28 yanvar 2026 21:24
260

Prezident İlham Əliyev və qeyri-neft sənayesinin inkişaf strategiyası: Sumqayıt nümunəsi

Prezident cənab İlham Əliyevin Sumqayıt şəhərinə son səfəri çərçivəsində Sumqayıt Sənaye Parkında bir sıra mühüm sənaye obyektlərinin açılışı və yeni istehsal müəssisələrinin təməlinin qoyulması Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun prioritet mövqeyini bir daha aydın şəkildə nümayiş etdirdi. Bu səfər həm dövlət başçısının sənayeləşmə siyasətinə verdiyi xüsusi əhəmiyyətin, həm də Sumqayıtın ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi mövqeyinin möhkəmləndirilməsinin bariz nümunəsi oldu. Səfər çərçivəsində Prezident cənab İlham Əliyev Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu, “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin, eləcə də güzgü vərəqələrinin istehsalı zavodunun açılışında iştirak etdi. Bu layihələr təkcə yeni sənaye obyektlərinin istifadəyə verilməsi deyil, eyni zamanda ölkənin istehsal potensialının dərinləşdirilməsi, idxaldan asılılığın azaldılması və ixrac imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Tarixən Azərbaycanın sənaye mərkəzlərindən biri olan Sumqayıt son illərdə Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində müasir sənaye şəhərinə çevrilməkdədir. Xüsusilə Sumqayıt Sənaye Parkının yaradılması və burada yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin cəmləşdirilməsi şəhərin iqtisadi simasını köklü şəkildə dəyişib.

Bu gün Sumqayıt yalnız ağır sənaye ilə deyil, eyni zamanda emal, qablaşdırma, tikinti materialları və kimya sənayesi üzrə rəqabətqabiliyyətli məhsullar istehsal edən mühüm mərkəz kimi çıxış edir. Açılışı keçirilən karton və qutu taraları istehsalı müəssisəsi daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, ixrac yönümlü istehsal imkanları yaradır. Qablaşdırma sənayesinin inkişafı isə bütövlükdə yerli istehsal zəncirinin güclənməsinə, kənd təsərrüfatı və sənaye məhsullarının daha səmərəli dövriyyəsinə şərait yaradır. Güzgü vərəqələrinin istehsalı zavodu isə tikinti sektorunun artan tələbatını yerli istehsal hesabına təmin etməklə yanaşı, yeni texnologiyaların tətbiqi və keyfiyyət standartlarının yüksəldilməsi baxımından mühüm addımdır. Bu müəssisə idxalın əvəzlənməsi siyasətinin uğurlu nümunələrindən biri kimi qiymətləndirilə bilər.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiyanın əsas sütunlarından biri qeyri-neft sənayesinin inkişafıdır. Qlobal enerji bazarlarında baş verən dalğalanmalar fonunda iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın uzunmüddətli dayanıqlılığının əsas təminatçısı kimi çıxış edir. Sumqayıt Sənaye Parkında reallaşdırılan layihələr bu strategiyanın konkret nəticələrini ortaya qoyur. Polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlinin qoyulması kimya sənayesinin dərin emal mərhələsinə keçidini sürətləndirir, yerli xammalın əlavə dəyər yaradan məhsula çevrilməsinə imkan verir. Bu isə həm sənaye kooperasiyasını gücləndirir, həm də ixrac coğrafiyasının genişlənməsinə xidmət edir.

Açılışı keçirilən və təməli qoyulan sənaye obyektlərinin ən mühüm nəticələrindən biri də yeni iş yerlərinin yaradılmasıdır. Bu müəssisələr Sumqayıt və ətraf regionlarda yüzlərlə vətəndaşın daimi işlə təmin olunmasına şərait yaradır. Məşğulluğun artması əhalinin sosial rifahının yüksəlməsinə, regionda iqtisadi aktivliyin güclənməsinə və sosial sabitliyin möhkəmlənməsinə birbaşa təsir göstərir. Eyni zamanda, bu layihələr peşəkar kadrların yetişdirilməsi, texniki biliklərin artırılması və gənclərin sənaye sektoruna cəlb olunması baxımından da xüsusi əhəmiyyət daşıyır. Beləliklə, sənaye inkişafı yalnız iqtisadi deyil, həm də sosial kapitalın formalaşmasına xidmət edir.

Prezident cənab İlham Əliyevin Sumqayıta səfəri və Sumqayıt Sənaye Parkında həyata keçirilən açılışlar Azərbaycanın sənaye siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiqlədi. Bu layihələr Sumqayıtın sənaye şəhəri statusunu daha da möhkəmləndirməklə yanaşı, qeyri-neft sektorunun inkişafına, iqtisadi şaxələndirməyə və vətəndaşların rifahının yüksəldilməsinə mühüm töhfə verir. Dövlət–özəl sektor tərəfdaşlığı əsasında reallaşdırılan bu təşəbbüslər Azərbaycanın dayanıqlı inkişaf yolunda atdığı strateji addımların davamlı olacağından xəbər verir.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı