28 noyabr 2025 01:56
70

Kiçik biznesə böyük dəstək

KOBİA kiçik və orta biznesə səmərəli dəstəyinə görə Aİ-nin hesabatında birinci sırada yer alıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) artıq ölkəmizdə və dünyada özünü doğrultmuş modern xidmət sahəsidir. Məhz bu səbəbdən də Agentlik  Avropa İttifaqının (Aİ) dəstəyi ilə hazırlanan «EU Business Climate Report: Azerbaijan 2024» hesabatında bütün dövlət qurumları arasında səmərəlilik üzrə birinci sırada yer alıb.

Bu nəticə Azərbaycan iqtisadiyyatında KOB sektoruna yönəlmiş son illərin ardıcıl siyasətinin kağız üzərində deyil, həyatda gerçəkləşməsinin mühüm göstəricisidir. İstər sahibkarlıq mühitinin modernləşdirilməsi, istərsə də regionlarda biznesin dəstəklənməsi baxımından KOBİA artıq ölkədə yeni idarəetmə mədəniyyətinin formalaşmasına rəhbərlik edən aparıcı qüvvə kimi çıxış edir.

Xüsusilə «KOB evləri» modelinin Aİ tərəfindən innovativ təşəbbüs kimi tanınması təsadüfi deyil. Bu model sahibkarlara «Bir  pəncərə» rahatlığı ilə xidmət göstərir, bürokratik yükü azaldır, biznesin gündəlik ehtiyaclarına real cavab verməyi bacarır. Aİ-nin hesabatında ən çox diqqət çəkən amillərdən biri «KOB dostu» şəbəkəsinin roludur. Çünki paytaxtda və regionlarda real sahədə bizneslə birbaşa təmasda olan, sahibkarın problemini dinləyən, həll yolları axtaran və həqiqətən də «dost» funksiyasını yerinə yetirən məhz bu komandadır. «KOB dostu» illərdir bölgələrdə gənc və peşəkar dövlət xidmətinin yeni modelini formalaşdırır.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi barədə dönüş son illərdə KOBİA-nın hədəfli fəaliyyəti nəticəsində real göstəricilərə çevrilməyə başlayıb. Agentliyin tətbiq etdiyi mexanizmlər biznesə yalnız formal dəstək deyil, həm də praktik üstünlüklər gətirir. Xidmətlər daha operativ və şəffafdır, sahibkarın dövriyyəsinə, məşğulluğuna, investisiya marağına birbaşa təsir edən proqramlar genişlənir, regionlarda iqtisadi aktivlik yüksəlir, startap mühiti əvvəlki illərlə müqayisədə daha canlıdır və daha çox gənc məhz KOBİA-nın dəstəyi ilə biznes mühitinə daxil olur.

Məhz iqtisadi göstəricilər də bu ahəngdar keçidi təsdiqləyir. KOB-ların qeyri-neft sektorunun ümumi strukturunda payının artması, regionlarda biznes qeydiyyatında canlanma və bir sıra sahələrdə yerli istehsalın genişlənməsi KOBİA-nın fəaliyyətinin təsadüfi təsir deyil, sistemli nəticə olduğunu göstərir.

Heç təsadüfi deyil ki, bu ilin yanvar–oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 3 milyard ABŞ dolları təşkil edib. Son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 19,8 faiz artaraq 962,1 milyon ABŞ dolları olub.

Bundan başqa, hesabat dövründə şəkərin ixrac dəyəri 49,6 faiz, meyvə-tərəvəzin ixrac dəyəri 30 faiz, kimya sənayesi məhsullarının ixrac dəyəri 22,8 faiz, pambıq ipliyin ixrac dəyəri 8,8 faiz, alüminium və onlardan hazırlanan məmulatların ixrac dəyəri isə 3,8 faiz artıb.

Cari ilin doqquz ayında  aqrar məhsulların ixrac dəyəri 27,5 faiz artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 260 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 19,1 faiz artaraq 1,03 milyard ABŞ dolları təşkil edib.Hesabatda ən çox diqqətçəkən məqamlardan biri isə KOB dostu şəbəkəsinin roludur. 6 il əvvəl yaradılan agentlik kabinetdə oturan struktur deyil, əksinə, sahibkarla gündəlik təmasda olan, problemi yerində dinləyən, həll yolu axtaran, real sahədə çalışan dövlət xidmətinin yeni modelidir.

Qeyd edək ki, cari ilin 6 ayı ərzində KOBİA regionlarda həyata keçirilən və ya icrası davam edən 18 layihəyə 300 min manatdan çox qrant vəsaiti ayırıb. Regionlarda fəaliyyət göstərən 40 sahibkarlıq subyektinə «Startap» şəhadətnaməsi verilib. Məhsul və xidmətlərinin satışına və tanıdılmasına dəstək üçün bölgələrdə 930-a yaxın biznes subyketinin iştirakı ilə 16 sərgi və yarmarka təşkil edilib.

Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən faydalanmış sahibkarların 15-ə yaxını regionlardandır. Bölgələrdə yeni məhsul və xidmət istehsalı üzrə sahibkarların müraciətləri və KOBİA-nın təşəbbüsü ilə 3 daxili bazar araşdırması aparılıb.

Bu günədək Agentlik tərəfindən regionlarda fəaliyyət göstərən sahibkarlar və biznesə başlamaq istəyən şəxslər üçün ödənişsiz olaraq 3 mindən çox təlim, 80 min saata qədər məsləhət xidməti təşkil olunub. KOBİA-nın dəstəyi ilə hazırlanmış biznes planların 700-ə yaxını da region sahibkarlarının və ya bölgələrdə icra olunacaq layihələrin payına düşür.

Elçin Zaman, «İki sahil»