Mütəxəssis: Müxtəlif yaş qrupuna uyğun olan və xüsusi hazırlıq tələb etməyən bu müntəzəm praktika yalnız bədəni möhkəmləndirmir, həm də insanın özünü daha yaxşı eşitməsinə kömək edərək mənəvi rifahın və həyat keyfiyyətinin artmasını təmin edir
Stresin və qayğıların gündən-günə artdığı müasir cəmiyyətimizdə insanlar fiziki və zehni sağlamlıqlarını qorunmaq üçün bir sıra yollara üz tuturlar. İnsanı həm fiziki, həm də mənəvi baxımdan yoran müasir dünyanın ritmi ilə uyğunlaşmağa kömək edən üsullardan biri də yoqadır. Yoqa təkcə məşq forması deyil, daxili tarazlığa və zehni sakitliyə aparan zərif bir yol kimi ön plana çıxır. Hindistanda meydana gəlmiş və yaranma tarixi minilliklərə söykənən bu fəlsəfə bu gün də insanın özünə qayıdış ideyasına xidmət edir.
Yoqa bədənin elastikliyini və dözümlülüyünü artırmaqla yanaşı, nəfəs və hərəkətin ahəngini yaradır. Elastik və diqqətli hərəkətlər, nəfəs texnikaları insanı gündəlik qayğılardan uzaqlaşdıraraq zehni yüngülləşdirir. Bu praktika, eyni zamanda, insanın öz orqanizmi ilə daha dərin əlaqə qurmasına imkan yaradaraq insanların bədənlərini dinləmələrini və bədənlərinin ehtiyaclarını anlamalarını təmin edir. Yoqa ilə məşğul olanlar təkcə fiziki güc qazanmırlar, həm də səbir, diqqət və özünü dərk etmə bacarıqlarını inkişaf etdirirlər.
Getdikcə daha çox insanın üz tutduğu yoqa, bədən və ruh arasında körpü rolunu oynayaraq, sakit və balanslı həyat tərzi arzusunda olanlar üçün daxili harmoniyanın mənbəyinə çevrilir.
Yoqa sadəcə fiziki məşqlərdən ibarət proses deyil…
Peşəkar yoqa təlimçisi Nigar Aslanava mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, son illərdə yoqa alternativ fiziki məşğuliyyət olmaqdan çıxaraq milyonlarla insan üçün həyat tərzinin bir hissəsinə çevrilib: “İnsanlar dərslərə artıq təkcə mürəkkəb pozalar üçün deyil, sağlamlıq, daxili tarazlıq və stresdən sonra bərpa olunmaq üçün gəlirlər. Yoqa sadəcə fiziki məşqlərdən ibarət deyil, bütöv bir sistemdir. Bu məşğuliyyət bədən, nəfəs və diqqətlə işi birləşdirən kompleks praktikadır. Adi fiziki məşqlərdən fərqli olaraq, burada sürət və təkrarların sayı deyil, hərəkətin keyfiyyəti və prosesdə şüurlu iştirak əsas amildir.
Dayaq və hərəkət sistemi üçün faydaları
Təlimçinin sözlərinə görə, müntəzəm yoqa praktikası düzgün duruşun və əzələ balansının yaxşılaşmasına, bel, boyun və çiyin nahiyəsindəki ağrıların azalmasına, oynaqların hərəkətliliyinin artmasına, əzələlərin güclənməsinə, onurğa problemlərinin, o cümlədən skolioz (onurğa əyriliyi) və lordozun (duruş pozğunluğu) ilkin mərhələlərinin profilaktikasına kömək edir: “Yoqa kəskin və ağır hərəkətləri əhatə etmədiyi üçün müxtəlif yaş qrupları və fiziki hazırlıq səviyyələri üçün uyğundur. Yoqa prosesində edilən ehtiyyatlı hərəkətlər toplusu qan dövranını yaxşılaşdırır, həzm sistemini stimullaşdırır və maddələr mübadiləsinin normallaşmasına kömək edir. Bununla yanaşı, yoqa zamanı tətbiq olunan nəfəs texnikaları qanda oksigenin səviyyəsini artırır və ürək-damar sisteminə müsbət təsir göstərir.”
Sinir sistemi və stress səviyyəsinə təsiri
Nigar Aslanova yoqanın əsas üstünlüklərindən birinin insanın sinir sisteminə müsbət təsir göstərməsi olduğunu vurğuladı: “Yavaş və dərin tənəffüs prosesi, həmçinin axıcı hərəkətlər vasitəsilə bərpa və bədənin istirahətinə cavabdeh olan parasimpatik sinir sistemi aktivləşir və nəticədə narahatlıq və gərginlik azalır, yuxunun keyfiyyəti yaxşılaşır, xroniki əzələ gərginliyi azalır, ümumi stresə davamlılıq artır. Daim tələskənlik və informasiya yüklənməsi şəraitində yaşayan insanlar üçün bu, psixi sağlamlığın qorunmasında vacib rol oynayır.
Praktika, həmçinin diqqətin cəmlənməsini, müşahidə və emosiyaları idarə etmə bacarığını inkişaf etdirir. Yoqa ilə məşğul olan insan zamanla emosional vəziyyətini daha yaxşı anlamağa başlayır, xarici təsirlərə qarşı daha dayanıqlı olur və qərarlarını daha şüurlu şəkildə verir. İnsanların bir çoxları əhval-ruhiyyələrinin yaxşılaşdığını, əsəblərinin sakitləşdiyini və ümumi daxili sabitlik hislərinin yarandığını qeyd edirlər.”
Yoqa özünə qayğı yolu kimi
Təlimçi yoqanın əsas dəyərlərindən birinin insanda özünə qarşı mehriban və qayğıkeş münasibət formalaşdırması olduğunu qeyd etdi: “O, bədənin fərdi imkanlarına hörmət etməyi və öz tempində irəliləməyi öyrədir. Məhz buna görə yoqa getdikcə təkcə fiziki aktivlik deyil, həm də emosional tükənmənin və xroniki stresin qarşısının alınması üçün bir vasitə kimi dəyərləndirilir. Müxtəlif yaş qrupuna uyğun olan və xüsusi hazırlıq tələb etməyən bu müntəzəm praktika yalnız bədəni möhkəmləndirmir, həm də insanın özünü daha yaxşı eşitməsinə kömək edir. Bu isə uzunmüddətli rifahın və həyat keyfiyyətinin əsasını təşkil edir.”
Şahnigar Əhmədova, “İki sahil”