11 dekabr 2025 00:14
169

Slovakiyanın azad olunmuş ərazilərimizdə əldə etdiyi uğurun rəmzi - “Ağıllı kənd”

Azərbaycanın haqq səsini həmişə dəstəkləyən ölkələr bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərində də yaxından iştirak edirlər. Məsələn, Türkiyə şirkətləri podratçı kimi həmin ərazilərdə həyata keçirilən bir sıra layihələrin fəal iştirakçısıdır. Mərkəzi Asiya ölkələri də bu prosesdə fəalllıq göstərirlər. Elə Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin, Ağdamda isə Manas məktəbinin artıq fəaliyyət göstərməsi bunu bir daha təsdiq edir.  Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir. Bu ilin oktyabrında isə Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub. Yeri gəlmişkən qeyd edək ki, Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə olub.

Avropanın güclü sənaye potensialına malik ölkələrindən biri sayılan Slovakiya da işğaldan azad edilmiş ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərində yuxarıda adlarını çəkdiyimiz türk dövlətləri kimi rəsmi Bakının yanındadır. Məhz bu səbəbdən Prezident İlham Əliyev Qarabağın yenidən qurulmasına verdiyi dəstəyə görə bu ölkəyə də dəfələrlə təşəkkürün edib. Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin adından verilən rəsmi ziyafətdəki çıxışında dövlətimizin başçısı bir daha vurğuladı ki, hazırda tikilən “Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək: “851 ev və 10 yaşayış binasından, eləcə də məktəb, uşaq bağçası və tibbi mərkəzdən ibarət kənd nailiyyətlərinizin və əbədi dostluğumuzun təzahürü olacaq”.

Xatırladaq ki, 2025-ci ilin sentyabrında Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Concago j.s.a” və onun yerli tərəfdaşı “IMA ENERGY MMC” tərəfindən fərdi evlərin tikintisi üzrə müqavilə imzalanıb və işlər artıq başlanıb. Şübhəsiz, bu layihə yalnız infrastrukturun yenilənməsinə deyil, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verəcək. Bir məsələni də vurğulayaq ki, dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacaq. Məlumat üçün bildirək ki, 24 dekabr 2023-cü il tarixində Prezident İlham Əliyev Ağdam rayonunun Baş Qərvənd kəndinin təməlqoyma mərasimində iştirak edib.

“İşğaldan azad edilmiş ərazilərin bərpası bu gün Azərbaycanın bir nömrəli hədəfidir” deyən dövlətimizin başçısı, həmçinin həmin tədbirdə bildirmişdi ki, Slovakiya nəinki bu işlərdə, o cümlədən minalardan təmizləmədə də Azərbaycana yardım edir: “Slovakiyadan aldığımız xüsusi avadanlıq insan həyatını xilas etməyə, sağlamlığı qorumağa imkan yaradır. Əfsuslar ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi bitdikdən sonra 400-dən artıq insan minalara görə öz həyatını itirib, yaxud ciddi yaralanıb. Sizdən aldığımız avadanlıq həqiqətən insan həyatını qoruyur”. Qeyd edək ki, ötən il iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və bu da bizim münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmışdır.

Şübhəsiz, bütün bunlar bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sülhün və əməkdaşlığın təşviqinə yönəlmiş ardıcıl siyasət yürüdən dövlət kimi böyük nüfuz qazanmasından irəli gəlir.  Onu da qeyd edək ki, Slovakiya ilə münasibətlərin dərinləşməsi Azərbaycanın digər Avropa ölkələri ilə də gələcək illərdə qarşılıqlı əməkdaşlığı üçün geniş üfüqlər açır.

Qvami Məhəbbətoğlu, “İki sahil”