Hər bir xalqın milli kimliyini və mənəvi dəyərlərini yaşadan, gələcəyə daşıyan başlıca vasitə onun ana dilidir. Tarix boyu milli mənsubiyyət, mənəvi bütövlük və dövlətçilik şüurunun əsas sütunlarından biri hesab olunan ana dilinin qorunması və inkişaf etdirilməsi məsələsi xalqımız üçün daim aktual olub. Bu mənada XX əsrin sonlarında və XXI əsrin əvvəllərində bu istiqamətdə atılan mühüm addımlar, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin milli dəyərlərə, o cümlədən ana dilinə olan sonsuz ehtiramının bariz nümunəsidir.
1970-ci illərin ortalarından başlayaraq SSRİ-də milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi. Belə bir dövrdə ana dili məsələsini gündəmə gətirmək ciddi siyasi cəsarət və milli iradə tələb etmişdir. Çünki 1930-cu illərdə dil məsələsini qaldıran ziyalılar və dövlət xadimləri ağır repressiyalara məruz qalmışdılar. Mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev xalqın ana dilini qorumaq və ona hüquqi status qazandırmaq üçün qətiyyətli mövqe nümayiş etmişdir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və prinsipial mövqeyi nəticəsində 27 aprel 1978-ci il tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi təsbit olunmuşdur. Bu, həm də ana dilinə verilən siyasi və mənəvi dəyərin təcəssümü idi. Məhz bu təşəbbüs gələcək müstəqil dövlətçiliyin milli-ideoloji bünövrəsini təşkil etmişdir.
Müstəqillik dövründə - 1995-ci ildə yeni Konstitusiya hazırlanarkən dövlət dilinin adlandırılması ilə bağlı müzakirələr zamanı Ulu Öndər öz prinsipial mövqeyini bir daha ortaya qoymuşdur: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik”. Nəticədə Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili müstəqil dövlətin rəsmi dili kimi təsbit olunmuşdur.
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 18 iyun tarixində imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman dil siyasətinin hüquqi əsaslarını daha da möhkəmləndirərək bu sahədə sistemli və məqsədyönlü fəaliyyətin yolunu açmışdır.
Eyni zamanda, 2001-ci il 9 avqust tarixli Fərmana əsasən avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilmişdir. 2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilmişdir. Bu qanunla dövlət dili statusunun hüquqi mexanizmləri daha da dəqiqləşdirilmiş və onun tətbiqi, qorunması, inkişafı ilə bağlı dövlət siyasətinə normativ baza yaradılmışdır.
Bütün çətinliklərə baxmayaraq, ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının imzaladığı müvafiq fərman və sərəncamlardan irəli gələn addımlar ana dilimizin saflığının qorunması və daha da zənginləşməsinə xidmət etmişdir.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ana dilinə verdiyi dəyər, onun qorunması və inkişafı naminə göstərdiyi ardıcıl səylər xalqımızın mənəvi yaddaşının qorunmasına yönəlmiş böyük tarixi addımlardır. Azərbaycan dilinin müstəqil dövlətin rəsmi dili, beynəlxalq aləmdə tanınan bir ünsiyyət vasitəsi və milli-mənəvi irsimizin əsas sütunu kimi inkişaf etməsi gələcəyə yönəlik tarixi nailiyyətlərimizdir.
Asif Əsgərov,
Milli Məclisin deputatı