Azərbaycanda dövlət dəstəyi ilə uğurla təqdim olunan aqrar sığorta mexanizmi və onun aqrar sahəyə töhfəsi elm və təhsil sahəsinin də diqqətini cəlb edib.
“İki sahil” xəbər verir ki, ölkəmizin ən nüfuzlu təhsil ocaqlarından biri olan Bakı Dövlət Universitetində 2025-2026-cı tədris ilindən aqrar sığorta fənninin tədrisinə başlanılıb.
"Bitkilərin sığortalanmasında risklərin və zərərin qiymətləndirilməsi" fənni Universitetin "Biologiya" fakültəsinin magistratura pilləsində tədris edilir.
Aqrar sığorta fənni çərçivəsində tələbələr müxtəlif təbiət hadisələri və digər halların əkin sahələri üçün yaratdığı risklər, həmin risklərin qiymətləndirilməsi, əkin sahələrində baş verən sığorta hadisələrinin araşdırılması və zərərin hesablanması üsullarını mənimsəyirlər.
Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə həsr olunmuş açıq dərsdə "Biologiya" fakültəsinin dekanı, biologiya elmlər doktoru, professor Afət Məmmədova dünyada baş verən iqlim dəyişikliklərinin, bu prosesin təbiətə və aqrar sahəyə təsirinə diqqəti çəkib.
Fənnin bilavasitə tədrisi ilə məşğul olan tanınmış mütəxəssis, müstəqil aqrar sığorta eksperti Zülfü Məmmədov ölkəmizdə tətbiq olunan aqrar sığorta mexanizmi, onun faydaları, kənd təsərrüfatı üçün əhəmiyyətini qeyd edib. Ekspert bildirib ki, son illər iqlim dəyişiklikləri səbəbindən – dolu, şiddətli küləklər, quraqlıq və sair təbiət hadisələrinin sayı kəskin artıb. Belə vəziyyətdə bitkilərə, o cümlədən əkin sahələrinə dəyən zərərin düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, BDU-da aqrar sığortaya aid sözügedən fənnin bakalavr pilləsində də tədrisi nəzərdə tutulur. Bu addım ölkəmizin qocaman elm ocaqlarından olan Bakı Dövlət Universitetinin müvafiq ixtisaslı tələbələrinin imkanlarının və təcrübələrinin artırılmasına, onların biliklərinin daha geniş sahədə tətbiq olunmasına və uğurla tətbiq olunan aqrar sığorta prosesində tələbələrin iştirakına şərait yaradacaq.