Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
İclaslarda Azərbaycan və Avropa İttifaqı da daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkət təmsil olunub. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Prezident İlham Əliyevin tədbirdəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan təkcə enerji ixracatçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinə real töhfə verən etibarlı tərəfdaşdır. Prezident İlham Əliyevin sözləri ilə desək, Cənub Qaz Dəhlizi hamımız üçün “böyük uğur hekayətidir”. Bu sistem Cənubi Qafqaz Boru Kəməri (SCP), Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) olmaqla, üç mühüm komponentdən ibarətdir. Hazırda bu kəmərlərin hamısı tam gücü ilə işləyir və Avropaya davamlı təbii qaz təchizatını təmin edir. 3500 kilometr uzunluğunda olan bu inteqrasiya olunmuş boru kəməri şəbəkəsi bir neçə ölkənin enerji təhlükəsizliyində əsas rol oynayır. Lakin bu uğurun davamlılığı yalnız mövcud infrastruktura deyil, onun zamanında genişləndirilməsinə də bağlıdır. Prezident İlham Əliyev çıxışı zamanı bu məsələni xüsusi vurğuladı: “İstər Cənubi Qafqaz Boru Kəməri, istər TANAP, istərsə də TAP – artıq tam dolu işləyir. Biz onları genişləndirməliyik.”
Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün yalnız texniki deyil, həm də ciddi maliyyə resursları tələb olunur. Prezident Əliyev bu kontekstdə mühüm məqamı qeyd etdi: “Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatlar siyasətinə yenidən baxsınlar.”
Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, Avropanın enerji təhlükəsizliyi üçün həyati infrastruktur layihəsidir. Onun davamlı işləməsi və gələcəkdə genişləndirilməsi üçün beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyi zəruridir. Azərbaycan artıq öz üzərinə düşən hissəni uğurla yerinə yetirib – indi isə növbə tərəfdaş ölkələr və beynəlxalq maliyyə institutlarınındır.
Tədbir çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Energetika naziri Pərviz Şahbazov bu sənədin imzalanması ilə mənbəyi Azərbaycan olan daha bir yaşıl enerji dəhlizinin yaradılmasına başlanıldığını bildirib. Bundan əlavə, Azərbaycan Energetika Nazirliyi və Sloveniyanın Ətraf Mühit, İqlim və Energetika Nazirliyi arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Bu sənəd təbii qaz və bərpa olunan enerji sahələrində Azərbaycan ilə Sloveniya arasında enerji əlaqələrinin inkişafını dəstəkləyir.
Aydan Nəsibova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü