09 yanvar 2026 16:12
166

Kamran Bayramov: Azərbaycanın enerji strategiyasında mühüm mərhələ...

8 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji siyasətində mühüm mərhələ kimi yadda qaldı. Bu hadisə ölkəmizin bərpa olunan enerji mənbələrinin inkişafına verdiyi strateji önəmin, eləcə də ekoloji dayanıqlığa və enerji təhlükəsizliyinə yönəlmiş ardıcıl siyasətin bariz nümunəsi oldu. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən bu layihə Azərbaycanın “yaşıl enerji” kursunun real nəticələr verdiyini nümayiş etdirməklə yanaşı, regionda müasir və innovativ enerji istehsalının genişlənməsinə yeni imkanlar açdı.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, ölkəmizin enerji potensialını daha da gücləndirəcək “Xızı-Abşeron” Külək Elektrik Stansiyası bu gün artıq rəsmi olaraq fəaliyyətə başlayır. Bu əlamətdar hadisə Azərbaycanın enerji tarixində mühüm mərhələ olmaqla yanaşı, bərpa olunan enerji sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti real nəticəsidir. Gücü 240 meqavat olan stansiya ölkəmizin ümumi enerji balansına mühüm töhfə verməklə yanaşı, iqtisadi inkişafın sürətlənməsinə və ekoloji dayanıqlığın təmin olunmasına xidmət edəcəkdir. Qeyd edək ki, 2022-ci ilin yanvar ayında təməli qoyulan bu layihə qısa müddət ərzində uğurla icra olunmuş və bu gün artıq istismara verilir. Prezident İlham Əliyev çıxışında stansiyanın tikintisində əməyi olan bütün insanlara və şirkətlərə təşəkkürünü bildirib, xüsusilə investor kimi çıxış edən “ACWA Power” şirkətinin rolunu vurğulayıb. Bu, “ACWA Power” şirkətinin Azərbaycanda inşa etdiyi ilk bərpa olunan enerji stansiyasıdır, lakin sonuncu deyil. Şirkətin ölkəmizlə bağlı daha geniş planları mövcuddur və Azərbaycan dövləti bu təşəbbüsləri tam şəkildə dəstəkləyir. Dövlət başçısı qeyd edib ki, “ACWA Power” bərpa olunan enerji sahəsində dünyada aparıcı şirkətlərdən biridir və Azərbaycan qurumları ilə sıx əməkdaşlıq şəraitində yeni layihələrin həyata keçirilməsində maraqlıdır. Bu əməkdaşlığın davamı olaraq, ölkəmizdə ilk dəfə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi də məhz bu şirkət tərəfindən investor qismində icra ediləcəkdir. Bütün bunlar Azərbaycanın “yaşıl enerji” strategiyasının uğurla reallaşdığını və ölkəmizin regional enerji mərkəzi kimi mövqelərini daha da möhkəmləndirdiyini bir daha təsdiqləyir.
Deputat qeyd edib ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və davamlı inkişafı son illərdə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində ölkənin enerji infrastrukturu köklü şəkildə yenilənmiş, generasiya gücləri, iri yarımstansiyalar və ötürücü xətlər müasir standartlara uyğunlaşdırılmışdır. Son 20 il ərzində yaradılan yeni generasiya gücləri əvvəlki dövrlərlə müqayisədə təxminən üç dəfə artmış, ümumi generasiya gücü 10 min meqavata çataraq tarixi rekord səviyyəyə yüksəlmişdir. Eyni zamanda, qarşıdakı illərdə bərpa olunan enerji sahəsində nəzərdə tutulan çoxsaylı layihələr bu göstəricinin daha da artacağını deməyə əsas verir. Bu isə Azərbaycana həm artan daxili tələbatı etibarlı şəkildə təmin etmək, həm də elektrik enerjisi ixracını genişləndirmək imkanı yaradacaq. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün ənənəvi və bərpa olunan enerji mənbələrinin paralel inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu yanaşmanın uğurlu nəticələri artıq özünü göstərir. Keçən il Mingəçevirdə istismara verilmiş, təxminən 2000 meqavat gücündə olan ənənəvi elektrik stansiyası Azərbaycanın enerji təminatını daha da gücləndirmişdir. Bununla yanaşı, bərpa olunan enerji sahəsində də mühüm addımlar atılmışdır. Bu yaxınlarda 230 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası isə fəaliyyətə başlamışdır. İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda hazırda ümumi gücü 340 meqavat olan üç Günəş Elektrik Stansiyasının inşası davam edir. Bütün bu layihələr Azərbaycanın enerji strategiyasının uzunmüddətli və balanslı xarakter daşıdığını, ölkəmizin həm enerji təhlükəsizliyini, həm də “yaşıl enerji” hədəflərini uğurla reallaşdırdığını aydın şəkildə nümayiş etdirir. 
K.Bayramov qeyd edib ki, Azərbaycanda formalaşmış əlverişli investisiya iqlimi ölkəmizin uzunmüddətli və düşünülmüş iqtisadi siyasətinin real nəticəsidir. Son illər həyata keçirilən islahatlar sayəsində Azərbaycan xarici investorlar üçün etibarlı və cəlbedici tərəfdaşa çevrilmişdir. Təsadüfi deyil ki, indiyədək ölkəmizə 300 milyard dollardan artıq xarici sərmayə cəlb olunmuşdur ki, bu da beynəlxalq biznes dairələrinin Azərbaycana olan yüksək etimadının bariz göstəricisidir. Hazırda ölkənin maliyyə vəziyyəti son dərəcə müsbət qiymətləndirilir. Aparılan ardıcıl iqtisadi islahatlar və əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirilmiş, nəticədə Azərbaycanın kredit reytinqi artırılaraq investisiya səviyyəsinə və müsbət proqnoz statusuna yüksəldilmişdir. Bu isə investorlar üçün risklərin minimuma endirildiyini və iqtisadi mühitin sabitliyini təsdiqləyir. Eyni zamanda, Azərbaycanın xarici borcu olduqca aşağı səviyyədədir və ümumi daxili məhsulun təxminən 6 faizindən bir qədər çox təşkil edir. Valyuta ehtiyatlarının xarici borcu 16-17 dəfə üstələməsi ölkəmizin maliyyə dayanıqlığının və iqtisadi təhlükəsizliyinin mühüm göstəricisidir. Məhz bu göstəriciyə görə Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasında yer alır. Bütün bu amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə sabitlik, etibarlılıq və mənfəət vəd edir. Ölkəmiz bu gün sərmayə yatırımı üçün son dərəcə əlverişli bir məkandır. Azərbaycanda siyasi, iqtisadi və sosial sabitlik hökm sürür, artıq beş ildir ki, ölkə rəsmi olaraq sülh şəraitində yaşayır və genişmiqyaslı quruculuq işləri aparılır. Məhz bu reallıqlar fonunda keçirilən tədbirlər xarici şirkətlərin Azərbaycana olan inamını bir daha nümayiş etdirir və bu inam tam əsaslıdır.
K.Bayramov əlavə edib ki, həyata keçirilmiş və planlaşdırılan layihələr göstərir ki, Azərbaycanın bərpa olunan enerji sahəsində inkişaf strategiyası ardıcıl, sistemli və uzunmüddətli xarakter daşıyır. Artan külək, Günəş və su elektrik potensialının səmərəli istifadəsi üçün müasir enerji saxlanma infrastrukturunun yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, ölkəmizdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sisteminin qurulması enerji təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsində mühüm addımdır. 250 meqavat gücündə ilk layihənin icrası ilə yanaşı, gələcəkdə bu sahədə xarici investorların da cəlb edilməsi Azərbaycanın açıq və çevik enerji siyasətinin göstəricisidir. 2030-2032-ci illəri əhatə edən dövrdə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası, eləcə də su elektrik stansiyalarının potensialının artırılması ölkənin ümumi generasiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəkdir. Qarabağ və Şərqi Zəngəzurda inşa edilən onlarla kiçik su elektrik stansiyası, eləcə də azad edilmiş ərazilərdə nəzərdə tutulan yeni layihələr Azərbaycanın enerji xəritəsini köklü şəkildə dəyişir. Vahid enerji şəbəkəsinin formalaşdırılması istehsal olunan enerjinin ölkə üzrə çevik və etibarlı paylanmasını təmin edir. Göründüyü kimi, Azərbaycan bərpa olunan enerji sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilməkdədir. Güclü generasiya imkanları, müasir enerji saxlanma sistemləri və inteqrasiya olunmuş şəbəkə infrastrukturu ölkəmizə həm daxili tələbatı tam ödəmək, həm də “yaşıl enerji”nin ixracı üçün geniş perspektivlər açır. Bu strategiya Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, dayanıqlı iqtisadi inkişaf və ekoloji məsuliyyət baxımından da mühüm əhəmiyyət kəsb edir.