Yelisey sarayı Fransa prezidenti Emmanuel Makronun Kiyevə səfəri zamanı çəkilən videoya münasibət bildirib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, görüntülər onun Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmerlə birlikdə getdiyi qatarda çəkilib. Kupedə stolun üstündə salfet var və çəkiliş başlayanda Makron dərhal həmin salfeti götürür. X sosial şəbəkəsinin bəzi istifadəçiləri salfetin içində narkotika olduğunu iddia edirlər. Yelisey Sarayı bu versiyanın "Fransa düşmənləri" tərəfindən yayıldığını bildirib.
Yelisey sarayının X sosial şəbəkəsində yaydığı bəyanatda deyilir dezinformasiya o həddə çatır ki, sadə kağız salfetlər narkotik maddə kimi görünür. Bu saxta xəbərləri Fransanın həm xaricdə, həm də ölkə daxilində düşmənləri yayır. Biz manipulyasiyaya qarşı ayıq-sayıq olmalıyıq. Mətbuat xidməti ayrıca salfetin fotosunu da dərc edib.
Mayın 10-da Kiyevə Emmanuel Makron, Fridrix Merts, Kir Starmer və Polşanın baş naziri Donald Tusk səfər ediblər. Onlar Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüblər. Danışıqlardan sonra o, bu gün - mayın 12-dən başlayaraq ən azı 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib.