü 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan arasında keçirilən və sülh prosesinin ən mühüm mərhələlərindən biri hesab olunan tarixi görüşdür; burada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, revanşizmə son qoyulması kimi mühüm razılaşmalar əldə olunmuş, bu da Cənubi Qafqazda yeni regional nizamın qurulmasına və sülhün bərqərar olmasına zəmin yaratmışdır.
Onu da qeyd etmək lazımdır ki, xarici dairələrin Ermənistanı silahlandırmaq və regionu yeni qarşıdurmaya sövq etmək cəhdləri bölgədəki kövrək sülhü təhdid edir. Bu cür təzyiqlər və süni gərginlik yaratmaq cəhdləri Azərbaycanın sarsılmaz iradəsi və hərbi hazırlığı qarşısında hər zaman iflasa məhkumdur. Rəsmi Bakı dəfələrlə qeyd edib ki, Ermənistan öz gələcəyini xarici qüvvələrin maraqlarına qurban verməməlidir, sülh müqaviləsini imzalayaraq regional əməkdaşlığa qoşulmaq onun üçün yeganə çıxış yoludur.
Bu bir gerçəklikdir ki, enerji resursları, Orta Dəhliz üzərində yerləşən strateji mövqeyi və çoxvektorlu diplomatiyası ilə Bakı həm inkişaf etməkdə olan ölkələrlə, həm də Qərb gücləri ilə əməkdaşlıq etməklə yeni dünya düzənində balanslı siyasət aparır. Azərbaycan bu reallıqda həm enerji təhlükəsizliyi, həm də nəqliyyat-logistika əməkdaşlığı baxımından mühüm tərəfdaş statusu qazanır. Bu, Azərbaycanın regiondakı və bütövlükdə Avrasiya məkanındakı artan rolunu göstərir.
Bu gün Azərbaycan regional kommunikasiyaların təhlükəsizliyini və fasiləsizliyini təmin etməklə bölgədə etibarlı tranzit ölkə statusunu bir daha təsdiq edir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır. Dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini gündən-günə artıran Azərbaycan hazırda Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha da güclənməsinə böyük töhfələr verir. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü daha da artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək.
Prezident İlham Əliyevin sülh gündəliyi beynəlxalq birlik, müxtəlif dövlətlər və təşkilatlar tərəfindən müsbət qarşılanır, təqdir olunur. Çünki Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün və normal münasibətlərin qurulması, sülh müqaviləsinin imzalanması üçün daim konsturktiv addımlar atır. Bu gündəli çərçivəsində delimitasiya, demorkasiya və sülh planları önə çəkilir. Bütün bunlar regionda yeni reallıqların formalaşmasına xidmət edir.
Dövlətimizin başçısının layiq görüldüyü Şeyx Zayed Fondunun mükafatı bu böyük iradənin, ədalətli sülhün və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunun rəmzidir. Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, qlobal sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Məhz Prezident İlham Əliyevin uğurlu diplomatiyası sayəsində onilliklərdir davam edən Azərbaycan-Ermənistan münaqişəsi yalnız hərbi qələbə ilə deyil, həm də beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş sülh razılaşması ilə başa çatmaq üzrədir. Bütün bunların fonunda bir daha demək istərdik ki, dövlətimizin başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi eyni zamanda, bu nüfuzlu mükafat Azərbaycanın humanist addımlarına və sülh quruculuğuna verilən yüksək qiymətin təzahürüdür.
Zahid Rza, “İki sahil”
İqtisadiyyatımızın bugünkü mənzərəsi: Dayanıqlı inkişaf və makroiqtisadi sabitlik