09 yanvar 2026 00:35
213

Yupiterin Avropa peykində həyat var?

Alimlər Günəş sistemində yaşayış üçün həyat ehtimalı ən yüksək hesab edilən səma cisimlərindən birinin bu şərtləri tam şəkildə təmin etmədiyi fikrini irəli sürüblər.

Yupiterin indiyədək məlum olan 95 peyki var. Onlardan buzla örtülü səthinin altında nəhəng okeanı olan Avropa (Europa) peyki  alimlərin xüsusi maraq dairəsindədir və uzun müddətdir Yer xaricində həyat axtarışının əsas hədəflərindən sayılır.

Ay ilə müqayisədə bir qədər kiçik olmasına baxmayaraq, Avropa peykinin buz qatının altında Yer üzündəki bütün okeanların ümumi həcmindən daha çox suyun olduğu ehtimal edilir. Bu okeanda həyatın mümkünlüyünü araşdırmaq məqsədilə NASA 2024-cü ildə Avropaya “Europa Clipper” adlı kosmik aparat göndərib. Aparatın 2030-cu ildə bu peykə çataraq yaxın uçuşlar həyata keçirməsi planlaşdırılır. Lakin alimlər vurğulayıblar ki, həyat şəraitinin yaranması üçün təkcə su kifayət deyil. Üzvi kimyəvi maddələr və enerji mənbələri də vacib amillərdir. 

Qeyd etmək lazımdır ki, Yer üzündə həyatın bir neçə milyard il əvvəl okean dibindəki hidrotermal bacaların ətrafında formalaşdığı güman edilir. Ancaq yaxın günlərdə “Nature Communications” jurnalında dərc olunan yeni araşdırmaya görə, Avropa peykində bu cür şərait mövcud olmaya bilər.

Sent-Luisdə yerləşən Vaşinqton Universitetinin  alimləri Pol Birnin rəhbərliyi ilə Avropanın okean dibində tektonik və vulkanik fəallığın mümkünlüyünü araşdırıblar. Yer üzündə məhz bu proseslər süxurla dəniz suyunun qarşılıqlı təsirini təmin edərək həyat üçün lazım olan kimyəvi enerji və qida maddələrini yaradır. Alimlər peykin ölçülərini və qaya nüvəsinin xüsusiyyətlərini nəzərə alaraq hesablamalar aparıblar. Nəticələr göstərib ki, Avropa peykinin okean dibi tektonik və vulkanik fəaliyyət üçün həddən artıq sərt və passivdir. Bundan əlavə, tədqiqatçılar bildirib ki, Avropa peykinin buz qatının altında Yerə bənzər qayalı nüvə mövcuddur. Lakin onların fikrincə, bu nüvədən yayılan istilik milyardlarla il əvvəl kosmosa yayılıb və hazırda aktiv deyil.

Tədqiqatın rəhbəri Pol Birn bu barədə deyib: “Əgər biz Avropanın okeanını uzaqdan idarə olunan sualtı aparatla araşdıra bilsək, dəniz dibində yeni çatlar, aktiv vulkanlar və ya isti su püskürmələri görəcəyimizi düşünmürük. Geoloji baxımdan orada demək olar ki, heç nə baş vermir. Hər şey sakit olmalıdır.”

Tədqiqat qrupu Yupiterin cazibə qüvvəsinin Avropa peykində həyat üçün lazım olan enerjini yaradıb-yaratmadığını da təhlil edib. Məsələn, Yupiterin İo peykinə təsiri güclü qabarma-çəkilmə qüvvələri yaradaraq sürtünmə və istilik əmələ gətirir. Bu səbəbdən İo Günəş sistemində yer alan ən aktiv vulkanik cisim hesab olunur. Lakin tədqiqatın nəticələri göstərir ki, Avropa peykinin orbitinin daha sabit olması və Yupiterdən nisbətən uzaqda yerləşməsi bu cür güclü qabarma-çəkilmə təsirlərinin yaranması ehtimalı azdır.

Tədiqat müəllifi qeyd edib: “Fikrimcə, Avropa peykində müəyyən qədər qabarma-çəkilmə istiləşməsi var və buna görə də o tam donmur. Uzaq keçmişdə orada daha güclü istiləşmə baş vermiş ola bilər. Amma hesablamalarımız bu gün İo-da müşahidə etdiyimiz kimi buz vulkanlarının Avropada mövcud olmadığını və qabarma-çəkilmələrin okean dibində ciddi geoloji fəallıq yaratmaq üçün kifayət qədər güclü olmadığını göstərir.”

Buna baxmayaraq, alimlər Avropa peyki ilə bağlı tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayırlar. Tədqiqatın həmmüəllifi, Corciya Universitetindən Kristian Klimçak bildirir: “Günəş sistemində geoloji proseslər oxşar şəkildə fəaliyyət göstərsə də, araşdırdığımız hər bir səma cisminin özünəməxsus xüsusiyyətləri var. Avropa haqqında indiyədək əldə etdiyimiz biliklərə əsasən, Yer xaricində həyat axtarışı üçün ən ümidverici yerlərdən biri hələ də məhz buradır.”

Şahnigar Əhmədova, “İki sahil”