10 dekabr 2025 22:26
180

I TÜRKOLOJİ QURULTAYIN 100 İLLİYİ: ƏLİFBA MƏSƏLƏLƏRİ

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2026-cı ilin fevral ayında Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultayın 100 ili tamam olur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın və bütövlükdə türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil etdiyini nəzərə alaraq, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinin təmin olunması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2025-ci il 

Cənab Prezidentin sərəncamına əsasən, bütün dövlət təşkilatlarında, təhsil müəssisələrində Birinci Türkoloji Qurultayla bağlı tədbirlər təşkil edilir. ADPU-da tarixi Birinci Bakı Türkoloji Qurultayının 100 illiyi ilə bağlı silsilə tədbirlər: konfranslar, dəyirmi masalar və s.  təşkil edilməkdədir.

“İki sahil” xəbər verir ki, həmin tədbirlərdən biri də 9 dekabr 2025-ci il tarixində ADPU-nun Heydər Əliyev adına Lektoriyasında keçirilən Filologiya fakültəsi, Azərbaycan dilçiliyi kafedrası və Türkoloji Mərkəzin birgə təşkilatçılığı ilə Birinci Türkolji Qurultayın 100 illik  yubileyinə həsr edilmiş “BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN 100 İLLİYİ: ƏLİFBA MƏSƏLƏLƏRİ” adlı elmi seminar oldu.

Tədbirdə ADPU-nun professor-müəllim heyəti, tələbələr, eləcə də Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşaviri Yurdagül Aydoğan, Milli Azərbaycan tarixi muzeyinin elmi işlər üzrə direktor müavini t.e.d. Fərhad Cabbarov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, Bakı Dövlət Universiteti və Bakı Avrasiya Universitetinin əməkdaşları və media nümayəndələri iştirak etdilər. 

Elmi seminar ADPU-nun rektoru prof.Cəfər Cəfərovun açılış nitqi ilə başladı. Rektor I Türkoloji Qurultayın Bakıda keçirilməsinin məqsəd və vəzifələrindən, qəbul edilmiş qərarlardan və nəticələrindən danışdı.

Sonra isə qurultayda müzakirə edilən strateji məsələ olan əlifba məsələlərinə həsr edilmiş video-çarx izləndi. 

ADPU-nun “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, professor Həcər Hüseynova  “I Türkoloji Qurultayın məqsədi və əlifba məsələləri” adlı məruzəsi ilə çıxış etdi.

 Professor qeyd etdi ki, 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay, türk dünyası tarixində elmi, mədəni və siyasi baxımdan dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu tarixi hadisə, yalnız türkologiyanın elmi sistemləşdirilməsində deyil, həm də türk xalqları arasında milli oyanış və həmrəylik ideyasının təşəkkülündə mühüm rol oynamışdır.

XX əsrin əvvəllərində Sovet İttifaqı ərazisində yaşayan türk xalqları üçün əsas problemlərdən biri əlifba vahidliyi, terminoloji uyğunsuzluq və dil siyasəti idi. I Türkoloji Qurultay bu məsələlərin elmi müstəvidə həllinə yönəlmiş ilk ümumtürk forumu idi. Qurultayın keçirilməsində məqsəd:

- Ortaq əlifba yaradılması;
-Terminoloji sistemin standartlaşdırılması;
- Türk xalqları arasında elmi əməkdaşlığın inkişafı;
- Mədəni irsin qorunması və paylaşılması idi.

      1926-cı il 26 fevral – 6 mart tarixlərində baş tutan Qurultayda türk dünyasının 20-dən artıq bölgəsindən 131 nümayəndə iştirak etmişdir.

Müzakirə olunan əsas məsələlər aşağıdakılardan ibarət olmuşdur:

1. Latın əlifbasına keçid 
   Əlifba islahatı Qurultayın əsas gündəm mövzusu idi. Ərəb qrafikalı əlifbanın türk dillərinə uyğun gəlməməsi və maarifləndirmədə yaratdığı çətinliklər səbəbindən latın qrafikasına keçid məsələsi müzakirə edildi və qəbul olundu.

2. Orfoqrafik və fonetik məsələlər 
        Türk dillərinin səsləri və yazılı formaları arasında uyğunsuzluqlar ortadan qaldırılmağa çalışıldı. Qrafik və fonetik uyğunluqlar üzrə vahid sistem təklif edildi.

3. Terminoloji birlik 

Elmi və texniki terminlərin müxtəlif bölgələrdə fərqli şəkildə işlənməsi informasiya mübadiləsində problemlər yaradırdı. Qurultay bu sahədə vahid bazanın yaradılmasına çağırış etdi.

4. Elmi əməkdaşlıq və türkologiyanın inkişafı

 Qurultay iştirakçıları türkologiyanın gələcək inkişafı üçün ortaq jurnallar, konfranslar və tərcümə mərkəzlərinin yaradılmasını təklif etdilər.

I Türkoloji Qurultay türk xalqları üçün yalnız elmi forum deyil, həm də milli ideoloji konsolidasiyanın başlanğıcı idi. Dil, yazı və elmi əməkdaşlıq sahəsində atılan bu ilk addımlar türk xalqlarını birləşdirən mədəni sütunlara çevrildi. Qurultayda səsləndirilən ideyalar bu gün də Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və digər qurumlar vasitəsilə aktuallığını saxlayır.

Bu hadisə göstərdi ki, dil və mədəni birlik milli həmrəylik üçün əsas dayaqlardandır. I Türkoloji Qurultay bu birliyin əsasını qoydu və türkologiyanın gələcək inkişafına elmi, ideoloji və mənəvi təkan verdi.

Türk xalqları uzun tarixi proseslər boyunca geniş coğrafiyada – Orta Asiyadan Balkanlara qədər yayılaraq müxtəlif dövlət qurumları və mədəni təsirlər altında yaşamışlar. Bu səbəbdən, dil və yazı birliyi tədricən zəifləmiş, fərqli əlifba və ləhcələrə bölünmüşlər. XX əsrin əvvəllərindən etibarən türk ziyalıları arasında vahid əlifba və dil ideyası aktuallaşmış və ilk dəfə 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay çərçivəsində rəsmi şəkildə gündəmə gətirilmişlər.

Vahid əlifba məsələsi:

1.Əlifba müxtəlifliyi problemi 
   XX əsrin əvvəllərində türk xalqları arasında ərəb, kiril və qədim türk (runik, uyğur) əlifbalarından istifadə edilirdi. Bu əlifbalar arasında fonetik uyğunsuzluq və mədəni təcrid yaradırdı.

2. Latın qrafikasına keçid təşəbbüsü

I Qurultayda latın əlifbasına keçid əsas məsələ kimi gündəmə gəldi. Bu qrafika həm fonetik baxımdan uyğun idi, həm də texniki, tədris və çap baxımından əlverişli hesab olunurdu.

3. Əlifba birliyi təşəbbüslərinin nəticələri

 1928–1930-cu illərdə bir çox türk respublikalarında vahid latın əlifbası tətbiq olundu. Lakin 1937–40-cı illərdə SSRİ-nin mərkəzi siyasəti nəticəsində bu proses dayandırıldı və kiril əlifbası məcburi tətbiq olundu.

Qurultayın əsas məsələlərindən biri vahid dil məsələsi idi.

  1. Dil birliyi ideyasının mahiyyəti

        Vahid dil ideyası bütün türk xalqlarının ortaq ədəbi ünsiyyət dilinə malik olması məqsədini daşıyırdı. Bu dilin əsasını ya Osmanlı türkcəsi (əsasən Türkiyə türkcəsi), ya da ortaq türkcə bazasında formalaşdırılmış sintetik model təşkil edə bilərdi.

2. Leksik və qrammatik yaxınlıq 
   Türk dilləri arasında ortaq köklər, qrammatik strukturlar və söz bazası mövcuddur. Bu, dil birliyi üçün elmi zəmin yaradır.

3. Türk xalqları arasında anlaşma asanlığı 
   Türkiyə türkcəsi, Azərbaycan türkcəsi, türkmən, özbək, qazax və qırğız dilləri arasında əsas ünsiyyət maneələri ləhcə fərqləri və fərqli əlifbalardır, lakin ümumi dil əsasları eynidir.

        Vahid əlifba və vahid dil ideyası türk xalqları üçün yalnız dil məsələsi deyil, milli və mədəni birliyin rəmzi və vasitəsidir. Bu ideya hələ 1926-cı ildə I Türkoloji Qurultayda öz elmi əsaslarını tapmış və bu gün də aktuallığını saxlayır. Müasir dövrdə bu istiqamətdə atılan addımlar – ortaq əlifba komissiyalarının yaradılması, dil konfransları, türkologiya mərkəzlərinin əməkdaşlığı – gələcəkdə vahid türk kommunikasiya platformasının formalaşmasına zəmin yarada bilər.

Bundan sonra ADU-nun professor-məsləhətçisi Adil Babayevin: “I Türkoloji Qurultay və türk xalqlarının yeni əlifbaya keçidi” mövzusunda; Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, f.e.d., dos. Elçin İbrahimovun isə “Birinci Türkoloji qurultayda əlifba məsələsi” mövzusunda məruzələri dinlənildi.

Daha sonra elmi tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan, Milli Azərbaycan tarixi muzeyinin elmi işlər üzrə direktor müavini, t.e.d. Fərhad Cabbarov,  Türkoloji Mərkəzin Türk dilləri bölməsinin müdiri, prof. Mirvari İsmayılova, Azərbaycan dilçiliyi kafedrasının dosentləri, f.e.d. Ədalət Abbasov, dos Sevinc Sadıqova türk dövlətləri üçün ortaq əlifba məsələləri ilə əlaqədar çıxış etmişlər.

Tədbirdə iştirak edən qonaqlardan BDU-nun filologiya fakültəsinin professorları Məhərrəm Məmmədli, Yeganə İsmayılova, türk filologiyası kafedrasının müdiri,  professor Rüfət Rüstəmov, BAAU-dan dos.Zəminə Rüstəmbəyli çıxış edərək qurultayla bağlı fikirlərini bölüşdülər.

Bundan başqa, tədbirdə Turanel media şirkətinin, “İki sahil”  qəzetinin nümayəndələri,  “Müəllim sözü” qəzetinin redaktoru Vahid Aslan və başqaları da iştirak etmişlər.

Seminarda Birinci Türkoloji Qurultayın tarixi mahiyyəti, Qurultayda müzakirə olunan ümumtürk əlifbası, latın qrafikasına keçid, türk xalqları arasında ortaq dil, yazı məsələləri və s.  mövzular da müzakirə edilmişdir.