“Hyundai” avtokonserninə məxsus “Boston Dynamics” şirkəti Las-Veqasda keçirilən CES 2026 sərgisində ilk dəfə “Atlas” adlı insanabənzər robotunu nümayiş etdirib.
“İki sahil” xəbər verir ki, bu barədə 1news.co.nz məlumat yayıb.
Məlumata görə, təqdimat zamanı “Atlas” müstəqil şəkildə yerindən qalxıb, səhnədə rahatlıqla addımlayıb, tamaşaçılara əl edib, həmçinin gövdəsini və başını sərbəst şəkildə hərəkət etdirə bilib. Robot uzaqdan mühəndis tərəfindən idarə olunsa da, real iş şəraitində “Atlas”ın müstəqil şəkildə yeriyəcəyi və ona tapşırılan funksiyaları yerinə yetirəcəyi bildirilir.
Qeyd olunur ki, “Atlas” əsasən sənaye sahəsində istifadə üçün nəzərdə tutulub. Gözləntilərə əsasən, 2028-ci ildən etibarən robot ABŞ-ın Corciya ştatında yerləşən “Hyundai” avtomobil zavodunda elektromobil istehsal prosesinə yardım edəcək.