14 iyun 2025 10:20
204

Vüqar Rəhimzadə: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bütün dünyaya sübutudur

Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin Şuşanın şahidliyi ilə rəsmiləşdirildiyi  15 iyun 2021-ci il  tarixindən 4 il keçir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün ən yüksək zirvədədir. Qardaş ölkələrimiz beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması  iki dost  ölkəni tarixən bir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa  Bəyannaməsi tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk  Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir, XX əsrin sonlarında isə Ümummilli Lider  Heydər Əliyev Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir demişlər. Bu tarixi sözlər, kəlamlar  fəaliyyətimiz üçün əsas amildir. Bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.

 Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya çatdıran mesaj oldu. Türkiyə 2020-ci il Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünə və haqlı mübarizəsinə göstərdiyi birmənalı mənəvi-siyasi dəstəklə qardaşlığını  nümayiş etdirdi. Azərbaycan Cənubi Qafqazın ən böyük enerji resursuna malik ölkəsi olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarükünü uğurla davam etdirir. Bu əməkdaşlığın əsasını Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr təşkil edir. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP  layihəsi isə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdırmaq üçün yeni imkanlar yaradıb. TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılmasında mühüm rol oynayır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, genişlənən enerji əməkdaşlığı çərçivəsində Azərbaycan və Türkiyə arasında daha bir mühüm layihə isə İğdır-Naxçıvan qaz kəməridir. Bu layihə uzun illər blokada şəraitində yaşamış Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini təmin etməklə yanaşı, regionun iqtisadi və sosial inkişafına da töhfə verir. Uzaqgörən siyasi yanaşmanın nəticəsi olan bu kəmər Naxçıvanın təbii qaz təminatında etibarlı alternativ rolunu oynayır və bir mənbədən asılılığın aradan qaldırılmasına şərait yaradır. İki ölkə arasında ticarət dövriyyəsi də ildən-ilə artır, qarşılıqlı sərmayə qoyuluşu genişlənir, birgə sənaye zonaları yaradılır.

 Vüqar Rəhimzadə vurğulayıb ki, Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bu sənəd sülhə və təhlükəsizliyə yol açır,  bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər hər iki ölkənin beynəlxalq nüfuzunu artırır. Sənəd  qardaş ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edir və Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək səviyyəyə qaldırır.

 Milli Məclisin deputatı bildirib ki, mədəni-humanitar sahələrdə birgə layihələr, qarşılıqlı incəsənət və təhsil proqramları, media platformalarında əməkdaşlıq xalqlarımız arasında qardaşlıq münasibətlərinin daha da güclənməsinə şərait yaradır. Türk Dövlətləri Təşkilatının platformasında aparılan birgə təşəbbüslər isə ikitərəfli münasibətlərin çoxtərəfli formata keçməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu günlərdə Laçından dünyaya çatdırılan Azərbaycan-Türkiyə-Pakistan bilriyi, həmrəyliyi də bunun bariz nümunəsidir. 28 May-Müstəqillik Günü Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi oldu. İki dost, qardaş ölkənin prezidentlərinin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Bundan öncə isə Azərbaycan və Türkiyə prezidentləri 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava  limanlarının açılışında iştirak etmişdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü ilə bağlı Laçında təşkil edilən tədbirdəki çıxışında bir daha bildirdi: “Bəli, obamız, yuvamız və göz bəbəyimiz Azərbaycan ilə aramızdakı məhəbbəti, inşallah, gücləndirərək davam etdirəcəyik. Bu xoş gündə olduğu kimi, Allah göstərməsin, çətin günlərində də Azərbaycan xalqının hər zaman yanında olacağıq. Rəbbimdən Azərbaycan-Türkiyə qardaşlığını əbədi və daimi etməsini diləyirəm.”

 Vüqar Rəhimzadə qeyd edib ki, iki ölkə arasında münasibətlər səmimi, qarşılıqlı və qardaşlıq əsaslıdır. Azərbaycan və Türkiyə bu gün yalnız strateji tərəfdaşlar deyil, həm də regional və qlobal miqyasda ortaq maraqları müdafiə edən, bir-birinə arxa duran müttəfiq dövlətlərdir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsində əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrimizin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirmələrindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrimizin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Bəyannamə əsasında Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olmuşlar. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı qardaş ölkələrimizin hərbi qüdrətini artıracaq.

 Millət vəkili bu mühüm məqamı da xüsusi qeyd edib ki, Bəyannamənin imzalanmasından sonra Şuşada hər il 15 uyun tarixində ənənəvi olaraq  konfranslar keçirilir.  Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2022-ci ildə bu əsrarəngiz məkanda Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” , 2023-cü ildə “Qurtuluşdan Zəfərə”,   2024-cü ildə isə  “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu ənənə uğurla davam etdirilir. Keçirilən hər bir tədbir Azərbaycan-Türkiyə münasibətlərinin dünəninə, bugününə və gələcəyinə işıq salmaqla yanaşı, azad Qarabağdan dünyaya bu birliyin, həmrəyliyin təqdimatı olur. Azərbaycan-Türkiyə birliyi sarsılmazdır.