Biz çox vaxt uşaqlarımızın davranışlarını qınayır, onları zərərli vərdişlərə görə mühakimə edirik. Amma gəlin etiraf edək ki, bəlkə də problem uşaqlarda deyil, bizim onlara təqdim etdiyimiz, hər addımı rəqabət, stress və yüksək gözləntilərlə dolu olan bu müasir dünyadadır? Müasir yeniyetmə üçün pis vərdiş sadəcə bir maraq deyil, bəzən dözülməz görünən reallıqdan bir “çıxış qapısı” və ya emosional ağrıkəsicidir. Uşaqlar nədən bu vərdişlərin dumanı arxasında gizlənirlər? Ailədəki səssizlikdənmi, imtahan həyəcanındanmı, yoxsa özünü heç yerə aid hiss etməmək boşluğundanmı?
Psixoloq Nahidə Axundova “İki sahil”ə açıqlamasında bu gərginliyin pərdəarxası məqamlarına, uşaqları uçuruma sürükləyən gizli səbəblərə və çıxış yollarına aydınlıq gətirdi.
-Nahidə xanım, niyə məhz məktəb illəri zərərli vərdişlərə başlamaq üçün ən riskli dövr hesab olunur? Bu yalnız maraqdır, yoxsa onun altında daha dərin psixoloji səbəblər yatır?
- Əslində, məktəb illəri uşağın fərd olaraq özünü təsdiq etmək istədiyi ən kritik keçid dövrüdür. Bu dövrdə riskin yüksək olmasını yalnız maraqla izah etmək məsələyə çox bəsit yanaşmaq olardı. Burada bir neçə təməl və dərin səbəb var. Birincisi, məsələnin bioloji tərəfidir. Yeniyetmə beyni hələ tam formalaşmayıb. Duyğulara və həzzə cavabdeh olan mərkəzlər çox sürətlə inkişaf etdiyi halda, məntiqi qərarlara və nəticələri hesablamağa cavabdeh olan beynin ön hissəsi-prefrontal korteks inkişafını gec tamamlayır. Yəni, yeniyetmələrin beynində impulsları sürətləndirən “sürətləndirici mexanizm” daha aktiv olsa da, davranışı tənzimləyən nəzarət sistemi hələ kifayət qədər inkişaf etməyib və bu da onları bioloji baxımdan risklərə qarşı daha həssas edir.
-Uşağın zərərli vərdişlərə meyilliliyi ilə onun ailədəki mövqeyi arasında necə bir əlaqə varmı? Bəzən deyirlər ki, “xoşbəxt uşaq pis vərdişə meyil etməz”. Bu fikirlə razısınızmı?
-Uşağın zərərli vərdişlərə meyilliliyi ilə onun ailədəki mövqeyi arasında birbaşa və güclü əlaqə mövcuddur. Ailədə özünü dəyərli, dinlənilən və dəstəklənən hiss edən uşaq adətən riskli davranışlara daha az meyil göstərir. Emosional boşluq, diqqət çatışmazlığı, həddindən artıq sərt və ya laqeyd münasibət isə uşağın özünü təsdiqləmək və ya daxili gərginliyi azaltmaq üçün zərərli vərdişlərə yönəlməsinə zəmin yarada bilər. “Xoşbəxt uşaq pis vərdişə meyil etməz” fikri müəyyən mənada doğrudur, lakin bunu mütləq həqiqət kimi qəbul etmək olmaz. Xoşbəxtlik uşağı qoruyan mühüm amildir, amma təkbaşına kifayət etmir. Sosial mühit, dost çevrəsi, yeniyetməlik dövrünün psixoloji xüsusiyyətləri və düzgün nəzarət mexanizmlərinin olub-olmaması da böyük rol oynayır. Yəni, əsas məsələ yalnız “xoşbəxt uşaq” yetişdirmək deyil, eyni zamanda, ona sağlam ünsiyyət, düzgün dəyərlər və təhlükəsiz seçim bacarıqları qazandırmaqdır.
-Bu gün yeniyetmələr arasında enerji içkiləri və elektron siqaretlər “dəb” halını alıb. Psixoloji olaraq bu maddələrin uşaqlara verdiyi saxta “özünəinam” hissi nədən qaynaqlanır?
- Yeniyetmələrdə enerji içkiləri və elektron siqaretlərin yaratdığı saxta “özünəinam” hissi əsasən psixoloji və sosial mexanizmlərdən qaynaqlanır. Bu maddələr bir tərəfdən beynin mükafat sistemini stimullaşdıraraq qısamüddətli rahatlıq, canlanma və “güclü olma” illüziyası yaradır. Yeniyetmə bunu öz daxili gücü kimi qəbul edir, halbuki bu təsir xaricdən verilən kimyəvi stimuldur və müvəqqətidir. Yeniyetmə hələ formalaşmaqda olan şəxsiyyətini təsdiqləmək üçün bu cür davranışları özünəinam göstəricisi kimi qəbul edir. Əslində isə bu, daxili güvənin zəifliyini kompensasiya etmək cəhdidir. Yəni, uşaq özünəinamı daxildən deyil, maddənin yaratdığı hissdən və ətrafın reaksiyasından alır ki, bu da onu daha asanlıqla asılılığa və riskli davranışlara sürükləyə bilər.
-Valideynlər uşağın siqaret çəkdiyini və ya zərərli bir şey etdiyini öyrənəndə adətən ilk reaksiya qışqırmaq və ya cəzalandırmaq olur. Bu reaksiya uşağı o vərdişdən uzaqlaşdırır, yoxsa daha da gizliliyə sövq edir?
-Adətən qışqırmaq və sərt cəza vermək uşağı zərərli vərdişdən uzaqlaşdırmır, əksinə, onu daha çox gizliliyə və müdafiə mövqeyinə sövq edir. Belə reaksiya zamanı uşaq davranışının yanlışlığını anlamaqdan çox, tutulmaq qorxusu yaşayır və növbəti dəfə bunu daha gizli şəkildə etməyə çalışır. Sərt reaksiya, eyni zamanda, valideyn-uşaq arasında etimadı zəiflədir. Uşaq özünü başa düşülməyən və mühakimə olunan biri kimi hiss etdikdə problemini paylaşmaqdan çəkinir. Daha effektiv yanaşma sakit, açıq və mühakiməsiz dialoqdur. Valideyn uşağın nə üçün bu davranışa yönəldiyini anlamağa çalışmalı, nəticələri izah etməli və onu dəstəklədiyini göstərməlidir. Məhz bu halda uşaq davranışını dəyişmək üçün daxili motivasiya qazana bilər.
-Sosial şəbəkələrdəki hansı trendlər məktəbliləri pis vərdişlərə stimullaşdırır?
-Sosial şəbəkələrdə yayılan bəzi trendlər məktəbliləri pis vərdişlərə stimullaşdıra bilir. Xüsusilə riskli davranışları, əyləncəli və cəlbedici şəkildə təqdim olunması, elektron siqaret, enerji içkiləri və alkoqoldan istifadənin “cool” və ya “dəb” kimi göstərilməsi uşaqlarda bu davranışlara maraq yaradır. Populyar influenserlərin və rol modellərinin zərərli vərdişləri adi və normal həyat tərzi kimi nümayiş etdirməsi də məktəblilərin onları təqlid etməsinə səbəb olur. Bununla yanaşı, sosial şəbəkələrdə yaradılan süni uğur və özünəinam görüntüsü, filtrli və reallıqdan uzaq paylaşımlar yeniyetmələrdə riskləri düzgün qiymətləndirmə qabiliyyətini zəiflədir. Musiqi klipləri və əyləncə məzmunlarında zərərli maddələrin tez-tez nümayiş etdirilməsi isə bu davranışların təhlükəli deyil, adi bir seçim kimi qəbul olunmasına yol açır. Nəticədə sosial şəbəkə trendləri uşaqların psixoloji zəifliklərindən istifadə edərək onları pis vərdişlərə daha həssas hala gətirir.
-Zərərli vərdişə aludə olmuş bir uşağı bu yoldan qaytarmaq üçün “qızıl qayda” varmı? Cəmiyyət olaraq harada səhv edirik? Məktəblini qorumaq üçün yalnız qadağalar kifayətdirmi?
-Zərərli vərdişə artıq aludə olmuş bir uşağı bu yoldan qaytarmaq üçün tək və universal bir “qızıl qayda” yoxdur. Lakin ən vacib prinsip cəzalandırmaq yox, anlamaq və dəstək olmaqdır. Cəmiyyət olaraq əsas səhvlərimizdən biri problemi çox vaxt gec fərq etməyimiz və yalnız nəticəyə reaksiya verməyimizdir. Profilaktika, psixoloji maarifləndirmə və açıq dialoq əvəzinə qadağa və cəzalandırma üsuluna üstünlük veririk. Bu isə uşaqları daha çox gizlənməyə, problemi təkbaşına yaşamağa məcbur edir.
Məktəblini qorumaq üçün təkcə qadağalar kifayət deyil. Qadağa davranışı müvəqqəti dayandıra bilər, amma səbəbi aradan qaldırmır. Ən effektiv yanaşma ailə, məktəb və cəmiyyətin birgə iştirakı ilə uşaqlarda sağlam seçim bacarıqları, özünəinam və risklərə qarşı psixoloji davamlılıq formalaşdırmaqdır. Uşaq nəyi etməməli olduğunu deyil, niyə etməməli olduğunu başa düşəndə real dəyişiklik mümkün olur.
Şəmsiyyə Əliqızı, “İki sahil”