11 dekabr 2025 00:57
167

Döyüşə keşişlər gedir...

Tələyə düşən siçovul kimi ora-bura vurnuxan katolikos Ktrıç Nersisyan (II Qaregin) xaricdən dəstək almaq ümidi ilə tez-tez səfərə çıxır. Bu məqsədlə o, üz tutduğu katolikoslardan Ermənistanın baş naziri Nikol Paşinyana təzyiq göstərilməsini xahiş edir. Artıq keşişlərdən zəif də olsa baş nazirə ilk təzyiqlər göstərilir.

Üç gün əvvəl axşam saatlarında məlum oldu ki, ermənilərin terror yığnağı kimi tanınan Livanda yerləşən Böyük Kilikiya Evinin katolikosu I Aram növbəti dəfə hədələyici bəyanat verərək Ermənistan hakimiyyətini Erməni Apostol Kilsəsinin işlərinə qarışmamağa çağırıb. Patriarxın bəyanatında deyilir ki, Erməni Apostol Kilsəsinin xarici və daxili təhlükələrdən qorunması milli prioritetdir. Ultimatum xarakterli bəyanatda bildirilir ki, Ermənistan rəhbərliyi kilsənin, millətin və vətənin məhvinə səbəb ola biləcək konstitusiyaya zidd addımlardan əl çəkməlidir. Bu isə o deməkdir ki, Ermənistan Türkiyəyə və Azərbaycana ərazi iddialarından geri çəkilməməli, köhnə düşmənçiliyi davam etdirməlidir. I Aram, həmçinin Eçmiədzinin ana taxtına müraciət edərək bütün ermənilərin katolikosu II Qareginin ətrafında birləşməyi və kilsənin əhd və prinsiplərinə sadiq qalmağı xahiş edib.

Görürsünüzmü məlun keşişi, mənafelərinə azacıq toxunan qüvvələrə necə diş qıcayır? O, belə mürtəce fikirlərində tək deyil. Bundan əvvəl Erməni Apostol Kilsəsinin yüksək vəzifəli şəxsləri-arxiyepiskopları və yepiskopları, Eçmiədzinin ana taxtına və bütün ermənilərin katolikosu II Qareginə qeyd-şərtsiz övlad sədaqətini bildirdikləri barədə bəyanat yaymışdılar.

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan “Erməni Kilsəsinə Ktriç Nersisyanın mövcudluğundan daha böyük zərər verən heç nə yoxdur” demişdi. Ardınca isə İrəvan Şəhər Cinayət İşləri üzrə Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə arxiyepiskop Arşak Xaçaturyan barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilməsinə qərar vermişdi. Daha əvvəl hakimiyyətə qarşı siyasi mübarizəyə, yəni üsyana qalxan Tavuş vilayəti yeparxiyasının arxiyepiskopları Baqrat Qalstanyan və Mikael Ajapayan həbs edilmişdi. Bu dindarlar hayları vətəndaş itaətsizliyinə və hakimiyyətə qarşı üsyana çağırırdılar. Onlar İrəvan küçələrində təşkil olunan üsyanlara başçılıq ediblər.Üstəlik, Paşinyan parlament tribunasından katolikosu “agent fəaliyyəti”ndə də ittiham edib. O, Nersisyanın xarici ölkələrin xüsusi xidmət orqanlarına casusluq etdiyini bildirib.

Ötən həftə Fransanın Marsel şəhərindən qayıdan bütün ermənilərin katolikosu II Qareginin İrəvanın “Zvartnots” hava limanında həbs ediləcəyindən narahat olan tərəfdarları onu qarşılamağa çıxmışdılar. Lakin orada sakitlik hökm sürürdü. Deməli, Nikol Paşinyan katolikosun barəsində həbs qərarını qəbul etməyi hələ təhlükəli sayır.   Həmin qərar “ot tayasına atılmış qığılcım” effekti verə bilər. Ona görə də baş nazir hələlik əl saxlayır, əlverişli zəmin yetişməsini gözləyir.

Bu arada baş nazir deyib ki, kilsələrdə istər girişdə, istərsə də içəridə Ermənistanın dövlət bayrağının olması məsələsi də müzakirə mövzusu olmalıdır. Yəni, göstərilən həmin yerlərdə dövlət bayraqları asılmalıdır ki, kilsə “xadimləri” başlarının üzərində daim dövləti görsünlər. Daha əvvəl o, bütün kilsələrdə xor kapellasının Ermənistan Respublikasının dövlət himnini oxumasını məqsədəuyğun saymışdı. Lakin bu təşəbbüslər kilsə tərəfindən “top-tüfəng”lə qarşılandı. Ktrıç Nersisyan Paşinyanın “zakazını” qəbul etmədi. Halbuki xristian kilsələrində xor kapellası var və onların vəzifəsi xalqına və dövlətinə dualar oxumaqdır. Lakin Ermənistanın baş keşişi öz iddialarını yeritmək üçün hətta dövlətin başçısından çəkinmədiyini nümayiş etdirir. Agenti olduğu xarici ölkə də ondan elə bunu gözləyir. Gözlənilir ki, gələn ilki parlament seçkilərinə qədər kilsə daha radikal addımlar atacaq. İndi Ktriç Nersisyanın qarşısına qoyulan əsas vəzifə budur. Saqqallı şeytan öz postunu qorumaqla yanaşı, pullu “sifarişçilərinin” də əmrlərini yerinə yetirmək məcburiyyətində qalıb. Bilir ki, vəzifəsini itirərsə arxasınca gedən, onu müdafiə edən olmayacaq. Çünki o, öz namərdlərini yaxşı tanıyır.

 Görünən budur ki, seçkilərədək savaş daha da şiddətlənə bilər. Proseslərə I Aramın da qoşulması, üstəlik, diaspor və xaricdəki kilsələrin ayağa qalxması, daşnakların, revanşistlərin hərəkətlənməsi baş nazir Paşinyan üçün dumanlı vəziyyət yaradır. Beləliklə, erməni kilsəsi baş nazir Nikol Paşinyana qarşı “son və qəti döyüş”ə start verib. Bununla bərabər, həm də daşnak ideyalı irticaçı keşişlər hakimiyyətə qarşı koalisiyada sıx birləşiblər. Belə çıxır ki, son döyüşə keşişlər gedəcək. Axı, onlar tarixən də kimin qanı olursa-olsun, onu tökməyin cəlladları və mahir ustalarıdır. Belə “nümunə” erməni toplumunda dəfələrlə görünüb. Qan tökülməsindən qorxan  və yalnız çörək puluna işləyən sadə erməniləri isə bir sual daha çox düşündürür və narahat edir: Ara qarışarsa, onların övladları yenədəmi mənasız qırğınların qurbanları olacaq?  Vəzifəsi xeyirxahlıq, insanları sülhə çağırmaq və təhlükələri sovuşdurmaq olan din adamları öz çirkin iddialarından nə vaxt əl çəkəcəklər? Təhlükəli proseslər nə ilə bitəcək?

Vəli İlyasov, “İki sahil”