Destruktiv mövqeyindən əl çəkməyən qurumun fəaliyyəti həm sülh danışıqlarının gələcəyi, həm də regional təhlükəsizlik məsələləri ilə bağlı ciddi narahatlıqlar yaradır
44 günlük müharibə regionda bütün siyasi gedişlərin, ölkələrarası münasibətlərin və iqtisadi əlaqələrin yenidən tərtib olunmasına təkan verdi. Azərbaycanın qəti və cəsarətli addımı bəzi beynəlxalq təşkilatların, hətta iri dövlətlərin siyasi gedişlərini dəyişməyə vadar etdi. Bəzi dövlətlər rəsmi Bakının beynəlxalq sənədlərə istinadən Ermənistanın işğalçı siyasətinə birdəfəlik son qoyması ilə zor-hədə ritorikasını dəyişməyə, Azərbaycanla münasibətlərə yenidən baxmağa məcbur oldular. Lakin bəzi qüvvələr ölkəmizə qarşı qərəzli mövqelərini hələ də davam etdirirlər. Avropa İttifaqı (Aİ) da istisna deyil. İllərdir ki, işğalçı Ermənistanı dəstəkləyən bu qurum anti-Azərbaycan təbliğatı ilə məşğul olan təşkilata çevrilib. Bu günə qədər Avropa Parlamenti ölkəmizin əleyhinə heç bir hüquqi əsası olmayan çoxsayda qətnamələr qəbul edib. Bu qətnamələrin ermənipərəst qüvvələrin təkidi ilə qəbul olunduğu da sirr deyil. Həmin kağız parçalarının qəbuluna səs verənlər Avropa Parlamentinə seçkilər zamanı erməni lobbisindən maliyyə və seçici dəstəyi alan şəxslərdir. Bu, bir daha göstərir ki, Avropa İttifaqının, bütövlükdə Qərb ölkələrinin Azərbaycana qarşı atdığı addımların arxasında yalnız şəxsi və maddi maraqlar dayanır.
Xəbər verildiyi kimi, dekabrın 2-də Avropa İttifaqı və Ermənistan arasında “Ermənistan-Aİ tərəfdaşlıq üçün strateji gündəm” sənədi imzalanıb. Ermənistan Xarici İşlər Nazirliyi bildirir ki, 64 səhifəlik bu sənəd ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Bu sənəd sırf əməkdaşlıq çərçivəsini deyil, həm də tərəflərin gələcək siyasi kursunun geosiyasi konturlarını müəyyən edir. Sənəddə iqtisadi islahatlar, demokratik idarəçilik və siyasi inteqrasiya ilə bağlı hədəflər təqdim olunsa da, bir sıra müddəalar regiondakı sülh prosesinə zərər vurmaq potensialına malikdir. Sənədin 4-cü səhifəsində bir zamanlar Qarabağda məskunlaşmış ermənilərin könüllü şəkildə Ermənistana köçməsinin “didərgin salınmaq” ifadəsi ilə verilməsi yanlış və tamamilə absurddur. Bu proses Ermənistan tərəfindən Qarabağda yaradılmış qanunsuz rejimin rəhbərlərinin təşviqi və Ermənistan dövlət büdcəsindən maliyyələşdirilən strukturların məqsədyönlü fəaliyyəti nəticəsində könüllü şəkildə həyata keçirilib. Bu kontekstdə Aİ-nin “köçkün/qaçqın” terminində tərəddüd etməsi belə, məsələni geosiyasi çərçivəyə salmaq məqsədi güdür. Bu məqam Azərbaycanın legitim hərbi əməliyyatına qarşı qərəzli təsəvvür formalaşdırır, Ermənistanın məsuliyyətini arxa plana keçirir və gələcəkdə manipulyativ ritorikanın güclənməsi üçün əlverişli zəmin yaradır. Eyni zamanda, sənəddə artıq mövcud olmayan “Dağlıq Qarabağ” terminindən istifadə olunması Aİ-nin obyektivliyini və peşəkar yanaşma prinsiplərini açıq şəkildə şübhə altına alır. Bu terminə qayıdılması təkcə faktların təhrif edilməsi deyil, həm də sənədin anti-Azərbaycan mahiyyətini gizlətməyən siyasi mesaj daşıyır. Daha da problemli olan isə odur ki, Aİ eyni sənəddə ərazi bütövlüyü və suverenliyə hörmət çağırışı edir, lakin digər tərəfdən Azərbaycanın suverenliyinə xələl gətirən ifadələrə yer verir. Bu, diplomatik məsuliyyətsizlik və konseptual uyğunsuzluğun bariz göstəricisidir.
Bundan əlavə, sənəddə Ermənistana könüllü köç etmiş Qarabağ ermənilərinin hüquqlarından bəhs edildiyi halda, Aİ-Azərbaycan sənədlərində Aİ-nin Ermənistandan deportasiya olunmuş 300 mindən çox azərbaycanlının hüquqları barədə heç bir qeyd açmaması balanslı yanaşmanın pozulduğunu göstərir. Bu kontekstdə Azərbaycanın mövqeyinin nəzərə alınmaması, tərəflər arasında bərabər prinsiplərin tətbiq edilmədiyini aydın şəkildə ortaya qoyur. Əgər Aİ Qarabağdan könüllü şəkildə köçmüş ermənilərin “sosial inteqrasiyası” ilə bağlı müddəaları sənədə daxil edirsə, eyni prinsip əsasında Azərbaycan da Qərbi azərbaycanlıların hüquqlarına dair xüsusi bəndin əlavə edilməsini tələb etməkdə tam haqlı olar. Lakin Aİ-nin belə yanaşmanı qəbul etməməsi qərəzli və qeyri-bərabər humanitar münasibətin göstəricisi kimi çıxış edir. Bu yanaşma açıq şəkildə Azərbaycana yönəlmiş əsassız iraddır, siyasi təzyiq və qərəzli ittihamdır. Dövlətimizin mövqeyi birmənalıdır: heç bir beynəlxalq təşkilat və ya tərəfdaş ölkə Azərbaycan haqqında ultimativ və ittihamedici tonda danışmaq hüququna malik deyil. Bu, beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsiplərinə ziddir və tamamilə qəbuledilməzdir.
Məlumdur ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlayıb, dinc Azərbaycan vətəndaşlarına qarşı saysız-hesabsız müharibə cinayətləri törədib. Bu cinayətlərə etnik təmizləmə, insan hüquqlarının ciddi pozuntuları və Azərbaycanın mirasının sistemli şəkildə məhv edilməsi də daxildir. Avropa İttifaqı və Avropa Parlamenti bu vəhşiliklər, o cümlədən Xocalı soyqırımı barəsində daim susmağa üstünlük verir. İtkin düşmüş 4 minə yaxın dinc azərbaycanlının taleyi hələ də məlum deyil. Lakin selektiv və qərəzli yanaşmaya əsaslanan Avropanın bir sıra qurumları bu cinayətləri görməzdən gəlir, çünki Azərbaycana qarşı haqsız və saxta iddiaları üstün tutur.
Sevinc Azadi, “İki sahil”