24 aprel 2025 01:59
111

Qərblə Qlobal Cənubu birləşdirən əvəzolunmaz körpü

Yeni dünya nizamında regional lider və qlobal aktor kimi mövqeyini getdikcə möhkəmləndirən, söz sahibinə çevirlən Azərbaycan bu gün Qərblə Qlobal Cənub arasında bütün sahələrdə etibarlı və əvəzsiz körpü rolunu oynayır. Əlverişli coğrafi mövqeyi, zəngin enerji ehtiyatları, müasir nəqliyyat-logistika infrastrukturu, milli maraqlara, çoxtərəfli əməkdaşlığa əsaslanan uğurlu xarici siyasəti, ölkəmizin ayrı-ayrı güc mərkəzləri arasında strateji rolunu getdikcə gücləndirir.

Prezident İlham Əliyevin aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü əsnasında bütün bunlar, eləcə də Orta Dəhlizin əhəmiyyəti bir daha vurğulanıb, nəqliyyat daşımalarının artması istiqamətində atılan addımlar məmnuniyyətlə qeyd olunub. Bu, Azərbaycanın beynəlxalq ticarət yollarında mühüm rolunun daha da artırılmasını təmin edəcək. Orta Dəhlizin vacibliyi görüş zamanı xüsusi qeyd olunub. Bildirilib ki, Azərbaycanda bu dəhliz üçün lazım olan yollar və infrastruktur yaradılır və bu işlərdə Çin şirkətləri də fəal iştirak edir. Çinlə Avropa arasında yükdaşımalarda Orta Dəhlizin, eləcə də Azərbaycanın bu dəhlizdəki rolu bir daha vurğulanıb. Bu yolun inkişafı həm ölkəmizə, həm də bölgəyə böyük fayda verəcək.

Prezident İlham Əliyev Çin Xalq Respublikasına səfəri ərəfəsində bu ölkənin Sinxua agentliyinə məxsusi müsahibəsində bildirib ki, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır: “Onu da diqqətinizə çatdırmaq istərdim ki, hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır.  Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb”.

Bu gün Qərblə Qlobal Cənub arasında mühüm körpü rolunu oynayan Azərbaycan Çinin nəhəng “Kəmər, və yol” layihəsində iştirak etməklə, daha doğrusu, birləşdirici funksiyasını yerinə yetirməklə Şərqlə Qərbi birləşdirən körpü rolunda çıxış edir. Prezident İlham Əliyev 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etmişdi ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. Beynəlxalq təşkilatların hesabatlarında, eləcə də mütəxəssislərin rəylərində də qeyd ediliyi kimi, ölkəmizin COP29-a sədrliyi Orta Dəhlizin uğur qazanması üçün geniş imkanlar yaradaraq bu istiqamətdə yeni texnologiyaların, yeni yolların araşdırılmasını önə çıxarır. 

Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazilərindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan bu beynəlxalq marşrutla 2024-cü ildə daşınan yüklərin ümumi həcmi 7 milyon 981 min ton olub. Cari il üçün isə 5,2 milyon ton daşınma proqnozlaşdırılıb. Onu da qeyd edək ki, daşımaların 45,2 faizi dəmir yolu, 31,7 faizi avtomobil nəqliyyatı və 23,1 faizi isə dəniz nəqliyyatı ilə həyata keçirilib. Tranzit yüklərin payı 60,2 faiz təşkil edib. Vaşinqtondakı Xəzər Siyasəti İnstitutu 2030-cu ilə qədər Orta Dəhliz üzrə ticarətin həcmini 11 milyon ton artırmaq potensialına malik olduğunu bildirib.

Ötən ilin yayında “Atlantic Council” Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentz Bakı Enerji Forumunun II günündə “Neft axınları: Kross-loqistika və Azərbaycanda infrastrukturun inkişafı” mövzusunda keçirilən plenar müzakirələrdə Yaxın Şərqdəki sabitliyin təminatçısı olan Orta Dəhlizin mərkəzi kimi Azərbaycanın əhəmiyyətini vurğulamağın vacibliyini diqqətə çatdırıb: “Azərbaycanın dünyaya verdiyi imkanları maksimum dərəcədə artırmaq üçün məsələlərə Transxəzər obyektivindən baxmaq lazımdır. Orta Dəhlizin mərkəzi kimi Azərbaycanın əhəmiyyətini vurğulamaq vacibdir. Hesab edirəm ki, bu, Azərbaycanın rəhbərliyi, ölkənin resursları olmadan baş tutmayacaq”.

Zahid Rza, “İki sahil”