07 iyul 2026 10:23
117

Sosial şəbəkələrdə yaş yoxlanılması nəyi dəyişəcək?

Azərbaycan uşaqların rəqəmsal təhlükəsizliyini gücləndirən qlobal tendensiyaya qoşulur

Rəqəmsal texnologiyaların sürətli inkişafı həyatın bütün sahələrində olduğu kimi, uşaqların gündəlik həyatına da ciddi təsir göstərib. Sosial şəbəkələr ünsiyyət, məlumat mübadiləsi və yaradıcılıq üçün geniş imkanlar yaratsa da, eyni zamanda, özü ilə kibertəhdidlər, psixoloji asılılıq, zərərli məzmun, kiberzorakılıq və manipulyativ alqoritmlər kimi riskləri də gətirib. Son illər dünyanın müxtəlif ölkələrində bu risklərin azaldılması istiqamətində hüquqi mexanizmlərin yaradılması sürətlənib. Azərbaycan da bu istiqamətdə yeni mərhələyə qədəm qoyur.

Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən qanunvericilik dəyişiklikləri sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmaq deyil, uşaqların rəqəmsal mühitdə daha etibarlı şəkildə qorunmasını təmin etmək məqsədi daşıyır. Yeni tənzimləmə ilə 16 yaşına qədər uşaqların müəyyən ediləcək sosial şəbəkə platformalarında müstəqil hesab yaratmasına yol verilməyəcək. 16-18 yaş aralığında olan yeniyetmələr isə valideynin razılığı əsasında qeydiyyatdan keçə biləcəklər. Bunun əsas məqsədi uşaqları yetkinlik yaşına çatana qədər onların psixoloji, emosional və fiziki inkişafına mənfi təsir göstərə biləcək rəqəmsal mühitdən qorumaqdır.

Bu dəyişikliklərə "Sosial şəbəkələrə qadağa" və ya "Uşaqların hüquqlarının məhdudlaşdırılması" kimi yanaşmaq düzgün olmazdı. Əslində, söhbət sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın təsdiqlənməsi mexanizminin tətbiqindən və platformaların uşaqların təhlükəsizliyi istiqamətində məsuliyyətinin artırılmasından gedir. Məqsəd uşaqların informasiya əldə etmək hüququnu məhdudlaşdırmaq deyil, onların yaş xüsusiyyətlərinə uyğun olmayan rəqəmsal təsirlərdən müdafiəsini gücləndirməkdir.

Yeni tənzimləmə əvvəlki hüquqi bazanın davamıdır

Bu yanaşma hüquqi baxımdan da yeni deyil. Cəmiyyət artıq uzun illərdir ki, uşaqların sağlam inkişafını təmin etmək üçün müxtəlif yaş məhdudiyyətlərini normal qəbul edir. Bu kimi  tədbirlər heç vaxt hüquqların məhdudlaşdırılması kimi deyil, uşaqların sağlamlığı və rifahının qorunması mexanizmi kimi qiymətləndirilib. Rəqəmsal dövrdə sosial şəbəkələrin də eyni yanaşma ilə tənzimlənməsi beynəlxalq praktikada getdikcə daha geniş qəbul olunur.

Azərbaycanda bu istiqamətdə hüquqi baza əslində artıq formalaşdırılıb. 2018-ci ildə qəbul edilən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun təmin olunmasını və onların zərərli informasiyadan müdafiəsini nəzərdə tutur. Hazırkı dəyişikliklər həmin qanunun məntiqi davamı olmaqla, sosial şəbəkələrin sürətlə inkişaf etdiyi yeni rəqəmsal reallığa uyğun tənzimləmə mexanizmləri yaradır.

Qanunun qəbulundan sonra onun dərhal tətbiq edilməməsi də diqqət çəkən məqamlardandır. Qanunun qüvvəyə minməsi üçün 12 aylıq keçid dövrü nəzərdə tutulur. Bu müddət ərzində yaş yoxlanılması tətbiq olunacaq sosial şəbəkə platformalarının siyahısı müəyyən ediləcək, texniki həllər hazırlanacaq, maarifləndirmə kampaniyaları təşkil olunacaq və valideynlər, uşaqlar, təhsil müəssisələri üçün məlumatlandırma işləri aparılacaq. Beləliklə, yeni sistem mərhələli şəkildə formalaşdırılacaq.

Ölkəmiz qlobal tendensiyanın bir hissəsinə çevrilir

Yeri gəlmişkən vurğulayaq ki, bu yanaşmada Azərbaycan tək deyil. Dünyanın bir çox ölkəsində sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı ciddi narahatlıqlar mövcuddur və müxtəlif hüquqi mexanizmlər hazırlanır. Avstraliya 2025-ci ilin dekabrında bu sahədə qanun qəbul edən ilk ölkələrdən biri olub. Fransa isə 2026-cı ilin ilk rübündə Avropada sosial şəbəkələrdə yaş məhdudiyyətini qanunvericilik səviyyəsində tətbiq edən ilk dövlət kimi çıxış edib.

Hazırda Danimarkada 18 yaş, İspaniyada 16 yaş, Fransada 15 yaş həddi ilə bağlı müxtəlif hüquqi mexanizmlər müzakirə olunur və ya tətbiq edilir. ABŞ-da federal səviyyədə 17 yaşla bağlı təşəbbüslər irəli sürülür, ayrı-ayrı ştatlarda isə fərqli yaş hədləri müəyyənləşdirilir. Kaliforniya, Texas, Nyu-York, Tennessi və Yutada 18 yaş, Kolorado, Corciya və Luizianada 16 yaş, Floridada isə 14 yaş həddi ilə bağlı yanaşmalar mövcuddur. Böyük Britaniyanın "Online Safety Act", İrlandiyanın "Online Safety Code" sənədləri də uşaqların internet təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Almaniya, Norveç, Portuqaliya, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan da sosial media platformalarında yaş məhdudiyyətləri ilə bağlı hüquqi qərarlar qəbul edib və ya belə dəyişikliklər üzərində işləyir. Norveç hökuməti 2026-cı ilin sonuna qədər yeni yaş məhdudiyyətlərini tətbiq etməyi planlaşdırır. Azərbaycanla yanaşı, digər postsovet respublikaları qonşuları olan Qazaxıstan və Özbəkistanda da analoji qanunvericilik təşəbbüslərinin gündəmdə olması göstərir ki, region ölkələri də bu məsələyə xüsusi diqqət yetirirlər.

Dünya liderləri eyni təhlükəyə diqqət çəkirlər

Mövzunun aktuallığı dünya liderlərinin çıxışlarında da öz əksini tapır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media platformalarının uşaqların düşüncə tərzinə mənfi təsir göstərdiyini, manipulyativ alqoritmlərin isə problemi daha da dərinləşdirdiyini vurğulayaraq bu platformaları "rəqəmsal zibilxanalar" kimi xarakterizə edib. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə diqqəti fərqli məqama yönəldərək bildirib ki, əsas məsələ gənclərin sosial mediaya çıxışının olub-olmaması deyil, sosial medianın gənclərə nə dərəcədə çıxış imkanına malik olmasıdır.

Norveçin Baş naziri Jonas Gahr Støre hesab edir ki, uşaqların uşaqlığını alqoritmlər və ekranlar deyil, oyun, dostluq və real həyat formalaşdırmalıdır. İspaniyanın Baş naziri Pedro Sançez isə real həyatda qanunsuz olan davranışların virtual məkanda da qanuni hesab edilə bilməyəcəyini bildirərək rəqəmsal platformaların da eyni hüquqi məsuliyyət daşımalı olduğunu vurğulayıb. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinin məhdudlaşdırılacağını açıqlayıb.

Bu addım uşaqların gələcəyinə yönəlmiş sosial müdafiə mexanizmidir

Bütün bunlar göstərir ki, sosial şəbəkələrdə yaş yoxlanılması artıq ayrı-ayrı ölkələrin lokal təşəbbüsü deyil, qlobal rəqəmsal təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən birinə çevrilir. Azərbaycanda qəbul edilən dəyişikliklər də məhz bu beynəlxalq tendensiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Məsələyə daha geniş prizmadan baxdıqda isə görünür ki, burada söhbət təkcə hüquqi tənzimləmədən getmir. Bu addımlar ailənin, cəmiyyətin və dövlətin uşaqların sağlam gələcəyi naminə üzərinə düşən məsuliyyətin paylaşılması deməkdir. Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması onların psixoloji sağlamlığının qorunmasına, tənqidi düşüncə bacarıqlarının formalaşmasına, sosial münasibətlərinin düzgün inkişafına və gələcəkdə rəqəmsal platformalardan daha məsuliyyətli istifadə etmələrinə xidmət edir. Məhz bu baxımdan sosial şəbəkələrdə yaş yoxlanılması müasir dövrün çağırışlarına uyğun formalaşdırılan sosial müdafiə mexanizmi kimi qiymətləndirilə bilər.

Nigar Orucova, “İki sahil”