24 aprel 2025 00:37
94

Strateji tərəfdaşlığı dərinləşdirən Birgə Bəyanat

Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. Hazırda Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız yeni müsbət məzmunla zənginləşir. Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 2025-ci il aprelin 22-dən 24-dək Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın bu strateji əməkdaşlığımızın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyi şəksizdir.

Birgə Bəyanatda bildirilir ki, tərəflər suverenliyin, təhlükəsizliyin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər: “Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir”. Çin də Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Tərəflər strateji oriyentir kimi dövlət başçılarının diplomatiyasını və ən yüksək səviyyədəki mühüm razılaşmaları rəhbər tutacaqlarını, ikitərəfli münasibətlərin davamlı və uzunmüddətli inkişafını təşviq edəcəklərini bəyan ediblər. Şübhəsiz, bu, Ermənistanın əli ilə Cənubi Qafqazda möhkəmlənmək istəyən Qərbin maraqlarının iflasa uğramasına öz sözünü deyəcək.

Birgə Bəyanatda, həmçinin tərəflərin humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanmaqla yanaşı, Çinin Azərbaycana maddi-texniki dəstək şəklində bu istiqamətdə bundan sonra da yardım göstərməyə hazır olduğu qeyd olunub. Tərəflər terrorizmin, separatizmin və ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədə olduğunu, bu bəlanın qarşısının alınmasının və ona qarşı birgə mübarizə aparılmasının vacibliyini də ön plana çəkiblər.

Birgə Bəyanata görə, tərəflər yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə də razılığa gəliblər. Qeyd edək ki, Azərbaycan Çin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Hətta ölkəmiz bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir.

Birgə Bəyanatda tərəflərin ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin gələcək inkişafına, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirməyə, sənaye sahəsində əməkdaşlığı daim dərinləşdirməyə, təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəlilətməyə hazır olduqlarına da geniş yer verilib. Həmçinin bu istiqamətdə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə də qərar qəbul olunduğu vurğulanıb. Məlumat üçün bildirək ki, iki ölkənin əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Hazırda Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub. Bu gün ölkəmizdə Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. 

Birgə Bəyanatda tərəflər Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin imzalanmasını yüksək qiymətləndiriblər. Bu isə o deməkdir ki, Cin və Azərbaycan beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin razılaşdırılmasının və bağlanmasının sürətlənməsində, Azərbaycan və Çin arasında avtomobil daşımaları üçün əlverişli şəraitin səviyyəsinin artırılmasında, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaq yaradılmasında maraqlıdır.

Qədim İpək Yolu sivilizasiyasının mərkəzində yer alan Cin və Azərbaycan arasında son illər humanitar mübadilələr, eləcə də dillərin tədrisi və turizm də diqqət mərkəzində olub. Artıq Çində Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, Azərbaycanın bir sıra ali təhsil müəssisələrində çin dili tədris olunur və s. Birgə Bəyanatda bütün bunlar da diqqətdən yayınmayıb.  Qeyd olunub ki, tərəflər elmi-tədqiqat müəssisələrini və elm işçilərini qarşılıqlı maraq kəsb edən mövzularda birgə tədqiqatlar aparmaqla yanaşı, qarşılıqlı tələbə mübadiləsini davam etdirəcəklər. Həmçinin xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək və sivilizasiyalararası mübadiləni təşviq etmək məqsədilə qarşılıqlı Mədəniyyət günlərinin keçirilməsini dəstəkləyəcəklər, səhiyyə, idman, kinematoqrafiya, televiziya, media sahələrində də əməkdaşlığı genişləndirəcəklər. Turizm sahəsinə gəldikdə isə, ötən il ölkəmizə səyahət edən çinli turistlərin sayı əvvəlki illə müqayisədə iki dəfə artıb. Məlumat ücün bildirək ki, ötən il Azərbaycan turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması məqsədilə Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq edib. Birgə Bəyanatda tərəflərin turizm siyasətinin əlaqələndirilməsini gücləndirməyə maraqlı olduqları göstərilib.

Tərəflər Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında siyasi dialoqun möhkəmləndirilməsini də dəstəkləyiblər. Hər iki tərəf praktiki əməkdaşlığı irəlilətmək üçün müntəzəm mexanizmlər çərçivəsində hökumətlər arasında əlaqələrin gücləndirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

Bəyanatda qeyd olunub ki, Çin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının uğurla keçirilməsi münasibətilə ölkəmizi təbrik edib, Azərbaycanın sədrliyi ilə COP29 çərçivəsində irəli sürülən "Dayanıqlı və sağlam şəhərlərin formalaşması üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsünü yüksək qiymətləndirib, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasını dəstəkləyib. Azərbaycan Çinin BMT-də irəli sürdüyü “Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü”nün elan edilməsinə dair qətnaməni yüksək qiymətləndirməklə yanaşı, bu ölkə tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəklədiyini və BMT-nin 2030-cu ilədək olan Dayanıqlı İnkişaf üzrə Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün səyləri birləşdirmək məqsədilə “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağa hazır olduğunu bildirib.

Yeri gəlmişkən, Çin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini dəstəkləyib və Azərbaycan tərəfinin AQEM-in inkişafına yönəlmiş “Daha Güclü AQEM: Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf” mövzusunda silsilə tədbirlərin keçirilməsi üzrə səylərini yüksək qiymətləndirib.

Birgə Bəyanatda Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) hüquqi statusunun artırılmasını dəstəkləyib. 2016-cı ildə Azərbaycan ŞƏT-in dialoq üzrə tərəfdaş ölkəsi olub və hazırda bu qurumun mühüm üzvüdür. Məhz ŞƏT-in Astana sammitində iki ölkə arasında strateji tərəfdaşlıq qurulub. Yeri gəlmişkən qeyd edək ki, ötən ilin iyulunda ŞƏT-in Astanada keçirilən 24-cü sammitində Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin iki ölkə arasında strateji tərəfdaşlığın qurulmasına dair “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalamışdılar.

Qvami Məhəbbətoğlu, “İki sahil”