10 iyun 2025 14:35
262

SOCAR-ın “yaşıl” təyinatlı istiqrazlarının ilk faiz ödənişi edilib

2025-ci il 10 iyun tarixində SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir).

“İki sahil” xəbər verir ki,  “SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilib ki, 1-ci faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına  köçürülüb.

Ölkəmizin “yaşıl” enerji sahəsində atdığı  geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən 2025-ci ilin 15 yanvar tarixində satışa buraxılmış “yaşıl” təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.

7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın “yaşıl” istiqrazları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 13.8 milyon ABŞ dolları məbləğində 330-dan çox əqd bağlanıb.

SOCAR-ın tədavüldə olan istiqrazları cari il ərzində BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 66.5%-ini təşkil edib.

“ABB İnvest” İnvestisiya Şirkətinin marketmeykeri olduğu SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları illik 6% gəlirliliklə 5 illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonunda sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.

Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatları yalnız *1999 çağrı nömrəsi, socarcapital.az, socaristiqraz.az veb-saytları, 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri və ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.