Asif Əsgərov,
Milli Məclisin deputatı
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etsə də, həmin dövrdə xalqımız siyasi böhran, iqtisadi çətinliklər və Ermənistanın təcavüzü ilə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı, siyasi qarşıdurmalar və xaos dərinləşərək mövcud sistemi iflic vəziyyətinə salmışdı. 1993-cü ilin iyununda vətəndaş müharibəsi təhlükəsi Azərbaycanın dövlətçiliyini təhdid edirdi. Çətin bir şəraitdə xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildi.
15 İyun – Milli Qurtuluş Günü ölkəmizin dövlətçilik ənənələrinin bərpası, siyasi sabitliyin təmin edilməsi və müstəqil gələcəyə doğru ilk addım kimi dəyərləndirilir. Həmin gün Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz qeyri-sabitlik və parçalanmaq təhlükəsindən xilas olmuş, inkişaf dövrünə qədəm qoymuşdur.
Ulu Öndərin bilavasitə rəhbərliyi ilə ölkənin təbii sərvətlərindən səmərəli istifadəni təmin etmək və iqtisadiyyatı canlandırmaq məqsədilə milli neft strategiyasının hazırlanmasına başlandı. Bu strategiyanın əsas hədəfi ölkənin neft və qaz ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadəni təmin etmək idi. Dövlətimizin milli neft strategiyasının əsasını xarici sərmayənin cəlb olunması, çoxvariantlı ixrac sisteminin yaradılması, ölkənin zəngin karbohidrogen ehtiyatlarının mənimsənilməsindən əldə olunan gəlirlərin effektiv, şəffaf idarə edilməsi təşkil edirdi. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji resurslarının beynəlxalq bazarda istifadəsini təmin edərək ölkəmizə investisiya gətirdi. Məhz neft strategiyasında nəzərdə tutulmuş əsas hədəflərə çatmaq naminə Ulu Öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsis olunması vaxtında və uzaqgörənliklə atılmış addım idi.
Azərbaycanda güclü və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin sayəsində ölkəmizdə bütün sahələrlə yanaşı, ordu quruculuğunda böyük nailiyyətlər qazanılmış, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılmışdır. “Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!” deyən Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər nəticəsində vahid komandanlıq yaradıldı, şanlı ordumuz müasir silahlarla təchiz edildi. Bu uğurlar gələcəkdə tarixi zəfərlərin əldə olunmasına yol açdı.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.
Heydər Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz xətti kimi strateji layihələr həyata keçirildi. Bu faktorlar Azərbaycanı enerji təhlükəsizliyinin regional mərkəzinə çevirərək iqtisadiyyatın güclənməsində mühüm rol oynadı. Enerji və nəqliyyat layihələri vasitəsilə ölkəmizin qlobal iqtisadi sistemə inteqrasiya olunması Azərbaycanın müstəqil və nüfuzlu dövlət kimi tanınmasına töhfə verdi.
Beləliklə, Heydər Əliyevin əsasını qoyduğu təməllər sayəsində Azərbaycan müstəqil, güclü və müasir dövlətə çevrildi. Onun layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 il ərzində işğal altında olan torpaqlarını azad etdi. Bir günlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyi bərqərar olundu.
2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi müasir dövrün çağırışlarına cavab verən strateji sənəddir. Bu Bəyannamə regional təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və ortaq maraqlara əsaslanan strateji müttəfiqliyin təsdiqi baxımından mühüm əhəmiyyət daşıyır. Sənədin məhz Şuşada – ölkəmizin tarixi, mədəni və simvolik əhəmiyyətə malik şəhərində imzalanması ona xüsusi rəmzi dəyər qazandırmaqla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra formalaşan yeni geosiyasi reallıqların hüquqi təsdiqi, regionda yaranan güc balansında qardaş ölkələrin birgə mövqeyinin nümayişi və gələcək strateji hədəflərə aparan yol xəritəsi kimi dəyərləndirilir.
Bəyannamə çərçivəsində müəyyən edilmiş öhdəliklərin həyata keçirilməsi nəticəsində müdafiə sənayesi, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlıq daha da dərinləşib. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artıraraq Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə söz və nüfuz sahibi kimi mövqelərinin daha da güclənməsini təmin edir. Bu Bəyannamənin tarixi əhəmiyyətinin qeyd olunması və sözügedən sənədin siyasi, hüquqi, iqtisadi aspektlərinin dərindən təhlil olunması məqsədilə hər il iyunun 15-də Şuşada beynəlxalq səviyyəli tədbirlər təşkil olunur. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə müxtəlif mövzularda keçirilən konfranslar Şuşa Bəyannaməsinin davamlı aktuallığını, inteqrasiya və strateji tərəfdaşlıq baxımından verdiyi töhfələrin daim diqqət mərkəzində olduğunu göstərir.
Əldə olunan bütün uğurlar məhz 1993-cü il iyunun 15-də – Milli Qurtuluş Günündə başlanmış uzaqgörən, məqsədyönlü və milli maraqlara əsaslanan siyasi kursun məntiqi nəticəsidir. Həmin gün təkcə dövlətçiliyin fəlakətdən xilas edildiyi bir tarix deyil, eyni zamanda, ölkəmizin sabitlik, sosial-iqtisadi dirçəliş, beynəlxalq nüfuzun möhkəmlənməsi və müstəqilliyin dönməzliyini təmin edən yeni və parlaq bir inkişaf mərhələsinin başlanğıcı kimi milli yaddaşımıza həkk olunmuşdur.
Asif Əsgərov,
Milli Məclisin deputatı