05 iyun 2025 23:41
241

Azərbaycanın su ehtiyatları məhduddur - Rza Mahmudov

Hazırda dünyada su təchizatı ilə bağlı statistika heç də xoşagələn deyil. Bu da son illər baş verən iqlim dəyişiklikləri və onun canlı aləmə təsirinin getdikcə daha çox hiss olunması ilə əlaqədardır. Bu səbəbdən müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Hətta yaxın dövrdə suyun neftdən baha olacağı söylənilir. Bu və ya digər suallarla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, professor Rza Mahmudova müraciət etdik.  

- Hazırda dünyada su qıtlığı ən böyük qlobal problemlərdən biri hesab edilir. Daha doğrusu, bu, dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Bu problemlə bağlı sizin fikirlərinizi bilmək istərdik.

- Hazırda dünyada baş verən qlobal iqlim dəyişmələri bütövlükdə ətraf mühitə, biomüxtəlifliyə birbaşa təsir göstərir. Ümümdünya Meteorologiya Təşkilatının (Azərbaycan 1993-cü ildən bu təşkilatın həqiqi üzvüdür) məlumatlarına əsasən, son 22 ilin 20 ili davamlı temperatur artması ilə müşayiət olunan isti illər hesab edilir. XX əsrin son onilliyi, XXI əsrin birinci və ikinci onillikləri tarixə ən isti onilliklər kimi düşmüşdür. Son 1500 ildə 2006-2024-cü illər ən isti dövrlər olmuşdur.  Şühbəsiz, bu dəyişmələr dünyanın su ehtiyatlarına da öz təsirini göstərir. BMT-nin məlumatına görə, dünyada təxminən 2,2 milyard nəfər əhalinin təmiz içməli suya, 3,5 milyard nəfərin isə sanitariya xidmətlərinə çıxışı yoxdur. 2050-ci ilədək suya tələbatın təxminən 40 faizdən çox artacağı gözlənilir ki, bu da su qıtlığı problemini daha da kəskinləşdirə bilər. Cənubi Asiya, Yaxın Şərq və Böyük Səhradan cənubdakı Afrika da daxil olmaqla əhalinin sürətli artımı və iqtisadi inkişaf olan regionlarda su sahəsində problem daha kəskindir. Onu da vurğulayaq ki, son 50 ildə davamlı qlobal iqlim dəyişikliyi, əhalinin sürətli artması, urbanizasiya və sənayeləşmə kimi amillər su ehtiyatlarının səviyyəsinə və keyfiyyətinə mühüm təsir göstərib.

- Şübhəsiz, bütün bunlar Azərbaycandan da yan keçmir. Ölkəmizin su ehtiyatları barədə nə deyə bilərsiniz?

-Azərbaycan ərazisinin iqlimi qlobal iqlim sisteminin tərkib hissəsidir və bu sistemdə baş verən proseslər müxtəlif intensivliklə və müxtəlif zaman kəsiyində ölkənin iqlim şəraitinə təsir göstərir.  Yəni, hazırda dünyada 33 ölkə su çatışmazlığı ilə bağlı problem yaşayır.  Təəssüf ki, ölkəmiz də   onların sırasına daxildir. Onu da qeyd edək ki, Azərbaycanın su ehtiyatları məhduddur.  Belə ki, ölkəmizdə su ehtiyatları 30,6 kub kilometr ətrafında qiymətləndirilir. Lakin azsulu və çoxsulu illərdə təbii ki bu rəqəm dəyişir. Hazırda bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı sulardan, 4,6 milyard kubmetri yerli çay axınlarından və 13,2 milyard kubmetri isə transsərhəd yerüstü sulardan formalaşır.

Su ehtiyatlarımız Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 faizini təşkil edir. Digər tərəfdən, son illər iqlim dəyişikliklərinin və uzun sürən quraqlıqların təsirindən ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çaylarının axınları kəskin surətdə azalır, daxili çayların, eləcə də göllərin bir çoxu  quruyur.

Yeri gəlmişkən, eyni mənzərə Qarabağ ərazisindən axan çaylarda da müşahidə edilir.  Müasir peyk məlumatları, GİS texnologiyası, axımı formalaşdıran fiziki-coğrafi iqlim amilləri nəzərə alınmaqla hazırlanmış “Kompleks su balans metodu”na əsasən müşahidə aparılmayan işğal dövründə ərazi çaylarının müşahidə sıraları bərpa edilmiş, çoxillik axımları qiymətləndirilmişdir. Məlum olmuşdur ki, Qarabağ ərazisinin 1990-cı ilə kimi movcud olan su ehtiyatları 2,14 km3-dən 1,83 km3-ə qədər azalmışdır.

Onu da vurğulayaq ki, temperatur artımı və buxarlanma Xəzər dənizinə axan suyun həcminin də azalmasına səbəb olub. 2006-cı ildən etibarən Xəzər dənizində suyun səviyyəsinin ildə orta hesabla 11 sm azalması göstərilir.

- Belə bir vəziyyətdə su ehtiyatlarımızın azalması nələr vəd edir?

- Belə bir şəraitdə ilin isti aylarında kənd təsərrüfatı bitkilərinin suya olan tələbatı maksimum həddə çatdığından onların suvarma suyu ilə təminatı çətinləşir. Bu problemin həlli mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, digər tərəfdən, qeyri-ənənəvi (yeraltı, kollektor-drenaj, çirkab və tullantı, dəniz) sulardan kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə imkanlarının daha ətraflı tədqiq edilməsi zərurətini yaradır.

Dünya Resursları İnstitutunun son tədqiqatına əsasən, Azərbaycan 2050-ci ilə qədər su ehtiyatlarının azalması ilə üzləşəcək 164 ölkə arasında 59-cu yerdə qərarlaşıb və orta-yüksək (20−40 faiz su stresi) risk kateqoriyalı ölkə kimi təsnif edilmişdir. Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təqdim etdiyi Milli Hesabatına əsasən, Azərbaycanın su ehtiyatlarının həcmi (transsərhəd su ehtiyatları ilə birlikdə) qlobal temperaturun artma səviyyəsindən asılı olaraq 2040-cı ildə 5−10 faiz və 2070-ci ildə 10−15 faiz, digər ssenari üzrə isə 2040-cı ildə 10−15 faiz və 2070-ci ildə 15−25 faiz azalacağı proqnozlaşdırılır.

- Ölkəmizdə iqlim dəyişmələrindən irəli gələn bu problemdən yan keçmək məqsədilə hansı tədbirlər həyata keçirilir?

- Su problemləri üzrə müvafiq elmi-tədqiqat işlərinin aparılması ölkəmiz üçün həmişə aktual məsələlərdən olmaqla, prioritet elmi tədqiqatlardan hesab edilir. Çünki suvarma əkinçiliyinin, əhalinin suya olan təlabatının üstünlük təşkil etdiyi ölkəmizdə suya olan tələb və təminat arasında böyük fərq vardır. Əhalinin və təsərrüfatın su ilə təminatı, su ehtiyatlarından məqsədyönlü və qənaətlə istifadə tədbirləri Azərbaycan dövlətinin su siyəsətində həmişə prioritet istiqamətlərdən olub. Bu baxımdan  ölkə Prezidenti möhtərəm İlham Əliyev tərəfindən imzalanmış 2024-2040-cı illəri əhatə edən “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq olunmasını məsələnin həllində kompleks yanaşma prinsipinin göstəricisi hesab etmək olar. 16 illik müddəti əhatə edən Milli Strategiyanın icrası məqsədilə müvafiq prioritet istiqamətlərə uyğun tədbirləri əhatə edən Tədbirlər Planı hazırlanıb. Milli Strategiyada ölkədə su itkilərinin yaranma səbəblərinin aradan qaldırılması ilə əlaqədar bir sıra məsələlərin həyata keçirilməsi vurğulanıb. Məsələn, müasir suvarma üsullarının tətbiqinin genişləndirilərək 2027-ci ildə ölkə üzrə 10 faizə çatdırılması, su təchizatı infrastrukturunun genişləndirilməsi nəticəsində içməli su təminatının 85 faizə, suvarma suyu təminatının isə 90 faizə çatdırılması, alternativ su mənbələrindən istifadənin təşviq edilməsi, içməli su təchizatı üzrə itkilərin 33 faizə və suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 faizə qədər azaldılması qarşıya mühüm vəzifə kimi qoyulub.

Yeri gəlmişkən, qlobal iqlim dəyişikliyi və bunun nəticəsində su ehtiyatlarının azalması, eləcə də sabit su təchizatına artan tələbat kontekstində Azərbaycan müasir texnologiyalara strateji diqqət ayırır. Bu mənada ölkədə dəniz suyunun duzsuzlaşdırılması üzrə ilk pilot layihə su ehtiyatlarından istifadənin optimallaşdırılması və səmərəliliyinin artırılması üçün yeni perspektivlər açır. 2023-cü ilin aprel ayında Prezident İlham Əliyev “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb. Hesab edirəm ki, bu Sərəncamın icrası problemin həllinə yardımçı olacaqdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”