22 aprel 2025 19:54
652

Azərbaycanı Çin üçün vacib tərəfdaşa çevirən FAKTORLAR - Bəhruz Məhərrəmov AÇIQLAYIR

Böyük dövlətlərlərə tərəfdaşlıq birmənalı şəkildə güc, nüfuz və toplumda mənəvi yetkinlik tələb edir. Əks halda bu əməkdaşlıq müstəqillik və suverenlik üçün ciddi təhdidlər yarada bilər. Prezident İlham Əliyevin şaxələndirilmiş xarici siyasət kursu, ölkəmizin hərbi-siyasi qələbələri ilə yaratdığı yeni reallıqda artan nüfuzumuz bizə istənilən güc ilə bərabərhüquqlu tərəfdaşlıq imkanı verir. O cümlədən də Çin Xalq Respublikası ilə. Çinlə strateji tərəfdaşlıq dövlət başçımızın da ifadə etdiyi kimi, “böyük nailiyyət və böyük məsuliyyətdir". Çünki təcrübə də göstərir ki, Çin siyasi yükü və iqtisadi çəkisi ilə bir qayda olaraq dominantlığı ələ alır, təktərəfli ixrac format diqtə edir. Lakin Prezident İlham Əliyevin vizyonu Cənubi Qafqazda nə əhali, nə ərazi göstəriciləri ilə Çinlə müqayisə olunmayan Azərbaycanı elə bir səviyyəyə çatdırıb ki, Pekin özü Bakıya bərabərhüquqlu və güvənilir tərəfdaş, cənab İlham Əliyevə isə hesablaşılan qlobal lider kimi kimi baxır. Təsadüfi deyil, son 4 ayda yüz milyonlarla auditoriyası olan 3 böyük Çin mediası Azərbaycan Prezidentindən müsahibə alıb.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söylədi.

Bəs dünya qütbü olan Çin üçün regionda diqtə edə biləcəyi digər subyektlər var ikən, Azərbaycan kimi suveren iradə ilə bərabərhüququlu əməkdaşlıq niyə maraqlıdır? Deputat vurğuladı ki, Azərbaycanı Pekin üçün ilk növbədə Prezident İlham Əliyevin simasında sözünə, vədinə sadiq liderin mövcudluğu arzuolunan tərəfdaşa çevirir. Məsələn, heç uzağa getməyək, cəmi 6 ay öncə Çində gördülər ki, bəzi Qərb dairələri tərəfindən genişmiqyaslı əsassız təzyiq kampaniyalarına baxmayaraq, Azərbaycan siyasi iradə və peşəkarlıqla COP29-u uğurla realizə edib prosesdən qalib qlobal təşəbbüskar tərəf kimi ayrıldı. Yəni Pekində əmindirlər ki, kənardan heç kəs nə Azərbaycan liderinin iradəsinə təsir edə, nə də ölkənin müstəqil xarici siyasət kursuna fərqli yön verə bilməz. Yəni sözümüz imzamızdır.

Bəhruz Məhərrəmov qeyd etdi ki, Azərbaycan lideri vədlər vermir, ortada real fəaliyyət var və son 20 ildə sabit və təhlükəsiz şəraitdə ölkəmizdə həyata keçirilən layihələr Çinə “Kəmər və yol” təşəbbüsü çərçivəsində imkanları reallaşdırmaq üçün tam yeni perspektivlər açır. Üstəlik, Azərbaycan Çindən yalnız idxalı artırmır, eyni zamanda dövlət başçımızdan müsahibə alarkən Sinxua agentliyinin müxbirinin də ifadə etdiyi kimi, “Azərbaycan məhsulları minlərlə çinli ailənin evinə daxil olur". Yəni biz hər mənada, istər iqtisadi əməkdaşlıq, istər beynəlxalq müstəvidə iki ölkənin ümumi maraqlarının müdafiəsi, həmçinin sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviqi baxımdan bu strateji tərəfdaşlıqdan qazanırıq.