Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də türk dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsidir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz mövcud münasibətlərin əsasını təşkil edir. Çağdaş dünyamızda türkdilli dövlətlər arasında əməkdaşlıq daha da güclənib, yeni, daha düşünülmüş, praqmatik mərhələsinə qədəm qoyub.
Dövlət başçısı İlham Əliyev prezident seçkilərində inamlı qələbəsindən sonra 2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində bildirib ki, bizim ailəmiz türk dünyasıdır və xarici siyasətin əsas qolu türk dövlətləri ilə əməkdaşlıqdır. Şimali Kipr Türk Cumhuriyyətinin (ŞKTC) Türk Dövlətləri Təşkilatına Azərbaycanın dəstəyi ilə müşahidəçi statusunda qoşulması bu mənada daha çox diqqətçəkicidir.
Şimali Kiprlə Azərbaycan arasında mehriban münasibətlər mövcuddur.
2023-cü ildə Bakıda keçirilən Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət və Təqdimat Günləri çərçivəsində tədbirdə çıxışı edən Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bildirib ki, Şimali Kipr və Azərbaycan arasında əlaqələr, sevgi və hörmət getdikcə daha da güclənəcək. O, diqqətə çatdırıb ki, Şimali Kipr xalqı hər zaman əzilib, onların hüquqları hər sahədə tapdalanıb: “Lakin xalqımız böyük müqavimət göstərib və bizi Türkiyədən ayırmaq istəyən qüvvələrə qarşı çıxıb. Azərbaycan xalqı da böyük çətinliklərdən keçib və bu mənada talelərimiz oxşardır. Qarabağın işğaldan azad olunmasını nəzərdə tuturam. Bu gün biz Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdik. Dahi şəxsiyyət olan Heydər Əliyevin oğlu İlham Əliyevin rəhbərliyi, Baş Komandanlığı altında Qarabağ öz azadlığına qovuşub. Bu münasibətlə bir daha ürəkdən Azərbaycan xalqını təbrik edirəm. Dövlətinizə və millətinizə bundan sonra sülh, əmin-amanlıq və gözəl həyat arzu edirəm. Biz eyni millətin insanlarıyıq, mədəniyyətimiz birdir, tariximiz birdir, dillərimiz də birdir. Bizlər bir-birimizin gözünə baxarkən ürəyimizdən keçənləri oxuyuruq. Can Azərbaycanla əlaqələrimiz mədəni, ticarət, təhsil və başqa sahələrdə daha da inkişaf edəcək”.
Ölkələrimizin müxtəlif sahələrdə, xüsusilə turizm, elm və təhsil əlaqələri gündən-günə möhkəmlənir. Ötən ilin aprelində Azərbaycan-Şimali Kipr Türk Respublikası Parlamentlərarası Dostluq Qrupunun yaradılması əlaqələrimizin genişlənməsinin təzahürüdür.
Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlətlərinin birliyinə xüsusi önəm verməsini və bu istiqamətdə mövqeyini yüksək qiymətləndirir. Azərbaycana səfərlərini Şimali Kiprin tanınması istiqamətində mühüm addım kimi dəyərləndirən Ersin Tatar dəfələrlə Lefkoşanın Bakı və Ankara ilə “Bir millət, üç dövlət” kəlamı ruhunda dialoq qurduğunu da vurğulayıb. Dövlətimizin başçısının ötən ilin iyul ayında Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünə ŞKTC Prezidentini də dəvət etməsi bunun bariz nümunələrindəndir.
Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı: “Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı. Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər”.
Vaxtilə BMT-nin Baş katibi tərəfindən referendum elan edilən zaman Türkiyə Kiprinin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan dövlətimizin başçısı qeyd edib: “Baxın, nə baş verdi? Yunan Kipri Avropa İttifaqına üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.
Zahid Rza, “İki sahil”