Qış mövsümündə Günəş işığından kifayət qədər faydalana bilməmək D vitamini çatışmazlığını geniş yayılmış sağlamlıq problemlərindən birinə çevirir. Mütəxəssislər bildirirlər ki, halsızlıqdan immunitet sisteminin zəifləməsinə qədər bir çox əlamətlər məhz D vitamini azlığının göstəricisi ola bilər.
Soyuq hava şəraiti ilə əlaqədar insanların daha çox qapalı məkanlarda vaxt keçirməsi orqanizmin D vitamininin əsas mənbəyi olan Günəş şüalarından lazımi qədər yararlana bilməməsinə səbəb olur. Bu isə xüsusilə qış aylarında D vitamini çatışmazlığının daha tez-tez qeydə alınmasına gətirib çıxarır.
Daxili xəstəliklər üzrə mütəxəssis-həkim Nilufər İmanlı mövzu ilə bağlı açıqlamasında bildirib ki, D vitamini çatışmazlığı hər zaman nzərəçarpan simptomlarla özünü göstərmir.
Həyati əhəmiyyət daşıyan hormon
Həkimin sözlərinə görə, D vitamini təkcə vitamin deyil, orqanizm üçün həyati əhəmiyyət daşıyan hormondur: “D vitamini çatışmazlığı bəzən müəyyən simptonlarla müşahidə oluna bilər. Səhərlər yorğun oyanmaq, əzələ və oynaq ağrıları, əzələdaxili spazm, tez-tez virus infeksiyalarına yoluxmaq və bu xəstəliklərin ağır keçməsi D vitamini azlığının əlamətləri ola bilər”.
Psixoloji vəziyyətə də təsir edir
Nilufər İmanlı qeyd edib ki, D vitamini çatışmazlığı əhval-ruhiyyə dəyişkənliyinə və depressiyaya da səbəb ola bilər.
Ən təsirli mənbə Günəşdir
Mütəxəssis vurğulayıb ki, D vitamininin ən effektiv və əlçatan mənbəyi Günəş işığıdır. Bununla yanaşı, qızıl balıq, tuna balığı, palamut balığı, yumurta sarısı və D vitamini ilə zənginləşdirilmiş süd məhsulları da qida vasitəsilə bu vitaminin qəbuluna kömək edə bilər.
Həddindən artıq D vitamini qəbulu təhlükəlidir
Həkim xəbərdarlıq edib ki, D vitamininin nəzarətsiz və həddindən artıq qəbulu ciddi fəsadlara yol aça bilər: “Artıq miqdarda D vitamini qəbul etmək qanda kalsiumun yığılmasına, yəni hiperkalsemiyaya səbəb ola bilər. Bu zaman ürəkbulanma, qusma, qarın ağrısı və böyrək daşı kimi problemlər yarana bilər”.
Müalicə yalnız həkim nəzarəti ilə aparılmalıdır
D vitamini preparatlarını qəbul etməzdən əvvəl mütləq qan analizi testlərindən keçməyin vacibliyini vurğulayan Nilufər İmanlı bildirib ki, müalicə yalnız həkim tərəfindən planlaşdırılmalıdır: “D vitamini yağda həll olunan vitamindir. Bu səbəbdən də yağlı qidalarla birlikdə qəbul edildikdə daha yaxşı mənimsənilir. Xatırladaq ki, bu maddə sadəcə vitamin deyil, orqanizmdə sintez olunan vacib hormonlardan biridir. Buna görə də D vitamini çatışmazlığı mütləq aradan qaldırılmalıdır. Lakin bu proses həkim nəzarəti altında aparılmalıdır”.
Şahnigar Əhmədova, “İki sahil”