28 noyabr 2025 00:35
97

“Avrasiya Nəqliyyat Marşrutu” Orta Dəhlizin rolunu gücləndirəcək

Son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. Bakı-Тbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin, eləcə də Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutunun (Orta Dəhliz) fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialından real istifadəyə istiqamətlənib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, müasir aeroportların, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində dəmiryol xətlərinin yenilənməsi nəticəsində ölkənin xarici iqtisadi əlaqələri genişlənib. Bakı-Тbilisi-Qars dəmir yolu xətti Avropa və Asiya ölkələri arasında yük daşınmasında tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini daha da artırıb. Ekspertlərin sözlərinə görə, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 1 milyon tondan 5 milyon tona qaldırılması daşımaların artmasına hesablanıb. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin daha da dərinləşməsi yeni-yeni imkanlar yaradır. Azərbaycanın, Qazaxıstan və Gürcüstanın birgə tarif müəyyən etməklə bağlı razılığa gəlməsi, o cümlədən Orta Dəhlizin imkanlarının genişləndirilməsi, təbii ki, Azərbaycan üzərindən tranzit daşımaların həcminin artmasına gətirib çıxaracaq.

Dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini gündən-günə artıran Azərbaycan hazırda Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun daha da güclənməsinə böyük töhfələr verir. Yeri gəlmişkən, Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.

Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçılarının suallarını cavablandırarkən bildirib ki, hazırda Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır: “Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Yəni, görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda, əsas nəqliyyat marşrutu olacaq. Amma təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar”.

Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü daha da artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək. Zəngəzur dəhlizinin reallaşması isə potensialını gündən-günə artıran Orta Dəhlizin gələcək inkişafı və genişlənməsində mühüm amil olacaq. Nüfuzlu beynəlxalq təşkilatların da bildirdiyi kimi, Orta Dəhliz yaxın gələcəkdə qlobal tədarük zəncirinin ən mühüm hissəsi kimi yeni sürətli inkişaf mərhələsinə daxil olmaqla Avrasiyada yeni iri ticarət marşrutuna çevriləcək.

Son illər beynəlxalq tranzit yük axınlarını təmin etmək məqsədilə ölkə daxilində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi, eləcə də beynəlxalq dəhlizlərin keçdiyi ölkələrlə qarşlıqlı əməkdaşlıq sayəsində dəhlizlərin funksionallığının artırılması istiqamətində həyata keçirilən uzunmüddətli strateji tədbirlər artıq öz bəhrəsini verməkdədir. 

Noyabrın 25-də Bakıda “Avrasiya Nəqliyyat Marşrutu”nun Beynəlxalq Assosiasiyasının təsisçilərinin Ümumi Yığıncağının iclası keçirilməsi bunun əyani təsdiqidir. Azərbaycanın sədrliyi ilə təşkil olunan iclasda Assosiasiyanın üzvü olan Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan dəmiryol administrasiyalarının rəhbər heyəti iştirak edib. İclasda qeyd olunub ki, Çindən Avropaya və əks istiqamətə yükdaşımalarda artımın müşahidə edildiyi bir vaxtda marşrutların şaxələndirilməsinə ehtiyac yaranıb. Bu məqsədlə “Avrasiya Nəqliyyat Marşrutu”nun fəaliyyətinin tam təmin edilməsinin əhəmiyyəti daha da artmaqdadır. Orta Dəhlizin cənub qanadı hesab edilən Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edir. Artıq bu aydan Çinin Qaşqar şəhərindən Azərbaycana Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə multimodal daşımalara başlanılıb. 2024-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Dəmir Yoları, Özbəkistan Dəmir Yolları, Qırğızıstan Dəmir Yolları Milli Şirkəti və Tacikistan Dəmir Yollarının iştirakı ilə “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılıb. Assosiasiyanın yaradılmasında məqsəd tranzit yüklərin cəlbi, inteqrasiya edilmiş logistika məhsullarının inkişafı, daşıma prosesləri üzrə vahid texnologiyanın yaradılması, səmərəli tarif siyasətinin həyata keçirilməsi və xərclərin optimallaşdırılmasıdır.

Zahid Rza, “İki sahil”