İsrail ilə Azərbaycan arasında yüksək etimada, dostluq və qardaşlığa əsaslanan əlaqələr mövcuddur. Bu gün İsrail iqtisadi, hərbi, mədəni və s. sahələr də daxil olmaqla, bir sıra müstəvilərdə ölkəmizlə intensiv əməkdaşlıq edir. Üstəlik, iki ölkə arasında əməkdaşlığın inkişafı və aktual istiqamətlər üzrə əhatə dairələrinin genişləndirilməsi diqqət mərkəzindədir. Yeri gəlmişkən qeyd edək ki, İsrail hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və uzun illər erməni işğalına qarşı çıxıb. 44 günlük Vətən müharibəsi, həmçinin 23 saatlıq lokal antiterror tədbirləri zamanı Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə edən İsrail Qarabağ münaqişəsi həll edildikdən sonra işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə də öz töhfəsini verməkdədir.
Bir neçə gün öncə İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana səfəri zamanı keçirilən tədbirlərin birində xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan–İsrail münasibətləri ilbəil müsbət istiqamətdə inkişaf edir. Ölkələrimiz arasındakı əlaqələr müxtəlif sahələrdə strateji əhəmiyyət daşıyır. İsrail ilə iqtisadi sahədə də əməkdaşlığın genişləndiyini vurğulayan nazir, həmçinin bildirib ki, hazırda ölkəmizdə 124 İsrail şirkəti fəaliyyət göstərir və müxtəlif layihələr həyata keçirir. Enerji sahəsində əlaqələr xüsusilə genişdir. SOCAR ilk dəfə İsraildəki qaz yataqlarında 10 faiz paya sahib olub. 2025-ci ildə mülki ticarət təxminən 50 faiz artaraq 360 milyon dollardan çox təşkil edib. Amma tərəflər bütün bunlarla razılaşmaq fikrində deyillər. İsrailin xarici işlər naziri Gideon Saar Bakıda keçirilən İsrail-Azərbaycan biznes-forumunda çıxışı zamanı deyib ki, iqtisadi münasibətlər daha da böyük potensiala malikdir və biz bunu genişləndirmək niyyətindəyik.
Yeri gəlmişkən qeyd edək ki, siyasətçilərin fikrincə, İsrailin xarici işlər nazirinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin dərinləşdirilməsi ilə yanaşı, ölkəmizin regionda artan siyasi və iqtisadi rolunu bir daha ön plana çıxarır. Bu səfər Azərbaycanın etibarlı tərəfdaş, dialoq platforması və regional sabitliyə töhfə verən mühüm aktor kimi mövqeyini daha da gücləndirir. Bunu həm də İsrailin Cənubi Qafqaz siyasətində Bakıya verdiyi xüsusi önəmin göstəricisi kimi dəyərləndirmək olar. Yeri gəlmişkən, ötən həftə Azərbaycan və İsrail prezidentləri – İlham Əliyev və İsxak Hersoq Davos İqtisadi Forumu çərçivəsində görüşərək, bir sıra aktual məsələləri müzakirə ediblər. Bütün bunlar Azərbaycan–İsrail münasibətlərinin klassik diplomatik əməkdaşlıq modelindən artıq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymasından xəbər verir.
Amma bütün bunlar Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında qaldığı dönəmdə, elə indi də Ermənistanı dəstəkləyən İranın ürəyincə deyil. Hətta İranın bəzi rəsmiləri Azərbaycanı İsrailin xarici işlər nazirinin Bakıda mətbuat konfransında səsləndirdiyi fikirlərinə görə qınayıblar. Tehranın mövqeyinə görə, Azərbaycan İranla münasibətləri pis olan ölkələrlə normal münasibət saxlamamalı, onun dostu ilə dost, düşməni ilə düşmən olmalıdır. Halbuki hazırda dünyada İranın demək olar ki, müttəfiqi yoxdur. Bu ölkə ABŞ və Avropa ölkələri ilə çəkişmədədir, İsraillə qatı düşməndir, ərəb ölkələri ilə intriqadadır, Rusiya və Çinlə müəyyən tərəfdaşlığı var ki, bunu da qənaətbəxş hesab etmək olmaz. Yeri gəlmişkən qeyd edək ki, hazırda İran ətrafında xüsusi bir gərginlik var. ABŞ hərbi qüvvələrini Yaxın Şərqdə cəmləşdirib və kontingentin sayını artırır. Azərbaycan nə İranda gərginliyin artmasını, nə də İrana hərbi müdaxiləni istəyir. Azərbaycan bu və digər məsələdə sözügedən ölkələrlə balansı qorumaqda israrlıdır. Balansı qoruyub saxlamaq isə ölkəmizin milli təhlükəsizliyi, həm regional sülh, həm də gələcək perspektiv planların davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır.
Qvami Məhəbbətoğlu, “İki sahil”