13 iyun 2025 00:14
153

İşğala zəmin yaradan konstitusiya ilə sülh olmaz

Sülh müqaviləsinin imzalanması üçün Paşinyanda çatışmayan yeganə məsələ onun qətiyyətsizliyidir

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün həm daxili, həm də xarici siyasətində ciddi problemlərlə qarşılaşıb. Xüsusilə onun müxalifətdən başqa kilsə ilə də ciddi ziddiyətləri mövcuddur. Məhz indiki zamanda o, bu məsələləri bəhanə edərək Azərbaycanla sülh müqaviləsini ləngitməyə çalışır. Bəs Azərbaycanın sülh müqaviləsinə dair Ermənistandan tələbləri nədir? Birinci halda, bu ölkə öz konstiusiyasında dəyişiklik etməklə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçməlidir. Belə ki, Ermənistanın mövcud  konstitusiyasının  məzmununda işğalçılıq və qatı şovinizm meyilləri var. Yəni,  hələ  1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyası «Ermənistanın Müstəqilliyi haqqında Bəyannamə»ni qəbul edib. Müstəqillik yolunda hüquqi sənəd olan və Ermənistanın siyasi, iqtisadi və mədəni inkişaf yollarını göstərən bu bəyannamə 12 bənddən ibarət idi. Sənədin əsas maddələrində Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin «Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında» 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi bazası müəyyənləşdirilirdi. Həmin bəyannamənin 11-ci bəndində elan olunurdu: «Ermənistan Respublikası Osmanlı Türkiyəsi və «Qərbi Ermənistanda» (Türkiyənin Şərqi Anadolu vilayətləri nəzərdə tutulur) 1915-ci ildə «erməni soyqırımı»nın beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir.»

Göründüyü kimi, 1991-ci il Ermənistanın Müstəqillik Bəyannaməsində həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülüb.  Bu iddialar 1995-ci ildə qəbul olunan Ermənistanın Əsas Qanununda- konstitusiyasında da yer almışdır. Söhbət  ondan gedir ki, Bəyannamə və konstitusiyada Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağı Ermənistan ərazisinin ayrılmaz hissəsi kimi tanıyan maddələr bu gün də qalmaqdadır. Ermənistanda ayrı-ayrı illərdə konstitusiya dəyişikliyi olsa da, bu maddələr dəyişdirilməmişdir.

Bundan başqa, 1992-ci ildə də Ermənistan parlamentinin qəbul etdiyi və hələ də qüvvədə olan qanuna əsasən, heç bir erməni rəsmisi Dağlıq Qarabağın Azərbaycan tərkibində göstərildiyi hər hansı bir sənədə imza ata bilməz. Bu dəyişikliklər olmadan Azərbaycanla bağlanacaq müqavilə konstitusiya ilə ziddiyyət təşkil edəcək. 11-ci maddənin qalması isə Türkiyə ilə münasibətlərin qurulmasına mane olur. Ona görə də Ermənistan mövcud konstitusiya ilə nə Azərbaycanla, nə də Türkiyə ilə sülh müqaviləsini imzalaya bilməz.

Eyni zamanda,  Ermənistan hakimiyyəti hələ də ATƏT-in Minsk qrupunun ləğvi məsələsində siyasi riyakarlıq edir. Təsadüfi deyil ki, Paşinyan  aprel ayında parlamentdə ATƏT-in Minsk qrupunun de-fakto daha geniş kontekstə malik olduğunu demişdi. Paşinyanın bu açıqlaması, əslində, Ermənistanın sülh prosesini süni şəkildə mürəkkəbləşdirdiyini göstərir. Minsk qrupunun artıq öz aktuallığını itirdiyi şəraitdə onun daha geniş kontekst daşıması barədə iddialar reallıqdan uzaq və siyasi alver xarakteri daşıyır. Bəli, əgər İrəvan doğrudan da sülh istəyirsə, münaqişənin bitdiyini qəbul etməli və Azərbaycanın haqlı şərtlərinə alternativ axtarmamlıdır.

Bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə bir  açıqlama ilə çıxış edib ki, Ermənistan sülh müqaviləsinin imzalandığı gün ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciəti də imzalamağa hazırdır.” Əlavə edib ki, sülh sazişinin mətni tamamilə razılaşdırılıb. Bununla belə, A. Qriqoryan sülh sazişinin imzalanmasına əsas maneə olan konstitusiya dilemmasına aydınlıq gətirməyib. Bu məsələdə hələ də qaranlıq qalan məqamların üzərindən sükutla keçib.

Əslində, Qriqoryanın səsləndirdiyi bu mücərrəd və qarmaqarışıq fikirlər Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında sülhə hazır olmaq görüntüsü yaratmaq cəhdidir. Lakin rəsmi İrəvanın indiyə qədərki qeyri-səmimi davranışları bu bəyanatlara olan etimadı ciddi şəkildə sarsıdır. Sülh müqaviləsinin mətni razılaşdırıldığı halda, İrəvanın qeyri-konstruktiv davranışı üzündən onun imzalanmasının bu qədər uzanması işğalçı keçmişə malik ölkənin hələ də başqa məqsədlər güddüyünü göstərir. ATƏT-in Minsk qrupunun buraxılması məsələsində nala-mıxa vurmaq da daha çox danışıqlar prosesini ləngitməyə xidmət edir. Yəni, görünən odur ki, Paşinyan hakimiyyəti  belə mənasız açıqlamalarla məsuliyyət yükünü ölkəmizin üzərinə qoymağa çalışır. Halbuki reallıqda sülhə gedən yol qarşılıqlı etimaddan və konkret addımlardan keçir. Bir sözlə, məğlub Ermənistan rəsmilərinin səsləndirdikləri belə gəlişigözəl sözlər sülh müqaviləsinin imzalanması üçün bəs etmir. Həmçinin belə ziddiyyətli siyasi açıqlamalar Cənubi Qafqazda  uzunmüddətli sabitliyin təmin olunmasına imkan vermir.

Bugünkü  mövıcud reallıq isə belədir ki, əgər Ermənistan həqiqətən də sülh istəyirsə  onun işğalçı mahiyyətli konstitusiyası tezliklə və qeyd- şərtsiz dəyişərək  qonşularla dinc və yanaşı yaşamaq prinsipnə önəm verməlidir. Əgər dəyişmək istəmirlərsə  demək, haylar hələ də revanşit hisslərlə yaşayırlar və  istənilən vaxt  Azərbaycanın suverenliyinə qarşı qalxa bilərlər.  Lakin görünən odur ki, qarşı tərəfdə bu istiqamətdə hələ də bir tərpəniş hiss edilmir.

Elçin Zaman, «İki sahil»