24 noyabr 2025 17:22
100

Burun əməliyyatından sonra komaya düşən Nigara görə - KLİNİKAYA PROTOKOL YAZILDI

Gənc qızın komaya düşməsi ilə nəticələnən burun əməliyyatına görə Səhiyyə Nazirliyinə “MedAura” klinikası ilə bağlı protokol göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Report”a nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, protokol uğursuz rinoplastika əməliyyatı ilə əlaqədar tərtib edilib. Noyabrın 7, 12 və 13-də klinikada plandankənar (növbədənkənar) yoxlamalar keçirilib: “Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülüb və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib”.

Qeyd edək ki, Bakıda “MedAura” klinikasında gənc qız, Şəmkir sakini Nigar İlham qızı Budaqlı burun əməliyyatından sonra komaya düşüb. Bu barədə qızın bacısı İlhamə Budaqlı sosial media hesablarında paylaşım edib. N.Budaqlının əməliyyatını həkim-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva icra edib. Məlumata görə, ekspert rəyində həkimlərin təqsiri sübuta yetirilib.