08 iyul 2026 19:05
139

Şərqin ilk elektrik qatarı və bir əsrlik memarlıq incisi

"Şəhərsalma və Memarlıq İli"nin işığında

1926-cı il iyulun 6-da təntənəli şəkildə qapılarını sərnişinlərin üzünə açan, tarixi "Sabunçu" vağzalının əsas binası artıq bir əsrdir ki, Bakının memarlıq simasını bəzəyir

Azərbaycanın dəmir yolu stansiyaları: Keçmişin əks-sədası

Respublikanın iqtisadiyyatında, mədəniyyətində və gündəlik həyatında mühüm rol oynayan Azərbaycanın dəmir yolu nəqliyyatı çox böyük və zəngin tarixə malikdir. Ölkəmizdə dəmir yollarının yaranması neft sənayesinin tarixi ilə ayrılmaz şəkildə bağlıdır. XIX əsrin ortalarında Bakıda neft daşıyan çənlərin sayı 10 minə çatmışdı və onların neftlə yüklənmiş arabaları Abşeron landşaftının bir hissəsinə çevrilmişdi. Bu minvalla Bakıda neft sənayesinin yaranması və inkişafı neft yataqlarını neft emalı zavodları ilə birləşdirən dəmir yolu xəttinin çəkilməsini məsələsini aktuallaşdırdı. 1878-ci ildə Bakı şəhərini neft mədənləri ilə birləşdirən 25,2 verstlik dəmir yolunun tikintisinə icazə verildi. “Neft yatağı” adlanan bu xətlərin tikintisi 1879-cu ilin sonlarında başa çatdırıldı. 1880-ci il yanvarın 20-də Azərbaycanda ilk dəmir yolu xətti olan Bakı-Sabunçu-Suraxanı dəmir yolunun təntənəli açılışı oldu. Elə həmin il Bakıda ilk dəmir yolu deposu tikildi.

Dəmir yolu şəbəkələrinin mühüm hissəsini dəmir yolu stansiyaları təşkil edirdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində dəmir yolu stansiyalarının memarlıq üslubu öz monumentallığı və incəliyi ilə seçilirdi. Çox vaxt iri şəhərlərdə və ya əsas yerlərdə yerləşən böyük və möhtəşəm stansiyalar öz miqyası, zərif fasadları və tanınan memarlığı ilə seçilirdi. Bu binalar öz gözəlliyi ilə diqqəti cəlb edən şəhərin əsl simvolu idi. O dövrün dəmir yolu stansiyalarının memarlığının xarakterik xüsusiyyətlərindən biri tikintidə üslubların sintezi idi. Bu, binalara sabitlik və etibarlılıq, eləcə də mürəkkəb və zərif görünüş verirdi. Stansiyaların daxili bəzəyi də dəbdəbəsi ilə diqqət çəkirdi. Hündür tavanlar, mərmər döşəmələr və sütunlar, bədii bəzək - bütün bunlar zəngin ab-hava yaradırdı. Foyelər və gözləmə otaqları bahalı mebel və dekorativ elementlərlə təchiz edilmişdi ki, bu da sərnişinlərin stansiyada rahat və xoş vaxt keçirməsini təmin edirdi. Azərbaycan memarlığının tədqiqatçısı Ş.Fətullayev-Fiqarovun materiallarına görə, Azərbaycanın əsas dəmir yolu və vağzal binaları 1881-ci ildə Sankt-Peterburqda layihələndirilib. Bakı, Hacıqabul, Xaçmaz və Gəncə (ovaxtkı Yelizavetpol) kimi əsas stansiyaların binaları və əraziləri ayrıca layihələr üzrə tərtib olunub. Eyni zamanda, Azərbaycanda bir çox dəmir yolu və vağzal binaları Şərq üslubunda dizayn edilib, tikintidə yerli materiallardan istifadə olunub.

Bakı dəmir yolu kompleksi üç stansiya binasından ibarət idi: 1883-cü ildə tikilmiş Tiflis stansiyası, ötən əsrin 20-ci illərinin əvvəllərinə aid Sabunçu stansiyası və 60-70-ci illərin Bakı-Sərnişin stansiyası. Kompleks digər oxşar tikililərdən təkcə fasadların və interyerlərin memarlıq tərtibatına görə deyil, həm də binanın xarakterinə və miqyasına görə əhəmiyyətli dərəcədə fərqlənirdi.

Neft bumu və Şərqin ilk "Elektriçka"sı

Azərbaycanda XIX əsrin sonunda dəmir yolu nəqliyyatının inkişafı ilə əlaqədar monumental vağzal binalarının inşası günün tələbinə çevrilmişdi. Məhz bu dövrdə Cənubi Qafqazın mühüm nəqliyyat qovşağı olan Bakıda “Tiflis” vağzalının unikal binası tikilmişdi. Buradan qatarlar həm Bakıətrafı kəndlərə, həm də regionun müxtəlif şəhərlərinə hərəkət edirdi. Neft bumu zamanı ərsəyə gələn vağzal binası Bakı şəhərinin nəqliyyat qovşağında dominant elementə çevrilmişdi. Bu vağzaldan neftçilər, müxtəlif sənaye sahələrində çalışan işçilər, şəhərətrafı məktəblərin müəllimləri və həkimlər mənzil başına çatmaq üçün yola düşürdülər.

1920-ci illərin əvvəllərindən artan sərnişindaşıma fonunda yeni vağzal binasının tikintisi zərurəti yaranmışdı. Həmin illərdə “Tiflis” vağzalı və Vağzal meydanı ansamblını tamamlayan yeni “Sabunçu” vağzalı inşa edildi. Əsində, “Sabunçu” vağzalı Azadlıq prospektindəki möhtəşəm vağzal binasından əvvəl mövcud idi. 1926-cı ilədək buradan şəhərətrafı ərazilərə gün ərzində buxarla işləyən 10-dan çox qatar saatda 16 kilometr sürətlə hərəkət edirdi. Bu parovozlar Sabunçudakı neft mədənlərinin yaxınlığında yerləşən fəhlə qəsəbələrini şəhər mərkəzi ilə birləşdirirdi. Bakı–Sabunçu yolunun əsas məqsədi Bakı neftinin daşınması və neft mədənlərində çalışan işçilərin hərəkətini təmin etmək idi. İlkin olaraq Suraxanıyadək çəkilməsi planlaşdırılan 20 kilometrlik dəmir yolu xətti “Bakı–Sabunçu–Suraxanı” adlandırılmalı idi. Lakin bu təşəbbüsün maliyyə baxımından rentabelli olmaması səbəbindən layihənin planında dəyişiklik edildi. Qatarların Sabunçuya ən yaxşı halda saat yarıma çatması nəzərə alınaraq, xəttin Suraxanıya qədər davam etdirilməsi məqsədəuyğun hesab edilmədi. Lakin hər şey xətlərin elektrikləşdirilməsindən sonra dəyişdi.

Hələ 1901-ci ildə Bakı yaxınlığındakı Bibiheybət kəndində elektrik stansiyası inşa edilmişdi. Məhz bu stansiyanın modernləşdirilməsindən sonra 1924-cü ildə onun resurslarının dəmir yollarının elektrikləşdirilməsinə yönəldilməsi barədə qərar verildi. Bu, təkcə Azərbaycan üçün unikal layihə deyildi. Belə ki, bu vaxtadək SSRİ-də ümumiyyətlə, elektrik qatarı yox idi. Sakit okeandan Qara dənizə qədər olan ərazidə ilk elektrikləşdirilmiş dəmir yolu məhz 1926-cı ildə Bakıda çəkildi. Elektrikləşmə işləri yekunlaşdıqdan sonra Bakı–Sabunçu xəttində sürət saatda 30 kilometrə çatdırıldı, qatarların hərəkət intervalı isə 17 dəqiqəyə endirildi. Artıq Bakı–Sabunçu elektrikləşdirilmiş dəmir yolunun qatarları lokomotiv, iki qoşma vaqon və poçt-baqaj vaqonundan ibarət idi. Beləliklə, bir vaxtlar tikintisi məqsədəuyğun hesab edilməyən Sabunçu–Suraxanı xətti işə salındı. Tezliklə Bakı ilə Sabunçunu birləşdirən elektrikləşdirilmiş dəmir yolu xətti bütün Abşeron yarımadasını, bir müddət sonra isə Azərbaycanın əksər bölgələrini əhatə etdi.

Nikolay Bayev İmzası: Şərq möhtəşəmliyi və qərb funksionallığı

Onu da qeyd edək ki, “Sabunçu” vağzalı, görkəmli mülki mühəndis və memar Nikolay Georgiyeviç Bayev tərəfindən layihələndirilmişdir. 1926-cı ildə inşa edilən bu bina milli Azərbaycan memarlığının möhtəşəm və dəqiq nümunələrindən biri hesab olunur. Vağzal kompleksi gözləmə zalı, bilet kassaları və xidməti otaqlarla təchiz edilmişdi. Bakıda bir çox bənzərsiz layihələrə imza atmış (o cümlədən indiki Opera və Balet Teatrının binası) Nikolay Qriqoryeviç Bayev texnoloji yeniliyi vizual bir sənət əsərinə çevirməyi bacardı. O, binanı layihələndirərkən Şirvanşahlar sarayının memarlıq üslubundan, Azərbaycanın milli naxış və şəbəkə elementlərindən ilham almışdı. Fasaddakı zərif daş oymaları, oxvari tağlar və pəncərələrin relyefləri binaya saray əzəməti bəxş edirdi. Binanın ümumi silueti klassik Qərb vağzalları kimi soyuq deyil, Şərq memarlığının istiliyinə və ritminə malik idi. Daxili interyer isə o dövrün sərnişin axınını idarə edə biləcək şəkildə geniş və funksional qurulmuşdu.

Dəyişən zaman və köhnəlməyən abidə

1970-ci illərə gəldikdə, Bakının böyüməsi və sərnişin sayının kəskin artması yeni bir binanın tikintisini qaçılmaz etmişdi. Nəticədə yan tərəfdə, "28 May" metro stansiyasının çıxışında "sovet modernizmi" üslubunda nəhəng, şüşəli yeni vağzal binası ucaldıldı. Bir çox tarixi binaların taleyindən fərqli olaraq, “Sabunçu” vağzalı sökülmədi və unudulmadı. Zamanın sınağından keçən bu tikili, memarlıq abidəsi kimi qorundu. Bu gün “Sabunçu” vağzalının binası rəsmən dövlət tərəfindən qorunan yerli əhəmiyyətli memarlıq abidələri siyahısındadır və "Azərbaycan Dəmir Yolları" QSC-nin balansındadır. Bir neçə il əvvəl binada dövlət səviyyəsində yüksək zövqlə bərpa və yenidənqurma işləri aparıldı. Daş divarlar təmizləndi, tarixi detallar bərpa olundu. Bu gün “Sabunçu” vağzalı şəhər sakinlərinin və turistlərin ən sevdiyi məkanlardan biridir. Binanın bir hissəsində müasir mağazalar fəaliyyət göstərsə də, onun qəlbi Azərbaycan Dəmir Yolu Muzeyi ilə döyünür. Muzeyə daxil olan hər bir kəs divarların arxasındakı o 100 illik enerjini, parovozların fit səsini və Şərqin ilk müasir nəqliyyat qovşağının ab-havasını hiss edə bilir. Bu Muzey keçmişlə gələcəyin kəsişdiyi xüsusi bir məkandır. Yenidənqurmadan sonra bu tarixi binada həm nadir arxiv materialları, həm də interaktiv texnologiyalar mükəmməl şəkildə sintez olunub və qorunur.

Sevinc Azadi, “İki sahil”