11 dekabr 2025 00:35
242

Avropa İttifaqı-Ermənistan anlaşması: Sülh prosesinə yeni təhdid

Son illərdə postmünaqişə dövründə regionda sülh və dayanıqlı inkişafın təmin olunması prioritet məsələlərdən biri olub. Bu çərçivədə beynəlxalq aktorların rolu xüsusilə diqqət mərkəzindədir. Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının (EUMA) birtərəfli fəaliyyəti Azərbaycan ictimaiyyəti və rəsmi dairələrin ciddi narazılığına səbəb olub. Bu missiya sülhə real töhfə vermək əvəzinə, regionda etimad mühitini zədələyən və birtərəfli mövqe nümayiş etdirən vasitəyə çevrilib. Halbuki sülh prosesinə həqiqi və konstruktiv dəstək göstərmək istəyən hər bir beynəlxalq aktor regionun daxili dinamizmini, real təhlükəsizlik ehtiyaclarını və iştirakçı ölkələrin suveren qərarlarını nəzərə almalıdır. Xarici müdaxilələrin deyil, daxili siyasi iradənin ön planda olduğu yeni mərhələdə bu cür missiyalara ehtiyac qalmır. Regionun gələcəyini müəyyən edən əsas amil artıq həmin ölkələrin öz təşəbbüsləridir və dayanıqlı sülh məhz yerli təşəbbüslər üzərində qurulmalıdır.

Bu kontekstdə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası artıq aktuallığını itirib. Missiyanın fəaliyyəti nə region ölkələrinin maraqlarına cavab verir, nə də sülh prosesinə real töhfə verir. Onun mövcudluğu gərginliyi artırır və qarşılıqlı etimada əsaslanan dialoqa kölgə salır. Bölgədə dayanıqlı sülh və davamlı inkişafın təmin olunması üçün beynəlxalq əməkdaşlıq yalnız obyektiv, balanslı və konstruktiv prinsiplər üzərində qurulmalıdır. Lakin son dövrlərdə atılan bəzi addımlar Azərbaycanın maraqları və reallıqları ilə ziddiyyət təşkil edir.

Belə ki, Avropa İttifaqı və Ermənistan arasında dekabrın 2-də Brüsseldə keçirilmiş Tərəfdaşlıq Şurasının VI iclasının yekununda “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı yeni sənəd imzalanıb. Bu sənəddə postmünaqişə dövründəki reallıqların təhrif olunması, Azərbaycanın suverenliyinə zidd olan məsələlərin prioritetləşdirilməsi və Azərbaycan-Ermənistan sülh gündəliyinə uyğun olmayan yanaşmalar ciddi narahatlıq yaradır.

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı və Ermənistan arasında imzalanmış sənədlə bağlı mövqeyini açıqlayıb. Rəsmi Bakı bildirir ki, sənədin mahiyyəti, təqdimatı və zamanlaması regionda mövcud vəziyyətə və Azərbaycan-Ermənistan normallaşma prosesinin həssas mərhələsinə birbaşa təsir edən amillərlə səciyyələnir. Nazirliyin açıqlamasına görə, bölgədə siyasi tarazlığı dəyişə biləcək hər bir sənəd xüsusi həssaslıqla hazırlanmalı və qəbul edilməlidir. Belə bir kontekstdə, növbəti 7 il ərzində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu sənəddə Azərbaycana qarşı yönəlmiş məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir göstərir. Qarabağ ermənilərinə “status” verilməsi ilə bağlı çağırışlar, Azərbaycana qarşı qaldırılan hüquqi iddialar, TRIPP layihəsinə toxunulmaması, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının fəaliyyəti və hərbi məzmunlu istinadlar rəsmi Bakı tərəfindən qəbul edilmir. İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməni əsilli şəxslərin "əsir" statusunda qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir və qəbuledilməzdir. Bu müddəalar bölgədə davam edən sülh danışıqlarının məntiqinə ziddir və Aİ-Ermənistan tərəfinin mövcud prosesə uyğun addımlar atacağı gözlənilir.

Ermənistan Vaşinqtonda müəyyən öhdəliklər götürməsinə baxmayaraq, Aİ ilə imzalanmış son sənəddə Azərbaycana qarşı yönəlmiş müddəalara razılıq verməsi ciddi ziddiyyət yaradır. Bu vəziyyət çox güman ki, rəsmi İrəvanın tələbi ilə Avropa İttifaqının Azərbaycana qarşı iddiaları qəbul etməsi və sənədə imza atması, Ermənistanın Vaşinqton prosesinə əks mövqe tutması kimi qiymətləndirilməlidir. Faktiki olaraq, bu, Ermənistanın ənənəvi davranış modelinə qayıdaraq ABŞ-ın sülhyaradıcı səylərini Aİ-nin iddialarına dəyişməsi deməkdir.

Bu addımın nəticələrinin olacağı şübhəsizdir və qiymətləndirmə yalnız Azərbaycan tərəfindən aparılmayacaq. Xüsusilə, ABŞ Prezidenti Donald Trampın sülh prosesi ilə bağlı həm Bakıya, həm də İrəvana ünvanladığı məktubdan sonra Ermənistanın bu cür məsuliyyətsiz mövqe sərgiləməsi vəziyyəti daha aydın göstərir. Bu addımlar İrəvanın siyasi etibarlılığını da sual altına qoyur. Digər tərəfdən, sənəddə TRIPP yoluna deyil, Ermənistanın əsassız iddiaları əsasında irəli sürülmüş, reallığı əks etdirməyən və Azərbaycanın mövcud kommunikasiya şəbəkəsindən asılı olan “sülh kəsişməsi” layihəsinin dəstəklənməsi də diqqət çəkir. Bu yanaşma həm Vaşinqtonun sülhyaratma missiyasına, həm də regionda kommunikasiya şəbəkələrinin açılması istiqamətində ortaya qoyulan prinsipial mövqeyə ziddir və Ermənistan və Aİ tərəfindən nümayiş etdirilən qeyri-konstruktiv davranışın göstəricisidir.

Göründüyü kimi, baş verənlər sülh prosesinə xələl gətirən addımların mənbəyini açıq şəkildə göstərir və bölgədə etimadın artırılması üçün daha məsuliyyətli, real vəziyyətə uyğun davranışların vacibliyini bir daha ortaya qoyur.

Şəmsiyyə Əliqızı, “İki sahil”