09 yanvar 2026 16:21
170

Yaşıl enerjiyə keçid prioritet istiqamətlərimizdən biridir

Azərbaycan əlverişli coğrafi mövqeyi, relyefin müxtəlifliyi və zəngin yeraltı sərvətləri ilə hər zaman diqqət mərkəzində olmuşdur. Məlum olduğu kimi, ölkəmiz köklü enerji ənənələrinə sahibdir. Artıq üç əsrdir bu torpaqlarda neft istehsalı fonunda enerji ixracı həyata keçirilir. Tarixi ənənələrinə sadiq qalan Azərbaycan bu gün də dünyanın aparıcı enerji ixracatçıları sırasındadır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir enerji strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni bərpa olunan enerji mənbələri, bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın enerji siyasətinin diversifikasiyasının göstəricisidir.    Bu mənada, yanvarın 8-də "Xızı - Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi ölkəmizin enerji tarixində mühüm mərhələ kimi yadda qaldı. Möhtərəm Cənab Prezident İlham Əliyevin mərasimdə etdiyi çıxış Azərbaycanın uzunmüddətli və uzaqgörən enerji strategiyasının mahiyyətini, xüsusilə də bərpaolunan enerji sahəsində olduqca qısa müddətdə əldə edilən nailiyyətlərin dərin məzmunu bir daha nümayiş etdirdi. Yeni elektrik stansiyasının əhəmiyyətinə diqqət çəkən ölkə rəhbəri qeyd etdi ki, "bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsini qeyd edirik. Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır. 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir.

2022-ci ilin yanvar ayında bu stansiyanın təməlini qoymuşduq. Bu illər ərzində fəal iş aparılmışdır və bu gün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. İlk növbədə, bu stansiyanın tikintisində əməyi keçmiş bütün insanlara, şirkətlərə təşəkkürümü bildirmək istəyirəm, ilk növbədə, investor olan “ACWA Power” şirkətinə, onun rəhbərliyinə. Bu, “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Onu da bildirməliyəm ki, “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır".

Qeyd etmək lazımdır ki, “ACWA Power” Səudiyyə krallığının aparıcı şirkətlərindən biridir və onlar bu sahədə olduqda gücü potensiala malikdir. Bu şirkət gələcəkdə ölkəmizdə dənizin suyunun duzsuzlaşdırılması prosesini həyata keçirəcək. Bu isə həm içməli suya olan tələbatı, həm də kənd təsərrüfatı üçün zəruri olan mənbənin formalaşmasına şərait yaradacaq.  Azərbaycanda yaşıl enerjiyə keçid prioritet istiqamətlərdən biridir. Ekoloji təmiz enerji mənbələrinin inkişaf etdirilməsi həm geniş iqtisadi perspektivlər vəd edir, həmdə sağlam gələcək üçün zəruri mühit formalaşdırır. Çünki Azərbaycan 2024 -cü ildə COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə özünün strateji yol xəritəsini bir daha təsdiq etdi. 

Dövlət başçısı enerji sistemimizin yenilənməsindən bəhs edərək diqqətə çatdırdı ki, "Son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək".

Bütün bunlar onu göstərir ki, Azərbaycanın enerji siyasəti milli maraqlara söykənən, qlobal çağırışlara cavab verən və gələcəyə hesablanmış strateji xətdir. Məhz bu uğurlu strategiya sayəsində Azərbaycan bu gün enerji sahəsində söz sahibi olan və yaşıl enerji potensialı ilə diqqət mərkəzində olan dövlətdir.

Günay Ağamalı,
Milli Məclisin deputatı