09 yanvar 2026 15:42
133

Dayanıqlı enerji modeli real layihələr fonunda inkişaf edir

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışında mühüm məsələlərdən bəhs edib. Ölkəmizin həyatında bunun əlamətdar hadisə olduğunu qeyd edən dövlətimizin başçısı energetika strategiyası istiqamətində vacib hədəflərin də dayandığı vurğulayıb.

“İki sahil” xəbər verir ki, bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, ölkə başçısının da vurğuladığı kimi enerji potensialını gücləndirəcək 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafında mühüm mərhələ kimi qiymətləndirilir: “2022-ci ildə əsası qoyulan bu stansiya ölkəmizin enerji potensialını gücləndirməklə yanaşı ixrac imkanları üçün də mühüm amil hesab edilir. Bu “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır. Şirkətin ölkəmizlə əməkdaşlığı bundan sonra da davam edəcək və ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsində də investor kimi yer alacaqdır.

Son illər bərpaolunan enerji növlərinin böyük həcmdə ölkəmizin ümumi enerji sisteminə inteqrasiyası istiqamətində mühüm addımlar atılır. Proses bundan sonra da uğurla davam edəcəkdir. Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması istiqamətində xarici investorların cəlbi məsələsi aktualdır. Bununla yanaşı yerli şirkətlərin bu sahəyə marağı artır. Sözsüz ki, atılan bu addımlar Azərbaycanın enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi prosesinin tərkib hissəsidir.

Prezident İlham Əliyev də çıxışında bəyan etdi ki, son illər ərzində bu sahə əsas prioritetlərdən biri kimi qəbul edilib. Son 20 il ərzində ölkəmizin enerji sistemi, generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Növbəti illərdə də yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq ki, bu da Azərbaycanın enerji strategiyasının əhəmiyyətini bir daha nümayiş etdirir”.

Deputat bildirib ki, ölkə başçısının da vurğuladığı kimi Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə bu tip enerji stansiyalarının yaradılması nəzərdə tutulub: “Sözsüz ki, amil investisiya imkanları üçün də təşviqedicidir. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədiri. Ölkəmizdə investisiya üçün münbit şərait mövcuddur. Bunun nəticəsidir ki, ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə qoyulub. Mövcud maliyyə imkanları və inkişaf strategiyası, siyasi, iqtisadi və sosial sabitlik bunun üçün başlıca meyarlardan biridir.

Son beş ildə Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa olunub ki, bu ölkəmizin bərpa edilən və yaşıl enerjiyə olan marağının bariz nümunəsidir.

Prezidenti İlham Əliyev də ölkəmizin enerji strategiyasında bərpa olunan enerji mənbələrinin artan rolunu çıxışında bir daha bəyan edib. Bu mənada “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın yaşıl enerji hədəflərinə çatmasında mühüm addımdır və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək”.

Sevinc Hüseynova hesab edir ki, son illərdə Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində genişmiqyaslı layihələr həyata keçirilir: “Ölkəmiz bu istiqamətdə beynəlxalq tərəfdaşlarla, xüsusilə də “ACWA Power” kimi nüfuzlu şirkətlərlə əməkdaşlıq etməklə masir texnologiyaların cəlb olunmasına və ekoloji cəhətdən təmiz enerji istehsalının artırılmasına şərait yaradır. Məhz bu baxımdan da 240 MVt gücündə olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası regionda bərpa olunan enerji sahəsində ən iri layihələrdən biri hesab olunur. Layihənin reallaşması nəticəsində illik elektrik enerjisi istehsalının əhəmiyyətli dərəcədə artacağı, karbon emissiyalarının azalacağı və ətraf mühitin qorunmasına töhfə veriləcəyi gözlənilir. Sözsüz ki, bu stansiyanın açılışı Azərbaycanın enerji sektorunda beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilib və ölkənin “yaşıl enerji”yə keçid strategiyasının ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirib.

Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları bərpa olunan enerji mənbələri üzrə böyük potensiala malikdir və bu ərazilərin tam şəkildə “yaşıl enerji zonası”na çevrilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Azad edilmiş ərazilərdə günəş, külək və hidroenerji layihələrinin reallaşdırılması, enerji infrastrukturunun sıfırdan və müasir standartlara uyğun qurulması nəzərdə tutulur. Bu yanaşma həmin regionlarda dayanıqlı məskunlaşmanın təmin edilməsinə, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinə, eləcə də ekoloji tarazlığın qorunmasına xidmət edir.

Azərbaycanın 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılması, karbon neytrallığına keçid və iqlim dəyişiklikləri ilə mübarizə üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan addımlar da bu xüsusda mühüm önəm kəsb edir”.