Ölkəmizdə bərpaolunan enerji sahəsi son illər dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ölkəmiz həm külək, həm Günəş, həm də su elektrik potensialına malik olmaqla yanaşı, bu sahədə uzunmüddətli və ardıcıl strategiya formalaşdırmışdır. Bərpaolunan enerji layihələri yalnız enerji təhlükəsizliyini gücləndirmir, həm də ekoloji dayanıqlığın təmin olunmasına, yaşıl enerji ixracının genişləndirilməsinə və iqtisadi inkişafın sürətlənməsinə xidmət edir. Azərbaycanın bu sahədə həyata keçirdiyi müasir enerji infrastrukturu və innovativ layihələr regionda lider mövqeyə yüksəlmək üçün möhkəm təməl yaradır.
Yanvarın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı ölkəmizin enerji tarixində əlamətdar hadisə kimi yadda qaldı. Bu stansiyanın istifadəyə verilməsi Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafına verdiyi strateji önəmi, enerji təhlükəsizliyinə yönəlmiş ardıcıl siyasəti və ekoloji dayanıqlığı təmin etmək məqsədini nümayiş etdirir. Gücü 240 meqavat olan bu müasir stansiya ölkəmizin enerji balansını gücləndirməklə yanaşı, iqtisadi inkişafın sürətlənməsinə və “yaşıl enerji” strategiyasının reallaşmasına da mühüm töhfə verəcək. Prezident İlham Əliyev açılış mərasimində layihənin icrasında əməyi olan bütün şəxslərə və “ACWA Power” şirkətinə təşəkkürünü bildirdi, ölkəmizdə bərpaolunan enerji sahəsində gələcək planların uğurla həyata keçiriləcəyini vurğuladı.
Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və inkişafı son illər dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilmişdir. Son 20 ildə ölkəmizin enerji infrastrukturu, o cümlədən generasiya gücləri, iri yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Bu müddət ərzində yaradılan yeni generasiya gücləri əvvəlki dövrlərlə müqayisədə təxminən üç dəfə artaraq ümumi generasiya gücünü 10 min meqavata çatdırmışdır ki, bu da tarixi rekord hesab olunur. Növbəti illərdə bərpaolunan enerji generasiya güclərinin artırılması planlaşdırıldığından bu rəqəm daha da yüksələcək və bu, həm artan daxili tələbatın etibarlı şəkildə təmin olunmasına, həm də elektrik enerjisinin daha böyük həcmdə ixracına imkan verəcəkdir. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavat olub və bu gün Azərbaycan enerji təminatı və enerji təhlükəsizliyi baxımından özünü tam rahat hiss edir. Dövlət başçısı qeyd etdi ki, bərpaolunan enerji sahəsində də mühüm addımlar atılır. Bu yaxınlarda 230 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası isə artıq fəaliyyətə başlamışdır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda üç Günəş Elektrik Stansiyasının inşası davam edir və onların ümumi potensialı 340 meqavat təşkil edir. Bu layihələr Azərbaycanın enerji strategiyasının davamlı və balanslı şəkildə inkişaf etdiyini, həm ənənəvi, həm də bərpaolunan enerji mənbələrinin paralel inkişaf etdirildiyini açıq şəkildə nümayiş etdirir. Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir: ”Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət edirəm.”
Azərbaycanda formalaşmış əlverişli investisiya iqlimi ölkəmizin uzunmüddətli və düşünülmüş iqtisadi siyasətinin real nəticəsidir. Son illərdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkəmiz xarici investorlar üçün etibarlı və cəlbedici tərəfdaşa çevrilmişdir. Təsadüfi deyil ki, indiyədək Azərbaycana 300 milyard dollardan artıq xarici sərmayə cəlb olunmuşdur ki, bu da beynəlxalq biznes dairələrinin ölkəmizə olan yüksək etimadının bariz göstəricisidir.
Bu gün Azərbaycanın maliyyə vəziyyəti son dərəcə müsbətdir. Aparılan islahatlar və əldə edilmiş iqtisadi uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Nəticədə ölkəmizin kredit reytinqi artırılaraq investisiya səviyyəsinə və müsbət proqnoza malik statusa yüksəldilmişdir. Bu göstəricilər investorlar üçün risklərin minimuma endirildiyini və Azərbaycanın iqtisadi mühitinin sabit və perspektivli olduğunu açıq şəkildə nümayiş etdirir.
Ölkəmizdə bərpaolunan enerji potensialı sürətlə artır və bu, bizə enerjini saxlamaq üçün müasir infrastrukturun yaradılmasını tələb edir. Bu məqsədlə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi ölkəmizdə istifadəyə veriləcək. İlk layihənin həcmi 250 meqavatdır və “AzərEnerji” öz vəsaiti hesabına bu sistemi icra edir. Artan enerji potensialı gələcəkdə daha çox Batareya Enerji Saxlanc Sistemlərinin yaradılmasını zəruri edir. Son beş ildə Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına təxminən 40 kiçik su elektrik stansiyası inşa edilib və onların ümumi gücü 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərdə isə hazırlanmış xəritəyə əsasən təqribən 500–600 meqavat gücündə kiçik su elektrik stansiyalarının inşası nəzərdə tutulur. Bu layihələr ölkəmizin enerji müstəqilliyini gücləndirəcək və bərpaolunan enerji sahəsində yeni dövrün əsasını qoyacaq. Dövlət başçımız bildirib ki, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir: “Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir.”
Şəmsiyyə Əliqızı, “İki sahil”