Paşinyan hakimiyyətinin həyata keçirdiyi siyasi repressiyaların fonunda bəzi beynəlxalq təşkilatların susqunluğu heyrət doğurur
Ermənistan hökuməti özünü hər nə qədər demokratiya qalası, Qərb dəyərlərinin keşikçisi adlandırsa da, reallıq odur ki, bu gün sözügedən ölkə diktatura və siyasi məhbusların sığınacağına çevrilib. Bu gün saxta və uydurma ittihamlarla, siyasi motivli və qondarma cinayət işi ilə 50 nəfərdən çox şəxs həbsdədir. Baş nazir Nikol Paşinyan bu şəxslərin siyasi gücündən və çəkisindən qorxur və hakimiyyətinə qarşı təhlükə olduğunu düşünür. Bu səbəbdən də müxtəlif cinayət işləri, təqiblər, saxta ittihamlarla ictimai və siyasi xadimləri, hərbçiləri həbsxanalara doldurur. Hətta sosial şəbəkələrdə fikir bildirənlərə qarşı da amansızlıq hakim partiyanın tez-tez əl atdığı üsullardan biridir. Eyni zamanda müxalif düşüncələrinə görə də təqib edilən insan sayı az deyil. Erməni müxalifəti etiraf edir ki, bu günə qədər Ermənistanda bu qədər siyasi məhbus olmayıb. Maraqlıdır ki, aparılan sorğuların nəticələri də ürəkaçan deyil. Respondentlərin 49,2 faizi Ermənistanda kifayət qədər siyasi məhbusun olduğunu etiraf edib. 20,1 faizi isə bu suala cavab verməkdə çətinlik çəkib.
Ermənistanın Kriminal İcra Xidmətinin yaydığı məlumata görə, aprelin 20-də İrəvanın “Nubaraşen” həbsxanasında 54 yaşlı məhbus Z.Q. intihar edib. Bu, 2025-ci ilin əvvəlindən Ermənistan həbsxanalarında ölümlə nəticələnən 10-cu hadisə və beşinci intihardır. Hüquq müdafiəçisi Janna Aleksanyanın sözlərinə görə, ölkənin penitensiar sistemində vəziyyət xeyli pisləşib. 2024-cü ildə Ermənistan həbsxanalarında 12 ölüm halı qeydə alınıb. Bundan əlavə, 298 məhbus aclıq aksiyası keçirib, 200 məhbus isə özlərini şikəst edib. Hüquq müdafiəçilərinin fikrincə, bu məlumatlar dövlətin belə hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görmək iqtidarında olmadığını göstərir. Aleksanyan onu da bildirib ki, hüquq-mühafizə orqanları sistem problemlərini həll etmədən baş verənləri daha əlverişli prizmadan təqdim etməyə çalışırlar.
Aprelin əvvəlində Ermənistan mətbuatı “Nubaraşen” həbsxanasında məhbuslarla amansız rəftar barədə məlumat yayıb. Aleksanyanın sözlərinə görə, ömürlük azadlıqdan məhrum edilənlərin saxlandığı beşinci mərtəbədə “təmizləmə” aparılıb.
Kriminal İcra Xidməti xüsusi təyinatlıların fiziki güc tətbiq etdiyini təsdiqləyib. Bildirib ki, məhkumlardan biri “vəziyyəti gərginləşdirib”. Məhkum kameranın qapısındakı yeməklərin keçirildiyi lyukun açıq qalmasını tələb edib, həmçinin gəzinti vaxtının uzadılmasında israr edib. Ədliyyə naziri Srbuhi Galyan bildirib ki, həbsxana əməkdaşları tərəfindən heç bir sui-istifadə halları olmayıb: "Məhkumlar etiraz aksiyası keçirməyə cəhd ediblər və bununla da qanunsuz hərəkətlərə, o cümlədən əmlakın yandırılmasına yol veriblər. Bu, yolverilməzdir, ona görə də qanun çərçivəsində tədbirlər görülüb".
Ermənistan Ombudsman Aparatı məhbuslarda xəsarətlərin olduğunu təsdiqləyib: "Ofis nümayəndələri saxlanılanların bədən xəsarətlərini sənədləşdiriblər". Eyni zamanda, ədliyyə naziri daha əvvəl bildirmişdi ki, məhkumlar arasında zərərçəkən olmayıb. Müstəqil müşahidəçilər isə zorakılıq əlamətlərini qeydə alıblar. Belə ki, rəsmi məlumatlara görə, “Nubaraşen” həbsxanasında 391 məhbus və 183 məhkum saxlanılır. Məhbuslara qarşı zorakılıq xəbərlərindən sonra müstəqil müşahidəçilər həbsxanaya baş çəkiblər. Onların sözlərinə görə, məhbuslar üzərində zorakılıq əlamətləri qeydə alınıb. Populist çıxışları ilə tanınan N.Paşinyanın hakimiyyətə gəldikdən sonra “demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Bununla belə, insan hüquqlarının kobud şəkildə pozulmasına bir sıra beynəlxalq təşkilat və strukturlar göz yumur, tənqidi fikirlər səsləndirməkdən vaz keçirlər. Bu da bu tip struktur və təşkilatların ikili standart tətbiq etməsindən xəbər verir. Azərbaycanda konkret cinayət əməli törədən şəxsə qarşı cinayət işi açılanda bu beynəlxalq qurumlar nədənsə kənd itləri kimi səs-səsə verərək insan hüquqların pozulmasından, siyasi məhbus nağıllarından moizələr oxumaq üçün sıraya düzülürlər. Bu gün isə Ermənistanda 50-dən çox siyasi məhbus olduğu halda, cəmi bir dəfə, Avropa Xalq Partiyası Armen Aşotyanın siyasi məhbus olduğunu, onun azad edilməsinin vacibliyi ilə bağlı bəyanat səsləndirib.
Sevinc Azadi, “İki sahil”