Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitututun baş elmi işçisi, professor Rauf Cəfərov vəfat edib.
Rauf Cəfərov 10 fevral 1961-ci ildə İrəvan şəhərində anadan olub. 1968-1972-ci illərdə İrəvan şəhər M.F. Axundov adına 9 nömrəli orta məktəbdə ibtidai təhsil alıb. 1972-1978-ci illərdə Bakı şəhəri Binəqədi rayonu 248 nömrəli orta məktəbi qızıl medal ilə bitirib.
1978-1983-cü illərdə BDU-nun Fizika fakültəsində “Fizika müəllimi” ixtisası üzrə təhsil alıb. 1983-1987-ci illərdə Fizika fakültəsinin Maddə quruluşu kafedrasının aspirantı olub. 1988-ci ildə “Nəzəri və riyazi fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi, 2007-ci ildə "Nəzəri və riyazi fizika" ixtisasında fizika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 2010-cu ildən "Nəzəri fizika" ixtisası üzrə dosent, 2022-ci ildən professor idi.
O, 1983-1987-ci illərdə Fotoelektronika Elmi-Tədqiqat İnstitutunda mühəndis, 1987-1992-ci illərdə BDU-nun Maddə quruluşu kafedrasında laborant, baş laborant, 1992-1993-cü illərdə Yarımkeçiricilər fizikası kafedrasında baş müəllim işləyib.
1993-1995-ci illərdə Rusiya Elmlər Akademiyası P. N. Lebedev adına Fizika İnstitutunun Nəzəri fizika şöbəsinin Elementar zərrəciklər fizikası sektorunda elmi işçi kimi fəaliyyət göstərib. 1999-2002-ci illərdə BDU-nun Kvant kimyası, 2002-2005-ci illərdə Yüksək enerjilər fizikası elmi-tədqiqat laboratoriyalarında, 2005-2009-cu illərdə BDU-nun Fizika Problemləri İnstitutunda aparıcı elmi işçi işləyib. 2009-cu ildən Fizika Problemləri İnstitutunun baş elmi işçisi və Nəzəri fizika kafedrasının professoru idi.
Rauf Cəfərov 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Onun tədqiqat sahəsi yüksək enerjilər fizikası, rabitəli sistemlərin kvantlanması, kvant sahə nəzəriyyəsinin qeyri-perturbativ metodları, çoxzərrəcikli tənliklər nəzəriyyəsi, plazma fizikası, nüvə fizikası idi.
BDU rəhbərliyi və kollektivi professor Rauf Cəfərovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!