27 noyabr 2025 12:55
169

Xaçmaz rayonunda meyvə bağlarına dəymiş zərər üzrə təqribən 1 milyon manat sığorta ödənişi edilib

Azərbaycanda dövlət dəstəyi ilə uğurla tətbiq olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı sürətlə artmaqdadır. 2025-ci ilin noyabr ayında Aqrar Sığorta Fondu tərəfindən ölkədə meyvə bağları üzrə rekord məbləğdə aqrar sığorta ödənişi həyata keçirilib. Xaçmaz rayonunun Tell kəndlərində yerləşən «Naxo Group» MMC şirkətinə məxsus nektarin və bağı güclü şaxtalar nəticəsində zərər görüb. Rayonun Cığatay kəndində yerləşən «Trek Service Engineering» MMC şirkətinə məxsus badam bağında isə sel-subasma hadisəsi baş verib. Hər iki təsərrüfat məhsul itkisi və zərərlə üzləşib. 

Sözügedən təsərrüfatlarda şaxtavurma və sel-subasma hadisəsi barədə müraciət daxil olduqdan sonra Aqrar Sığorta Fondu tərəfindən əraziyə müstəqil aqrar sığorta ekspertləri yönəldilib. Ekspertlər dəfələrlə ərazidə olaraq baş vermiş hadisəni araşdırıb, bağa dəymiş zərərin xarakterini və həcmini müəyyən ediblər. Eləcə də zərərin miqyasları nəzərə alınaraq Aqrar Sığorta Fondunun rəhbər şəxsləri və mütəxəssisləri də həmin təsərrüfatda olaraq vəziyyətlə tanış olublar. 

Araşdırmalar nəticəsində meyvə bağında miqdar itkisinin baş verdiyi müəyyən edilib. Aqrar Sığorta Fondu tərəfindən aparılan hesablamalar əsasında təsərrüfatlara - “Naxo Group” MMC-yə 712 482 AZN məbləğində, “Trek Service Engineering” MMC-yə isə 200 520 manat məbləğində aqrar sığorta ödənişi təyin edilib. 

Bu indiyədək Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına ödənilən ən böyük sığorta ödənişidir. Ödəniş alan təsərrüfat nümayəndələri aqrar sığorta sisteminin işindən olduqca razı qalıb və bütün fermerləri təsərrüfatlarını sığortalamağa çağırıblar. 

“Naxo Group” MMC-nin baş aqronomu Ahmet Turqut aqrar sığortanın bütün təsərrüfatlar üçün vacib olduğunu bildirib: “Əkinçilik, xüsusilə də meyvə bağı təsərrüfatı olan fermerlər üçün aqrar sığorta çox önəmlidir, çünki təbiət hadisələri baş verəndə onlardan qorunmaq üçün başqa bir mexanizm mövcud deyil. Təsərrüfatımızda mart ayında baş verən şaxtavurma hadisəsi zamanı əlimizdə olan bütün imkanlar və texnikp vasitələrlə zərəri azaltmağa çalışsaq da, meyvə bağına zərər dəydi. Bizə dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən kompensasiya edildi. Bu dəstəyə görə görə, mexanizmi yaradan ölkə rəhbərliyinə təşəkkür edirik. Bütün fermerləri dövlətin bu dəstəyindən istifadə edərək təsərrüfatlarını sığortalamağa çağırıram”. 

Aqrar Sığorta Fondunun İdarə heyəti sədrinin müşaviri Rəvan Səmədli isə bildirib ki, aqrar sığtorta mexanizmi ümumilikdə 41 bitki növünü sığorta edir, lonun da yarısı meyvə bağlarıdır: «Naxo Group»un və «Trek Service Engineering»in meyvə bağlarında şaxtavurma və subasma hadisəsi ilə bağlı müraciət daxil olduqdan sonra fondun mütəxəssisləri və ekspertləri təsərrüfatlara gələrək zərəri qiymətləndiriblər. Nəticə olaraq təsərrüfata sığorta ödənişi həyata keçirilib». 
Ümumilikdə Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına 2,5 milyon manat sığorta ödənişi həyata keçirilib. 

Xatırladaq ki, Aqrar Sığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın,  dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur. 

Dövlət tərəfindən təqdim olunan 50%-lik sığorta haqqı güzəşti nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyirlər, qalan hissəni, fermerlərə dəstək üçün dövlət özü ödəyir. Aqrar Sığorta Fondu fermerlərə xatırladır ki, hazırda meyvə bağlarının sığortalanması mövsümü başlayıb. Fermer və meyvə bağı sahibləri dövlət aqrar sığortası vasitəsilə öz təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər. 

Meyvə bağlarının sığortalanması üçün sığorta haqlarını fermerlər özləri də müstəqil şəkildə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablaya bilərlər (https://asf.gov.az/bitkicilik-kalkulyatoru). 
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Orxan Vahidoğlu, "İki sahil"