12 yanvar 2026 17:49
163

Paytaxtın su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə diqqət daha da artırılır

Ölkəmizdə içməli su və suvarma layihələri hər zaman diqqət mərkəzində olub. Son 20 il ərzində ölkədə ümumi tutumu 500 milyon kubmetrdən çox olan dörd böyük su anbarı inşa edilib. bu su anbarları arasında “Taxtakörpü”, “Şəmkirçay” su anbarları xüsusi qeyd edilməlidir. Həmçinin “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulub və yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilib. Bu gün azad edilmiş ərazilərdə içməli su və suvarma layihələri icra edilir. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları, o cümlədən “Sərsəng” su anbarı əsaslı təmir edilib. Bu işlər çərçivəsində “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı artıq istismardadır.  Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir.

Bu məsələlər ölkə başçısı İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən müşavirədə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramının müzakirəsi zamanı qeyd edilib, bu sahədə görülən işlər və qarşıda duran vəzifələrdən danışılıb.

Müşavirədə vurğulanıb ki, su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Ölkənin su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Ölkənin digər əsas su mənbələri isə Kür, Araz və Samur çayları isə xaricdə formalaşdəğından bu həssas məsələ nəzərə alınmalıdır.

Prezident İlham Əliyev müşavirədəki çıxışında deyib: “Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Qeyd etdiyim kimi, son 20 il ərzində ancaq sadaladığım, - halbuki görülən işlər qat-qat çoxdur, - layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək”.

Təəssüf ki, uzun illərdir ki, Bakı və Abşeron yarımadasının içməli su problemləri ciddi problemə çevrilib. Bu da genişmiqyaslı və müfəssəl Dövlət Proqramının qəbul edilməsini tələb edirdi. Müşavirədən dərhal sonra ölkə başçısının müvafiq Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi. Qəbul edilən Proqramın icrası ilə  bağlı dərhal müvafiq tapşırıqların verilməsi dövlət başçısı tərəfindən bu işlərə olan diqqətin təzahürü kimi qiymətləndirilməlidir. 

Yeni Dövlət Proqramının icrası nəticəsində 30-a yaxın yeni su anbarları tikiləcəkdir. Hazırda ölkə əhalisinin 70 faizə qədəri fasiləsiz içməli su ilə təmin olunur və Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Həmçinin Proqramda sayğaclaşdırmanın 100 faizə çatdırılması nəzərdə tutulub. Proqramın icrası nəticəsində Bakı, Sumqayıt, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaqdır.

Bu gün qarşıda duran problemlərdin biri su itkiləri ilə bağlıdır. Əhalinin artması, sənaye və digər istehsal sahələrinin genişlənməsi təbii ki, suya olan tələbatı artırır. Bununla əlaqədar görə hazırda 40-45 faiz təşkil edən itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir və proqramın icrası nəticəsində bu, kəskin azalmalıdır.

Prezident İlham Əliyev müşavirədəki çıxışında paytaxt Bakı şəhərinin kanalizasiya məsələsinə xüsusi toxunub. Bildirilib ki, bu gün əhalinin 50 faizinə  kanalizasiya xidməti göstərilir və Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Dövlətimizin başçısı əlavə edib ki, “yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq”.

Bildirilib ki, Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri dənizə axıdılan suların 100 faiz təmizlənməlidir. Bu istiqamərdə Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi qarşıda duran məsələlərdə biridir.

Prezident İlham Əliyev müşavirədə Bakı şəhəri və Abşeron  yarımadasının su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinin gələcək inkişaf məsələlərinə xüsusi olaraq toxunub. Abşeron yarımadasının su təchizatını yaxşılaşdırılması üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu imkan verəcək ki, Bakı və Abşeron yarımadasına gələn suların həcmi artırılsın. Ölkə başçısı deyib: “Duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır”.

Ölkə başçısı bildirib ki: “son 20 il ərzində həyata keçirdiyimiz layihələrdən biri də tamamilə yenidən qurulmuş Oğuz-Qəbələ-Bakı su kəməridir. Əgər bu su kəməri tikilməsəydi, bu gün Bakıda su qıtlığı özünü çox ciddi şəkildə göstərmiş olardı”.

İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü