“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında insan kapitalının inkişafı istiqamətində 3 mühüm tədbirin Naxçıvan Dövlət Universiteti (NDU) ilə bağlı olması ölkəmizdə təhsilə, elmə və insan kapitalının inkişafına diqqətin bariz nümunəsidir. 2024-cü il üzrə NDU-da Dövlət Proqramı çərçivəsində müəyyənləşdirilmiş fəaliyyətlərin icrası istiqamətində mühüm işlər görülüb və cari ilədək olan bütün istiqamətlərdə demək olar ki, tam icraya nail olunub.
“İki sahil” xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin iqtisadi məsələlər üzrə rektor müşaviri Ülvi Baxışlı deyib.
O vurğulayıb ki, Universitet rektorunun 05 dekabr 2023– cü il tarixli müvafiq əmri ilə tədbirlər planında NDU tərəfindən nəzərdə tutulmuş layihələrin icrası məqsədi ilə aid şəxslərdən ibarət müvafiq komissiya yaradılaraq fəaliyyətə başlayıb. Əsas prioritet istiqamət hesab edilən “Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması” ilə bağlı ilk olaraq Dövlət proqramı çərçivəsində NDU nəzdində İngilis dili təmayüllü Gimnaziya yaradılıb və Nizamnaməsi təsdiq edilib. Növbəti mərhələdə Kembric Universitetinin lisenziyası əsasında NDU Beynəlxalq Kembric Məktəbi fəaliyyətə başlayıb. Həm yerli kurikulum, həm də beynəlxalq proqram üzrə fəaliyyət göstərən məktəbdə müvafiq standartlara uyğun müəllim qəbulu reallaşıb və struktur formalaşdırılıb: "2024-2025-ci tədris ilindən müvafiq tələblərə uyğun şagird qəbulu həyata keçirilib və tədris prosesinə başlanılıb. Eləcə də məktəbin kitabxanası və texniki təminatı üçün Dövlət Proqramı çərçivəsində 72 min 748 manatlıq 670 adda elektron və çap şəklində Kembric dərslikləri və digər kitabların təminatı reallaşdırılıb. Eyni zamanda, 151 min 440 manatlıq elektron tədris avadanlıqları - 2 PC kompüter, 2 Notebook, 2 çoxfunksiyalı rəngli printer, 2 ağ-qara printer, 2 İnteraktiv monitor, 2 UPS, 90 çoxfunksiyalı tablet alınaraq məktəbin istifadəsinə verilib".
Rektor müşaviri bildirib ki, Dövlət proqramı vəsaiti hesabına icra edilən layihə hazırda icra prosesindədir və növbəti tədris ilinədək işlərin yekunlaşdırılması nəzərdə tutulur.
2024-2025-ci tədris ilindən ölkədə ilk dəfə olaraq NDU-da Tibb fakültəsində tibb ixtisası üzrə SABAH qruplarına tələbə qəbulu uğurla baş tutub və 21 tələbə tədrisə başlayıb. Universitet tərəfindən tələbələrin bütün ehtiyacları və mövcud təlimata uyğun olaraq semestr təqaüdlərindən əlavə 50 manat məbləğində təqaüdlə təmin edilib. Dövlət proqramı xətti ilə NDU-da SABAH qruplarının elektron bazasının və kitabxana resurslarının zənginləşdirilməsi məqsədilə müvafiq satınalma metodundan istifadə edilərək ümumi dəyəri 65 000 manat olan, 4 ədəd Ultra 4K proyektor, 15 ədəd Notebook, 171 adda müxtəlif dillərdə tibb ixtisasına uyğun dərslik alınaraq tələbələrin istifadəsinə verilib.
Ülvi Baxışlı qeyd edib ki, "Təfsilatlı Tədbirlər Planında NDU üçün nəzərdə tutulmuş digər mühüm bir istiqamət isə Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili olub və bu istiqamətdə beynəlxalq əməkdaşlıqlar genişləndirilib.
İkili diplom proqramlarının icrası məqsədilə NDU-da iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələrin 2+2 formatında təhsillərini Türkiyənin Çankırı Karatekin Universitetinə əvvəlcədən bağlanılmış müqavilə çərçivəsində davam etdirməsinə 2024-2025-ci tədris ilindən start verilib. 2024-cü ilin oktyabr ayında Macarıstan Respublikasının John Von Neyman Universiteti ilə tədrisi ingilis dilində aparılan kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom müqaviləsi bağlanılıb və 2025-2026-cı tədris ilindən qəbul aparılacaq. Ümumilikdə, 2024-cü il ərzində NDU ilə müxtəlif ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri arasında 12 anlaşma memorandumu, 6 ERASMUS razılaşması bağlanılıb", - deyə əlavə edib.