19 yanvar 2026 09:10
178

O da Yanvar şəhidlərindən biri ola bilərdi

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları tərəfindən istiqlaliyyət və müstəqillik uğrunda mübarizəyə qalxan soydaşlarımıza divan tutuldu. Quba rayonunda yerləşən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) Bitki mühafizəsi şöbəsinin baş elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Qurbanov o dəhşətli gecənin şahidlərindən biri olub. Belə ki, o,  həmin  günlərdə qardaşı Gərayın internatura keçdiyi Bakının Sabunçu rayonundakı 3 saylı Klinik Xəstəxanasında müalicə olunurdu.

 Mədət Qurbanov “İki sahil” qəzetinə açıqlamasında həmin gecəni belə xatırladı: “Mən 1990-cı ilin yanvar ayının 19-da müalicə həkimindən icazə alıb “Semaşko xəstəxanası”nda avtoqəzadan zərər çəkmiş keçmiş iş yoldaşımı yoluxmağa gəldim. Həmin gün paytaxtda bir qeyri-adilik hiss etdim. Mən elə o anda müalicə olunduğum xəstəxananın foyesində söhbət edən həkimlərdən eşitdiyim bu sözləri xatırladım: “Bizə tapşırılıb ki, baş verəcək hadisələrə hazır olmalıyıq”.

Mədət müəllim bildirdi ki, həmin gecə qardaşı Gəray (hazırda Qurbanov Gəray Mirzəhməd oğlu Quba Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyə şöbəsinin müdiri vəzifəsində çalışır) növbədə olub: ”Qırğının başlanmasına bir neçə saat qalmış şöbə müdiri Gəraydan  baş tibb bacısını xəstəxanaya gətirməsini xahiş edib. Qardaşım baş tibb bacısı ilə gecə saat 11-də xəstəxanaya yaxınlaşanda əli silahlı rus əsgərləri: “Dayanın, əks halda atəş açacağıq” əmrini veriblər. Bu zaman Gəray həkim olduqlarını bildirməklə yanaşı, paltosunun düymələrini açaraq onlara ağ xalatını göstərib. Məhz bundan sonra onlara yollarını davam etməyə icazə verilib. Şübhəsiz, əgər qardaşım Gəray belə addım atmasaydı, o da həmin gecənin şəhidlərindən biri olacaqdı. O gecə bütün xəstələr də  səhərə kimi yatmadılar. Atəş səsləri açıq-aydın eşidilirdi. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Gözlərini qan tutmuş hərbçilər hətta yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Xəstəxanaya gətirilən yaralıların, şəhid olanların sayı-hesabı yox idi. Şəhərin üzərində hərbi vertolyot dövrə vururdu. Deyilənlərə görə, həmin vertolyotda SSRİ müdafiə naziri Dmitri Yazov var idi”.

Həmsöhbətimizin sözlərinə görə, o, həmin günün ertəsi  xəstəxanadan çıxıb böyük qardaşı İsrafilgilə gəlib: “Bütün şəhər həyəcan, qorxu içində idi. Küçələr rus hərbiçiləri və tanklarla dolu idi. Evlərin balkonlarından qara bayraqlar asılmışdı. Yalnız metro işləyirdi. Mən rayona qayıtmaq istəyirdim. Rayonlara avtobuslar, taksilər işləmirdi. Elə bu səbəbdən daha 2 gün şəhərdə qalmalı oldum. Növbəti gün isə Bakı-Moskva qatarı ilə Xaçmaz rayonuna gəldim”.

Mədət Qurbanov daha sonra bildirdi ki, həmin gecə təkcə bu acı-ağrılarla yaddaşıma həkk olunmayıb: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə həm də yetmiş illik imperiya buxovunu qırdığımız gecə, millətimizin birliyinin rəmzi, dünyanı heyrətləndirən hadisə kimi yaddaşıma həkk olunub. Həmin gecə şəhidlərimiz azadlığa gedən yolumuzda ilk cığırlar açdılar. Bu mənada müstəqillik tariximizə dərin iz salan 20 Yanvar tariximizin şərəfli səhifəsidir”.

Mədət Qurbanovun sözlərinə görə, 20 Yanvardan başlayan müstəqillik yolunu Azərbaycan xalqı və dövləti Zəfər yoluna çevirməyi özündə güc tapdı: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş  Zəfər və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbir nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bununla həm bütün  şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı”.

Müsahibimiz fikrini bu sözlərlə tamamladı: “Sovet qoşunlarının Azərbaycanda törətdikləri qırğınlardan 36 il ötür. Təəssüf kli,  hələ də bu cinayəti törədənlər cəzalanmayıb”.

Qvami Məhəbbətoğlu, “İki sahil”