07 yanvar 2026 18:01
1281

Uğursuz və ədalətsiz 907-ci düzəliş

Bu bədnam düzəlişin ləğvini ABŞ–Azərbaycan strateji əməkdaşlığının yeni səviyyəsi tələb edir

Azərbaycan–ABŞ münasibətlərində son dövrlərdə müşahidə olunan müsbət dinamika uzun illərdir mübahisə mövzusu olan 907-ci düzəliş məsələsinin yenidən gündəmə gəlməsinə şərait yaradıb. Rəsmi Bakının mövqeyinə görə, ölkəmizə qarşı tətbiq edilmiş bu məhdudiyyətlər hüquqi və siyasi baxımdan əsassız olmaqla yanaşı, ikitərəfli əməkdaşlığın ruhuna ziddir. Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi fikirlər bir daha göstərir ki, 2025-ci il Azərbaycan-ABŞ münasibətləri baxımından xüsusilə əhəmiyyətli mərhələ kimi yadda qaldı və məhz bu fon üzərində 907-ci düzəlişin tamamilə ləğvi üçün real və münbit şərait yetişib. Dövlət başçısı müsahibəsində 1992-ci ildə qəbul edilən bədnam 907-ci düzəlişə toxunaraq bildirib ki, bu, o vaxt Azərbaycan hakimiyyəti və onun diplomatiyasının hansı səviyyədə olduğunu göstərir. Ölkə başçısının sözlərinə görə, o vaxt Azərbaycan diplomatiyasına rəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər, hansısa diplomatiyaya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olundular: “Ovaxtkı AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar. Ondan cəmi bir il sonra xalqın tələbi ilə hakimiyyətdən biabırcasına getməyə məcbur oldular. Ona görə bax, bu iki amil önəmli rol oynamışdır. Əgər Azərbaycan o vaxt öz haqq sözünü Amerika rəhbərliyinə çatdıra bilsəydi, əgər mübarizə aparsaydı, onda bəlkə də Konqresdə erməni lobbisi tərəfindən təşkil edilmiş bu məsələyə Amerika administrasiyası başqa prizmadan da baxa bilərdi”.

Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra Bayden administrasiyasının bu düzəlişin aradan qaldırılmasını dayandırdığını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərmişdir. Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi. Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı. O vaxt bu düzəlişin təbii ki, böyük təsiri var idi. Çünki Azərbaycan çox kasıb ölkə idi, xəzinə boş idi, valyuta ehtiyatlarımız yox idi. Bizi yardımdan məhrum etmək, əlbəttə ki, bizə böyük bir zərbə idi. Nəzərə alsaq ki, o vaxt minlərlə, on minlərlə köçkün artıq ağır şəraitdə yaşayırdı və bu, həm siyasi cəhətdən ədalətsiz idi, həm praktik nöqteyi-nəzərdən çox təsirli idi. Biz uzun illər çalışırdıq ki, bu 907-ci düzəlişi ləğv etdirək. Ancaq bu, çox çətin proses idi və sadəcə olaraq, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi”.

Prezident İlham Əliyev, həmçinin ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bugünkü inkişafının mahiyyətinə uyğun olmadığını da vurğulayıb. Ölkə başçısı ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində Konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu bildirib: “İndi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxmışdır və əlbəttə, biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq. Çünki nə o vaxt blokada var idi, nə bu gün blokada var. Əksinə, bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklər gedir, yollar açıldı və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir. Hansı blokadadan söhbət gedə bilər?! Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu yoxdur bu gün. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var”.

Xatıraladaq ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımını tənzimləyən “Azadlığa Dəstək Aktı” adlı qanun qəbul edib. Bu qanunun 907-ci bölməsinə edilən düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərilməsi qadağan olundu. ABŞ-ın güclü erməni icması bu qanunun qəbul olunmasına böyük təsir göstərib. Həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının reallıq kimi qəbuluna səbəb olmuşdu. Ermənistan işğala məruz qalan, Azərbaycan isə işğalçı dövlət kimi təqdim edilirdi. Halbuki 907-ci düzəliş də işğalçı dövlətlərə tətbiq olunurdu. Ölkəmizə qarşı belə bir ədalətsiz qərarın qəbulunda məqsəd Azərbaycanı zəiflətmək, iqtisadi cəhətdən asılı vəziyyətə salmaq idi. 10 il bu qərarın tətbiqi şəraitində yaşayan Azərbaycan nəinki zəiflədi, əksinə daha da inkişaf edərək iqtisadi artımı ilə dünyanın diqqətində oldu.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, 1994-cü ildə isə neft müqavilələrinin imzalanmasından sonra 907-ci düzəliş əleyhinə fəaliyyət gücləndi. Azərbaycan Prezidenti Heydər Əliyev 27 iyul - 7 avqust 1997-ci ildə ABŞ-a rəsmi səfəri zamanı ABŞ-Azərbaycan münasibətlərinə böyük ziyan vuran 907-ci düzəlişin ləğvinin zəruriliyini Prezident Bill Klinton və ABŞ Konqresinin üzvləri ilə görüşlərdə onların diqqətinə çatdırdı.

907-ci düzəlişin qüvvəsinin müvəqqəti də olsa tam dayandırılması üçün imkan 11 sentyabr 2001-ci il hadisələrindən sonra yarandı. Azərbaycan antiterror koalisiyasına qoşularaq ABŞ-ın Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlarda bu ölkənin təyyarələrinə öz hava ərazilərindən istifadəyə icazə verməklə kömək göstərdi. Həmin əlaqələr çərçivəsində hərbi əməkdaşlığın genişləndirilməsi ehtiyacı yarandı. Beləliklə də ABŞ Prezidenti Corc Buş 2002-ci ilin yanvarında 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar verdi. ABŞ prezidentləri həmin tarixdən etibarən düzəlişin tətbiqindən imtina etsələr də, 2023-cü ildə qəbul edilən “Ermənistanı müdafiə aktı” çərçivəsində 2024-2025-ci illərdə ABŞ Prezidentinin bu aktın tətbiqini dayandırmaq səlahiyyəti də ləğv edildi.

ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda uzunmüddətli münaqişənin həllinə doğru atılan ən mühüm addımlardan biri kimi tarixə yazıldı. Tarixi görüşün əsas nəticələri sülh sazişinin paraflanması, regionda yeni nəqliyyat-logistika reallıqlarının formalaşdırılması və yeni əməkdaşlıq perspektivlərinin açılması oldu. Görüş zamanı ABŞ administrasiyası tərəfindən uzun müddətdən bəri müzakirə olunan 907-ci düzəlişin dayandırılması ilə bağlı qərarın verilməsi də rəsmən elan edildi. Azərbaycan Prezidenti İlham Əliyev bu qərarı "33 il sonra ədalətin bərpası" kimi qiymətləndirdi.

907-ci düzəliş ABŞ tərəfindən hələ ki, ləğv edilməyib, sadəcə olaraq bir il müddətinə dondurulub. ABŞ qanunvericiliyinə görə, düzəliş yalnız onu qəbul edən orqan - Konqres tərəfindən ləğv edilə bilər. Prezidentin isə düzəlişi bir il müddətinə dondurmaq səlahiyyəti var. Heç bir blokadanın olmadığı, Azərbaycanla Ermənistan arasında sülh, normallaşma prosesinin davam etdiyi, kommunikasiyaların açılması məsələsinin müzakirə olunduğu, ticarət əlaqələrinin bərpa edildiyi bir vaxtda heç bir əsası olmayan 907-ci düzəlişin ləğvi çox vacib məsələdir. Nəhayət, haqsızlığa, ədalətsizliyə son qoyulmalıdır.

Hazırda 907-ci düzəlişin ləğv edilməsi istiqamətində Konqresin özündə də müəyyən işlər aparılır. ABŞ Konqresinin üzvü Anna Paulina Luna bildirib ki, Azərbaycana verilən hərbi və maliyyə yardımlarını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğv olunması vacibdir. Bu məqsədlə qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib. Qeyd edək ki, artıq bu barədə Konqresin saytında da məlumat yerləşdirilib. Luna bu addımın ABŞ-ın regional siyasətdə daha çevik hərəkət etməsinə imkan yaradacağını vurğulayıb. Onun sözlərinə görə, hazırkı məhdudiyyətlər mövcud reallıqlara uyğun deyil və tərəfdaşlıq əlaqələrinə əngəl törədir.

Qeyd etmək lazımdır ki, son 1-2 ildə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan və Ermənistan əməkdaşlığa başlamış və bu əməkdaşlıq müsbət nəticələr vermişdir: 2023-cü ilin sonlarında Ermənistanın COP29 beynəlxalq tədbirinə ev sahibliyi etməklə bağlı namizədliyi geri götürərək Azərbaycanın namizədliyini dəstəkləməsi xatırlana bilər. Bundan başqa, ötən ilin avqust ayında Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət etdilər. Nəticədə ATƏT Minsk Prosesini və əlaqədar strukturları bağladı və beləliklə Minsk qrupu tarixin arxivinə gömüldü. Eynilə, 907-ci düzəliş də artıq aktual deyil və Azərbaycan ilə Ermənistan arasında düşmənçiliyin bitməsi naminə onun ləğvi məntiqli addım olardı. Rəsmi İrəvan da bu maddənin ləğvinə dəstək verməklə xoş niyyətini göstərə və regionda uzunmüddətli sülhün və sabitliyin güclənməsinə yardım edə bilər.

Sevinc Azadi, “İki sahil”