Müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib halqalarından birini təşkil edir. Belə ki, azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı, ixrac səbətinin həm çeşidini həm də coğrafiyasını genişləndirməyə şərait yaradır. Bu da valyuta daxil olmalarının artmasına, müasir texnologiyalara çıxış imkanına pozitiv təsir göstərir. Bütün bunlar, son nəticədə milli iqtisadiyyatın dayanıqlı inkişafına və dünya bazarına daha səmərəli inteqrasiya olunmasına şərait yaradır. Belə iqtisadi zonaların yaradılması ayrı-ayrı ərazi və regionların iqtisadiyyatının inkişafı baxımından da təsirli mexanizmdir.
Tarixə nəzər saldıqda məlum olur ki, xüsusi iqtisadi zonalar əsasən 20-ci əsrin ikinci yarısından etibarən ABŞ, Yaponiya, Koreya, Çin və başqa ölkələrdə yaradılmağa başlanılıb. Dünya Bankının hesabatlarına əsasən, dünyanın 130 ölkəsində 5000-dən çox xüsusi iqtisadi zona mövcuddur ki, onların da qlobal ixracda çəkisi 200 milyard dollardan artıqdır. Azad İqtisadi Zonanın fəaliyyəti yalnız yerləşdiyi ölkənin ərazisinə deyil, qonşu ölkələrində iqtisadiyyatına müsbət impuls verməkdədir. Azad İqtisadi Zonanın regional təsirlərini əyani görmək üçün Dubaya baxmaq kifayətdir. Belə ki, 1940-cı ilə qədər Dubay kiçik yaşayış məntəqəsi olub. 1979-cu ildə Cəbəl Əli limanının tikilməsi və ardından isə onun ətrafında Azad İqtisadi Zonanın salınması kiçik yaşayış məntəqəsini müasir dövrdə dünyanın əsas ticarət və maliyyə mərkəzinə çevrilməsinə imkan yaratdı. Ekspertlərin fikrincə, azad iqtisadi zonalarda güzəştlərin tətbiqi nəticəsində mənfəət norması 30-35 faizdən artıq olur. Hətta Asiyanın azad iqtisadi zonalarında fəaliyyət göstərən transmilli şirkətlər ildə orta hesabla 40 faiz mənfəət əldə edirlər.
Azad bazar iqtisadi münasibətlərinin formalaşdığı Azərbaycanda da bu məsələ getdikcə aktuallığını artırır. Ölkəmizdə belə zonaların yaradılmasının bazar münasibətlərinin dərinləşməsi, biznes fəaliyyətinin genişlənməsi istiqamətində mühüm iqtisadi əhəmiyyəti vardır. Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın (Ələt Azad İqtisadi Zonası) yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun fəaliyyətini daha səmərəli edir. 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar və bundan bir il sonra müvafiq qanun qəbul edilməsi ilə bu sahədə real addımların atılmasına başlanılıb. 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə sözügedən iqtisadi məkanın təməli qoyulub. 2023-cü il iyunun 9-da isə Ələt Azad İqtisadi Zonasının birinci mərhələsi istifadəyə verilib.
İqtisadi zonanın yaradılmasında əsas məqsəd daxili və xarici investorlar üçün əlverişli mühit yaratmaq, Azərbaycana sərmayə cəlb etməkdir. Bu zona üçün məkanın məhz Ələtdə seçilməsi isə təsadüfi deyildir. Bu barədə Prezident İlham Əliyev belə deyib: "Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Burada beynəlxalq dəniz limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Hesab edirəm ki, Ələtin inkişaf perspektivi də çox uğurlu ola bilər. Əgər bu zona istədiyimiz kimi formalaşsa, - mən buna əminəm, - bu bölgənin inkişaf dinamikası ümumi inkişafımıza da böyük müsbət təsir göstərəcək. Bax, bu amillər bu yerin seçilməsində əsas rol oynamışdır. Eyni zamanda buradan bizim beynəlxalq dəhlizlərimiz də keçir. Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt bu məqsədlər üçün seçilmişdir".
Qeyd edək ki, Ələt Azad İqtisadi Zonasının təsdiq edilmiş Baş planı 719 hektar ərazini əhatə edir və üç ayrı zonaya bölünür. Ümumilikdə, hökumət tərəfindən Ələt Azad İqtisadi Zonasına 5032 hektar ərazi ayrılıb, əlavə olaraq gələcəkdə genişlənməsi üçün 3000 hektar ərazi ehtiyat saxlanılıb. Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Ələt Azad İqtisadi Zonası üçün 1453 hektar torpaq sahəsi alınacaq. 2026-cı ildə isə iqtisadi zonanın karqo hava limanı istifadəyə veriləcək. Hava limanı 750 hektar ərazini əhatə edəcək. Aeroportun illik yükaşırma gücünün ilkin mərhələdə 500 000 ton, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılır.
Göstərilənlərlə yanaşı, azad iqtisadi zonanın inkişafı üçün vacib stimullaşdırıcı amillərdən biri də güzəşt sistemləridir. Hər bir investor istənilən kapital qoyuluşu etməzdən əvvəl onun sərəncamında olan güzəştləri və şəraiti diqqətlə öyrənir. Hər bir dövlət və ya onun bu və ya digər regionu azad iqtisadi zona yaradarkən öz güzəşt yığımlarını müəyyən edir. Təcrübə göstərir ki, azad iqtisadi zonalarda yaradılan güzəştlər sistemi kifayət qədər individualdır və həmin dövlətin və ya regionun ərazisində həyata keçirilən proqram və layihələrlə sıx bağlıdır. Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkətinin seçilməsi isə prosesin beynəlxalq təcrübənin ən mütərəqqi nümunələrinin tətbiqi ilə həyata keçirilməsinə imkan verir.
Sevinc Azadi, “İki sahil”