Arif Əsədov: O zamanlar “Neftçi”də çıxış etməyən futbolçunu yarımçıq futbolçu adlandırardılar
Müsahibimiz Azərbaycan futbolunun tanınmış simalarından biri, həm futbolçu, həm də məşqçi kimi çempionluq tituluna yiyələnmiş Arif Əsədovdur. O, yeniyetmə çağlarında SSRİ-nin gənclərdən ibarət yığmasına dəvət alıb və bu komandanın tərkibində 16 yaşlılar arasında dünya, 19 yaşlılar arasında Avropa çempionu tituluna yiyələnib. O, baş məşqçi kimi əvəzedicilərin ilk çempionatında “Neftçi”ni qalib edib. “Neftçi”nin əsas komandasını 6 ildən sonra çempionluğa yüksəldib. U-19-la ermənilər üzərində qələbə ilə Azərbaycan futbolu tarixində ilk dəfə mərhələ adlayıb.
-Siz ötən il Azərbaycan milli komandasının məşqçisi vəzifəsindən azad olunmusunuz. Hazırda UEFA-nın Məşqçi kurslarında təlimatçı kimi fəaliyyətinizi davam etdirirsiniz. Milli komandadan ayrılmağınızda hansı amil önəmli rol oynayıb?
-Bəri başdan deyim ki, mənim müqaviləmə qarşılıqlı razılıq əsasında xitam verilib. Milli komandanın baş məşqçisi Cianni De Byazinin gedişindən sonra mən demək olar ki, 6 ay milli komandamızın baş məşqçisi vəzifəsini icra etdim. O aylarda komanda mənim rəhbərliyim altında 4 oyun keçirdi. FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan "FİFA series – Edition 2024" layihəsi çərçivəsində keçirilən yarışda Monqolustanı 1:0 hesabı ilə məğlub edən komandamız Bolqarıstanla heç-heçə oynadı. Macarıstanda keçirilən yoldaşlıq görüşündə isə millimiz Albaniyaya 1:3 uduzdu, Qazaxıstanı isə 3:2 hesabı ilə uddu. Bu qalibiyyət il ərzində millimizin son uğuru oldu. Bundan sonra ötən ilin uyun ayında Azərbaycan milli komandasının sükanı arxasına tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuş keçdi. O, komandanı təhvil alanda məndən hesabat istədi. Santuş hesabatla tanış olandan sonra mənə bildirdilər ki, o, sizin işinizi bəyənib. Lakin məsələyə “iki qoçun başı bir qazanda qaynamaz” prinsipindən yanaşan Santuş məni köməkçi qismində görmədi. Yəni, o məni baş məşqçi hesab edirdi. Mənə belə dəyər verdiyi üçün ona təşəkkürümü bildirdim.
-Sizin fikrinizcə, niyə futbolumuz bu gündədir? Hətta aprelin 11-də keçirilən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Hesabat Konfransında da Azərbaycan futbolunun hazırkı durumunun ürəkaçan olmadığı, həmçinin millimizin nəticələri hamımızı məyus etdiyi vurğulanıb. Futbolumuzun günün tələblərinə cavab verməsi məqsədilə hansı addımlar atılmalıdır?
-Bizdə idmanın bütün sahələrinə, o cümlədən futbola dövlət səviyyəsində qayğı var. Bunu danmaq olmaz. Amma futbolçularımız hələ də bu etimadı doğrulda bilmirlər. Elə bu səbəbdən futbolumuz tənqidlərə məruz qalır. Mənim fikrimcə, bunun əsas səbəbi futbolumuzun alt bazasının olmaması ilə əlaqədardır.
Hücumdan müdafiəyə
-Futbola gəlişinizi necə xatırlayırsınız?
-Mən Sumqayıtda anadan olmuşam. Üçüncü sinifə kimi məhəllə futbolunda oynamışam. Özü də həmyaşıdlarımdan fərqlənirdim. Odur ki, bir qayda olaraq özümdən 4-5 yaş böyük uşaqlarla oynayırdım. Dördüncü sinifdə idman dərslərinin birində dedilər ki, bəs Gəncə futbol məktəbinin yetirməsi, SSRİ idman ustası, Əməkdar məşqçi, o zaman Sumqayıtın uşaq futbol məktəbində məşqçi kimi çalışan Telman Salahov seçim etməyə gəlib. O, məktəblilər arasında oyunlar təşkil etdi və mənm oyunumu bəyəndi. Beləcə, altıncı sinfə kimi onun rəhbərliyi altında məşqlərdə, oyunlarda oldum. Sonra Böyükağa Ağayevin yardımı ilə Bakıda İdman Akademiyasında fəaliyyətimi davam etdirdim.
-Karyeranızda Böyükağa müəllimin rolu çox olub?
-Mənim peşəkar futbolçu, həm də məşqçi kimi püxtələşməyimdə Böyükağa Ağayevin rolu danılmazdır. Telman müəllim məni hücumçu kimi yetişdirmişdi. Amma Böyükağa müəllim məndə daha çox müdafiəçi xüsusiyyətlərini nəzərə alaraq müdafiə xəttinə yönəltdi. Bu da 1985-ci ildə Leninqradda (indiki Sankt-Peterburqda) keçirilən turnirdə baş verdi. Belə ki, Leninqradın “Smena” komandası ilə görüş ərəfəsində mərkəz müdafiəçimiz xəstələndi. Bu da komandamıza yaxşı heç nə vəd etmirdi. Belə ki, rəqib komandanın hündürboylu, həm də iri gövdəli Solenko adlı futbolçusu vardı. Onda Böyükağa müəllim tərəddüd etmədən mənə onu zərərsizləşdirməyi tapşırdı və bunu bacardım. Hətta həmin oyunda qol da vurdum. Üstəlik, turnirin ən yaxşı müdafiəçisi nominasiyasına layiq görüldüm. Böyükağa müəllimin həm də mənim məşqçilik fəaliyyətimdə əməyi böyükdür. Belə ki, o, 2009-cu ildə “Neftçi”nin baş məşqçisi olarkən məni özünə köməkçi təyin etdi. Vaqif Sadıqov bu komandada baş məşqçi olarkən də mən köməkçi kimi fəaliyyət göstərdim. Onun gedişindən sonra isə “Neftçi”nin sükanı arxasına keçdim, orada köklü dəyişikliklər həyata keçirdim və 6 illik fasilədən sonra rəhbərlik etdiyim komandanı ölkə çempionu etdim.
Gənclik dövrü və yaxud Pele ilə görüş
-Bəs SSRİ-nin gənclərdən ibarət yığmasına düşməyiniz necə olub?
- O zamanlar gənclərdən ibarət Azərbaycan millisi Böyükağa Ağayevin rəhbərliyi altında “Gənclik” kubokunda yarışa gedirdi. Həmin yarışda mən, Vladislav Qədirov və Vladislav Lemiş SSRİ yığmasının məşqçilərinin diqqətini cəlb etdik. Beləcə biz bu komandaya dəvət olunduq. SSRİ-nin U-16 yığmasının heyətində 24 komandanın iştirakı ilə 1987-ci ildə Kanadada keçirilən dünya çempionatında qızıl medal qazandım. Onu da deyim ki, dünya çempionatında Nigeriya ilə ilk oyun çox çətin alındı. Bu komanda ilə heç-heçədən sonra Meksika və Boliviyanı udduq. Qrupdan lider kimi çıxdıq və növbəti rəqib Fransa oldu. Fransızlar da çox güclü idi, amma biz 3:2 hesablı qələbəyə sevindik. Yarımfinalda isə Fil Dişi Sahilini 5:1-lə keçdik. Nigeriya ilə final oyunu açılışdakı kimi yenə 1:1 bitdi. Penaltilərdən isə daha yaxşı yararlandıq və evə çempion kimi qayıtdıq. Şübhəsiz, bu o yaşda uşaq üçün böyük uğur idi. Daha sonra isə Çexoslovakiyada bu komandanın U-19-un tərkibində 1988-ci ildə keçirilən Avropa çempionu tituluna yiyələndim. Həmin oyunda biz finalda Portuqaliya komandası ilə görüşdük və 3:1 hesabı ilə qalib gəldik.
-Yəqin ki, bu uğurlara görə komanda mükafatsız qalmadı…
- Doğrusu, yeniyetmə və gənc yaşlarıda mənim üçün məsələnin maddi tərəfi elə də maraqlı deyildi. Amma məni mükafatsız qoymadılar.
-Dünya çempionatını izləyənlər arasında Pele də olub?
-Final oyunu Kanadaının Toronto şəhərində oldu. Əfsanəvi futbolçu Pele, həm də FİFA prezidenti Joao Avelanj da oyunu izləyənlər arasında idi. Nigeriya ilə ilk oyunumuzda Pele meydana çıxan ilk 11-liklə görüşdü və foto da çəkdirdi. Bu mənada deyərdim ki, Peledən mənə əl tutub görüşmək və bir də indiyədək saxladığım həmin foto qaldı.
Ən gərgin, həm də sevincli oyun…
- Bəs Arif Əsədov üçün ən gərgin, həm də sevincli oyun hansı olub?
- U-19-la ermənilərə qalib gəldiyimiz oyun. Bu, baş məşqçi kimi mənim debütüm idi. Avropa çempionatının seçmə oyunları idi. Bizim qrupa Ermənistan, Macarıstan, Kipr düşmüşdü. Oyunlar da Kiprdə keçirilirdi. Ermənistana görə çox həyəcanlı idim. Mənə elə gəlirdi ki, bu komandaya uduzan məşqçinin baş məşqçi işləməyə mənəvi haqqı yoxdur. Amma məndə inam vardı ki, onları məğlub edəcəyik. Onda komandada Cavid Hüseynov, Rahil Əmirquliyev, Maksim Medvedyev, Elvin Məmmədov, Nodar Məmmədov, Vurğun Hüseynov kimi futbolçular vardı. İlk oyunumuz da elə ermənilərlə oldu. İlk hissədə üstünlük bizdə olsa da, 5 dəqiqə qalmış əks-hücumda ermənilər fərqləndilər. Elə bir haray saldılar ki… Fasilə zaman bizim soyunub-geyinmə otağında sanki matəm hökm sürürdü. Hətta göz yaşı tökənlər də vardı. Bu zaman içimdən belə bir hiss gəldi ki, uşaqları ruhlandırmaq məqsədlə onlara deyim ki, narahat olmayın, ikinci hissənin ilk 5 dəqiqəsində 2 qol vuracağıq. Belə də etdim. Mənim bu sözlərim onları sanki ayıltdı. Oyunun 47 və 53-cü dəqiqələrinda komandam rəqibin qapısından 2 qol keçirdi və 2:1 önə keçdik. Bu zaman erməni azarkeşlər meydana tökülüşdülər, təxminən 20 dəqiqə fasilə yarandı. Uzun sözün qısası, biz hesabı qoruya bildik. Həyatımın ən gərgin, həm də sevincli oyunu bu olub. Həmin yarışda komandamız digər 2 komandadan bir xal götürməklə futbol tariximizdə U-19 ilk dəfə növbəti mərhələyə keçdi.
- Siz “Dinamo” (Bakı), “Qarabağ”, “Xəzər-Lənkəran”, “Gəncə” komandalarında çıxış etməklə yanaşı, Vladiqafqazın “Spartak-Alaniya”, həmçinin “Tümen”, “Anji” (Mahaqala) komandalarında legioner həyatı da yaşamısınız. Onlardan hansı komanda sizə daha əziz olub?
- Vladiqafqazın "Spartak-Alaniya" klubu. O zaman bu komandanın baş məşqçisi tanınmış futbolçu Valeri Qazzayev idi. O, çox tələbkar idi. Elə komandanı da irəliyə aparan onun bu tələbkarlığı idi.
“Neftçi”- uğurlarımın özəyi
-O zamanlar tanınmış futbolçuların həyatında “Neftçi” mühürm rol oynayıb. Bəs bu barədə siz nə deyə bilərsiniz?
- “Neftçi”yə gələndə 15 yaşım var idi. Onda bu komandaya Ruslan Abdullayev rəhbərlik edirdi. Ona qədər SSRİ-nın müxtəlif yaş qruplarının seçmə komandalarında çıxış edirdim. Amma Azərbaycanın bir nömrəli komandasına çağırılmaq mənim üçün yeni bir həyat demək idi. Yeri gəlmişkən, o zamanlar “Neftçi”də çıxış etməyən futbolçunu yarımçıq futbolçu adlandırardılar. Mənim bu komandanın əsas heyətində ilk oyunum “Kuzbass”a qarşı olub. Bu oyun kubok oyunu idi. “Neftçi”nin həm əvəzedici, həm də əsas heyətində qısa fasilələrlə 8 il çıxış etmişəm. Futbolçu kimi də 3 dəfə “Neftçi”nin heyətində çempion olmuşam, iki dəfə kubok qazanmışam. Məşqçi kimi də ilk addımları bu komanda atdığım üçün fəxr edirəm. 2008-ci ildə əvəzedici komanda ilə uğurlu çıxış etdik və 2009-cu il mövsümünündə çempion olduq. Daha sonra əsas komandanı qəbul etdim. 2010/11-ci il mövsümündə “Neftçi” mənim rəhbərliyim altında 6 illik fasilədən sonra qızıl medallar qazandı. Şübhəsiz, bütün bunlar bir gənc mütəxəssis kimi mənim üçün böyük uğur idi. Bu mənada demək olar ki, “Neftçi” kayeramda önəmli, həm də əvəzsiz yer tutur. Hətta deyərdim ki, uğurlarımın özəyidir.
-Ailənizdə sizin yolunuzu davam etirirən varmı?
-3 oğlum (Cavid, Gülağa, Fuad) var. Onlar da futbolun içindədirlər. Böyük oğlum Cavid “Neftçi Tv”də çalışır. U-17 və U-19-da qapıçılar üzrə məşqçi kimi çalışmış Fuad hazırda “Səbail”in A komandasında fəaliyyətini davam etdirir. Gülağa isə “Mingəçevir” komandasında oynayır.
“Mən heç zaman torluq olmamışam”
- İndi verəcəyim suallar çaparaq olacaq. Siz də elə həmin şəkildə cavab verməyə çalışın... Hansı futbol komandasına azarkeşlik edirsiniz?
-“Barselona”ya və bir də təbii ki, “Neftçi”yə…
- Sıxılanda hansı məkanlara üz tutursunuz?
- Dənizkənarı Milli Parka.
- Həyatda ən böyük təsəlliniz?
-Ailəm, uşaqlarım, nəvələrim.
- Sizi daha çox nə narahat edir?
-Məşqçilik potensialımı hələ tam açmamağım.
- Hansı Azərbaycan məşqçinin qarşısında baş əyərdiniz?
-Rəhmətlik Əhməd Ələsgərovun ruhu qarşısında, bir də canlı korifeyimiz Kazbek Tuayevin...
-Uşaq vaxtı qibtə etdiyiniz futbolçu kim olub?
-“Dinamo” Kiyevin Oleq Bloxini. Hətta həyətdə futbol oynayada arxasına 11 və Bloxin yazılmış maykanı geyinərdim. Sonrakı illərimdə isə almaniyalı müdafiəçi Frans Bekkembauer.
- Nədən müdafiə olunursunuz?
-Neqativ fikirlərdən.
- Bəs nə zaman hücuma keçirsiniz?
-Neqativ fikirlər həddini aşanda.
-Top sizin üçün nədir?
-Çörək ağacı.
-Kimləri topa tutardınız?
-Öz işinə laqeyd yanaşanları.
-Uduzmağı bacarırsınız?
-Bacarıram, amma sevmirəm.
- Futbolçu kimi ən yaxın dostunuz kimdir?
-Şahin Diniyev. Onunla ailəvi dostuq.
- Bir məsləhətə ehtiyac olanda kimin qapısına gedirsiniz?
-Çalışıram ki, özüm hər şeyi yoluna qoyum.
- Hansı illəri tarixinizdən silərdiniz?
-Heç bir ili…
– Sizi tora salan olub?
– Mən heç zaman torluq olmamışam.
Qvami Məhəbbətoğlu, “İki sahil”