12 iyun 2025 20:12
118

15 iyun - Milli Qurtuluşun və sabitliyin başlanğıcı

Azərbaycanın müasir tarixində 15 İyun – Milli Qurtuluş Günü öz mahiyyətinə görə yalnız bir siyasi dönüş nöqtəsi deyil, həm də müstəqil dövlətçilik ənənələrinin bərpası, ictimai-siyasi sabitliyin təmin edilməsi və xalqın öz müqəddəratını müəyyənləşdirməsi baxımından fundamental əhəmiyyət daşıyır. Bu gün Azərbaycanın dövlətçilik tarixində sınaqlarla dolu bir mərhələnin uğurla adlandığı, siyasi anarxiyanın, iqtisadi tənəzzülün və vətəndaş qarşıdurmasının qarşısının alındığı gündür.

1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan rəsmi şəkildə Sovet İttifaqının tərkibindən çıxaraq müstəqil dövlət elan olundu. Lakin dövlətçilik ənənələrinin pozulması, idarəetmədə qeyri-peşəkarlıq, hüquqi və siyasi institutların zəifliyi, ordu sisteminin olmaması və separatizmin güclənməsi səbəbilə, 1991–1993-cü illərdə ölkə dərin sosial-siyasi böhran dövrü yaşadı. Bu dövr həm də Ermənistan-Azərbaycan münaqişəsinin ən gərgin mərhələsinə təsadüf edirdi – Dağlıq Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar davam edir, Azərbaycan torpaqları işğala məruz qalırdı. Dövlətin daxilində isə siyasi qruplar arasında çəkişmələr, hakimiyyət böhranı və regionlarda mərkəzi hökumətin nəzarətindən çıxan hərbi dəstələrin fəaliyyəti ölkəni parçalanma həddinə gətirib çıxarmışdı.

1993-cü ilin iyun ayında ölkədə yaranmış anarxiya və Gəncədə baş verən hərbi qiyam, vətəndaş müharibəsi təhlükəsini reallaşdırmağa çox yaxın idi. Respublika rəhbərliyi artıq xalqın etimadını itirmiş, idarəetmədə acizlik və qərarsızlıq nümayiş etdirirdi. Dövlət institutları nəzarətdən çıxmış, silahlı dəstələrin fəaliyyəti regionlarda xaos yaratmışdı. Belə bir kritik məqamda ölkə uçuruma sürüklənirdi və milli varlığın qorunması üçün dərhal və qətiyyətli qərarlar tələb olunurdu. Məhz bu ağır tarixi şəraitdə xalqın təkidli tələbi və siyasi elitanın razılığı ilə Ümummilli lider Heydər Əliyev 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya dəvət olundu. 15 iyun tarixində isə Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasında Heydər Əliyev parlamentin sədri seçildi. Bu qərar yalnız hakimiyyət dəyişikliyi deyil, həm də dövlətçiliyin xilas olunması üçün yeni bir mərhələnin başlanğıcı idi. Elə bu səbəbdən 15 iyun tariximizə “Milli Qurtuluş Günü” kimi daxil oldu və xalqın öz taleyini yenidən müəyyən etdiyi dönüş nöqtəsinə çevrildi.

Tarixi təcrübə göstərir ki, hər bir xalqın hansısa əlverişli situasiyada milli-etnik soykökünə qayıdışı əsasən lider fenomeninin fövqəladə missiyası ilə şərtlənir. Ümummilli lider Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuş, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. 

Heydər Əliyevin siyasi təcrübəsi, strateji düşüncə tərzi və idarəetmə bacarığı sayəsində dövlətin əsas dayaqları qısa müddətdə bərpa olunmağa başladı. Ölkə daxilində sabitliyi təmin etmək üçün ilk növbədə hüquqi-normativ baza yenidən quruldu, siyasi institutların fəaliyyəti sistemləşdirildi və ordu quruculuğu sahəsində təxirəsalınmaz addımlar atıldı. Qanunsuz silahlı birləşmələrin ləğvi və separatizm meyillərinə qarşı ciddi tədbirlər ölkədə təhlükəsizlik və idarəetmə sabitliyi yaratdı. Bununla yanaşı, demokratik institutların formalaşması və hüquqi dövlət quruculuğu prosesi də dərinləşdirildi. Bütün bu tədbirlər xalqın dövlətə və liderə olan inamını möhkəmləndirdi, həmçinin cəmiyyətin sosial-iqtisadi və siyasi transformasiyası üçün zəmin yaratdı.

Bu prosesin davamı olaraq, 1995-ci ildə keçirilmiş Ümumxalq referendumu nəticəsində qəbul edilən yeni Konstitusiya Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunun təməlini qoydu. Konstitusiyanın qəbulundan sonra keçirilən parlament seçkiləri isə Respublikada siyasi sistemin institusional əsaslar üzərində formalaşmasına mühüm töhfə verdi. Seçkilərin nəticələri demokratik legitimliyin gücləndirilməsinə xidmət etməklə yanaşı, idarəetmədə səmərəliliyin artmasına da yol açdı. Həmçinin, bu dövrdə dövlət çevrilişi cəhdlərinin qarşısının xalqın və liderin birgə iradəsi ilə qətiyyətlə alınması göstərdi ki, artıq Azərbaycanda xaosa və özbaşınalığa yer yoxdur – dövlətin suverenliyi və sabitliyi xalqın iradəsi ilə qorunur.

Milli Qurtuluşun mühüm nəticələrindən biri də iqtisadi sabitliyin bərpa olunması və Azərbaycanı beynəlxalq iqtisadi əməkdaşlığa cəlb edən neft strategiyasının formalaşması oldu. 1994-cü il sentyabrın 20-də imzalanan və “Əsrin müqaviləsi” kimi tarixə düşən neft sazişi Azərbaycanın enerji resurslarından səmərəli istifadə edilməsini, transmilli şirkətlərlə tərəfdaşlıq qurulmasını və ölkənin valyuta ehtiyatlarının formalaşmasını təmin etdi. Bu saziş yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan Azərbaycanın Qafqazda strateji mövqeyini möhkəmləndirdi.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti balanslı və çoxvektorlu yanaşmaya əsaslandı. ABŞ, Rusiya, Türkiyə, İran və Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsi nəticəsində Azərbaycan beynəlxalq arenada tanınan və nüfuzlu aktora çevrildi. 1994-cü ildə NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmaqla Azərbaycan özünün təhlükəsizlik arxitekturasını genişləndirməyə başladı.

1993-cü ildən etibarən milli ordu quruculuğuna xüsusi diqqət yetirildi. Hüquqi baza yaradıldı, kadr hazırlığı gücləndirildi, hərbi texniki bazanın təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirildi. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin qətiyyəti Azərbaycanı xaosdan xilas etdi, siyasi çəkişmələrə son qoyuldu. İctimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə əsaslı dönüş yaradıldı ki, bunlar da Azərbaycan dövlətçiliyinin müstəqil, demokratik, dünyəvi, bəşəri dövlət kimi davam etdirilməsində möhkəm dayaqlara söykənən vasitə oldu.

Qürur hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bu müstəqilliyin gələcək nəsillərə ötürülməsi üçün daha böyük tarixi missiyanı yerinə yetirmişdir. Bu proses nəticəsində 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu öz gücünü və peşəkarlığını nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması Milli Qurtuluş fəlsəfəsinin davamı və məntiqi nəticəsi oldu.

Xalqımız artıq neçə ildir ki, bu bayramı yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. 

Milli Qurtuluş Günü yalnız siyasi hadisə deyil, həm də milli yaddaşın və ideoloji şüurun simvoludur. Bu gün ölkədə vətənpərvərlik, vətəndaş məsuliyyəti, milli həmrəylik kimi dəyərlərin təbliği baxımından da xüsusi əhəmiyyət kəsb edir. Müasir Azərbaycan gəncliyi üçün Milli Qurtuluş Günü bir nümunə, dövlətə və liderə inamın simvoludur.

Bu tarixi gün təkcə bir təqvimdə qeyd olunan bayram deyil,həm də Azərbaycan xalqının öz müqəddəratına sahib çıxma iradəsinin,birliyinin və güvəndiyi lider ətrafında sıx birləşərək gələcəyə doğru inamla irəliləməsinin simvoludur.

 

Şəbnəm Əliyeva
Naxçıvan Müəllimlər İnstitutu
Fəlsəfə doktoru hazırlığı üzrə dissertant

Gülnar Hüseynova
Naxçıvan Müəllimlər İnstitutu
Fəlsəfə doktoru hazırlığı üzrə doktorant