Milli Məclisin deputatı Elnarə Akimova bu müqəddəs bayram günlərində Vətən qəhrəmanı, qazi Anar Əsədovu ziyarət edib.
“İki sahil” xəbər verir ki, millət vəkili qeyd edib ki, Anar Əsədovu ilk dəfə ötən ilin avqustunda seçki təbliğat – təşviqat kampaniyası zamanı tanıyıb:
“Anar Əsədov ilk dəfə ötən ilin avqustunda seçki təbliğat – təşviqat kampaniyası zamanı könüllü olaraq tədbirimə gəlmiş, çıxış edib hamını qürurlandırmışdı. Millət vəkili seçildikdən sonra da məni təbrik etmək üçün gəldi. Müqəddəs günlərdə indi də qəhrəman qardaşımı mən ziyarət etmək istədim.
Anar Əsədov 2020-ci il, oktyabrın 10-da Ağdamın Təzəkənd kəndində minamyot partlayışı nəticəsində ağır yaralanaraq sol ayağını itirib. Bədəninin müxtəlif hissələrində çoxlu qəlpələr gəzdirir. Bununla belə mübariz və cəsur ruh hakimdir varlığına. Gözəl ailəsi var, 5 övlad böyüdür, gələcəyə işıq dolu nəzərlərlə baxır. Söhbətimiz haralara gedib çıxdı: beş il əvvəlin müharibə dönəminə, ondan da əvvəlin işğal və qaçqınlıq ağrılarına, erməni təcavüzündən əzab çəkən milli və fərdi ağrılarımızın mənzərələrinə. Nə yaxşı ki, artıq bunların heç biri yoxdur. Hamısı geridə qalıb və onların geridə qalması üçün Anar Əsədov kimi oğullarımız canlarından, sağlamlıqlarından keçiblər. Bizim öhdəmizə düşən isə, bir ömür boyu onlara təşəkkür və şükran borcumuzu qorumaq, bizə əmanət etdikləri vətən torpağında layiqətlə çalışmaq və yaşamaqdır!”- deyə deputat bildirib.