10 aprel 2025 00:11
216

Dünyamızı, ədaləti qoruyaq, müharibələrə «yox» deyək!

Bakıda, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən «Yeni dünya nizamına doğru» mövzusunda 7-ci ADA Siyasi Forumunda Azərbaycanın siyasi, iqtisadi, humanitar platforma olduğu növbəti dəfə təsdiqləndi

Dünya düzəninin tez-tez dəyişildiyi, qlobal proseslərin dövlətlərin taleyinə, suverenliyinə, sərhədlərinin silinməsinə, müstəqilliklərinin zəifləməsinə gətirib çıxaran hadisələrin intensviləşdiyi müasir dövrümüzdə bəşəriyyətin gələcəyi ciddi narahatlıq doğurur. Hazırda dünya siyasətçilərini, beynəlxalq strateji araşdırmalar mərkəzlərini düşündürən məsələ qlobal hadisələrin və çağırışların formalaşdığı müasir dövrümüzdə milli varlığın qorunması, dövlətlə cəmiyyətin qarşılıqlı inkişaf problemlərinin həlli yollarını tapmaqdır. Bu yolun istiqamətinin və xarakterinin” dərk edilməsi bütünlükdə bəşəriyyətin varlığı üçün önəmli problemdir. Politoloqların vurğuladıqları kimi, müxtəlif sahələri əhatə edən qloballaşma sosial proses yox, siyasətin funksiyasıdır. Dəyişikliklər isə dünyada ictimai münasibətlər sistemində ziddiyyətlərin yaranmasına səbəb olur. Sivilizasiyanın taleyinin mədəniyyətlər arasında kompromisin tapılıb-tapılmayacağından asılı olduğunu iddia edənlər də vardır.

Hələ də davam edən Rusiya-Ukrayna, İsrail-HƏMAS müharibələri, Qərbin bəzi ölkələrə qərəzli müdaxiləsi, ABŞ-Çin qarşıdurması, rəsmi Vaşinqtonla İran arasında gərginləşən proseslər yerləşdiyi bölgədən asılı olmayaraq bütünlükdə dünya siyasətinin şahmat taxtasında fiqurların tez-tez dəyişilməsi ilə nəticələnir.

Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə «Yeni dünya nizamına doğru»” mövzusunda 7-ci ADA Siyasi Forumunda ciddi narahatlıq doğuran hadisələr ətraflı təhlil edildi, münasibətlər bildirildi. 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdikləri Forumda dünyamızın düzənini dəyişən siyasi, iqtisadi məsələlərin, qlobal proseslərin həlli yolları ilə bağlı suallara cavab axtarıldı.

Bakı Forumunda dünyada yaranan geosiyasi vəziyyət, qlobal hadisələr mövcud şərait baxımından təhlil edilməklə qlobal vəziyyətlərdən çıxış yolları ilə bağlı suallar diqqətə çatdırıldı. Hazırda dünyanın siyasi arenasının qaynar nöqtəsi olan Cənubi Qafqazda baş verən hadisələrdə Azərbaycanın mövqeyi, Türkiyənin rolu və beynəlxalq ictimaiyyəti düşündürən suallar cavablandırıldı.

Olduqca zəngin proqram əsasında davam edən Forumdakı çıxışı, suallara məntiqli cavabları ilə diqqəti cəlb edən Prezident İlham Əliyev təcrübəli siyasətçi, qüdrətli dövlət başçısı, dünyada sabitlik, qarşılıqlı əməkdaşlığın tərəfdarı olduğunu növbəti dəfə nümayiş etdirdi.

Regional gərginliyin artdığı müasir dövrümüzdə problemlərin həlli üçün qüdrətli dövlətlərin daha aktiv iştirakının qaçılmaz olduğu , beynəlxalq qanunların öz yerini güc amilinə verdiyi müasir dünyamızda varlığını qorumaq hər bir dövləti düşündürən ciddi məsələdir. Çünki müəyyən mənada beynəlxalq təşkilatlar artıq adekvat təhlükəsizlik tədbirlərini həyata keçirə bilmirlər. Buna görə də regional aktorların işə qarışması zərurəti yaranır. Geosiyasi əlaqələrin genişləndirilməsi üçün siyasi, iqtisadi münasibətlərin inkişafı əsas tələb kimi aktuallaşır. Hər biri dərin düşüncə, siyasi iradə , dövlətçilik məharəti tələb edən sualları cavablandırmaq çətin olsa da , bu sahədə zəngin təcrübəyə malik Prezident İlham Əliyev növbəti dəfə siyasi hazırlığını, liderliyini təsdiqlədi.

Dünyanın ən güclü, qüdrətli dövləti olan ABŞ-la əlaqələrimizin hər zaman qarşılıqlı anlaşma şəraitində davam etdiyini, Birləşmiş Ştatların «Azadlığa Dəstək Aktı»nın 907-ci düzəlişinin ölkəmizə tətbiqi ilə bağlı fikirlərini açıqlayan Prezident İlham Əliyev bildirdi ki, ABŞ qoşunları Əfqanıstanı tərk etdikdən sonra müvəqqəti olaraq dayandırılan düzəliş yenidən davam etdirildi. Dövlət başçımızın vurğuladığı kimi, Bayden-Blinken administrasiyası dövründə ABŞ-la Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər: «Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu ilk dəfə gördük”. Bu da bizim günahımız deyil.» Ağ Evin indiki siyasətinin daha çox Amerikanın milli maraqlarına əsaslandığını bildirən dövlət başçımızın vurğuladığı kimi, ABŞ-la çox güclü münasibətlər bölgə üçün vacibdir. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd etdi ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. «Biz, həmçinin Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq. Bu da qarşımızda qoyulmuş vəzifənin icrası idi. COVID-i idarə etmək, COP-a ev sahibliyi etmək, - yeri gəlmişkən, ilin sonuna qədər biz sədrlik edəcəyik, - bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Biz səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördük. Afrika dövlətləri ilə sıx əlaqələrin qurulması siyasəti artıq müəyyənləşdirilib» söyləməklə iqtisadi baxımdan güclənən, zəngin enerji resurslarına malik ölkəmizin müdafiə qüdrətinin möhkəmləndiyini döyüş meydanında subuta yetirən ölkəmizin dünyada möhkəmlənən mövqeyini diqqətə çatdıran Prezident İlham Əliyev əlavə olaraq bildirdi ki, biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”.

Cənubi Qafqazda sabitliyin bərpası üçün başlıca problem olan Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması ilə bağlı sualları cavablandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq hüquq normaları əsasında hazırlanan müqavilənin imzalanması daha çox Ermənistan üçün vacibdir: «Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm”.» Dövlətimizin başçısı əlavə olaraq qeyd etdi ki, Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə gedir və Ermənistan bu prosesin bir hissəsi ola bilərdi: «Bu, onların səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər. Bununla əlaqədar onların real müstəqilliyi əngəlləndi. Onlar «böyük bir Ermənistan”» xülyası ilə yaşayırdılar”. Bizim hərbi əməliyyatların aparılması üslubumuz onu göstərdi ki, imkanlarımız çox yüksək səviyyədədir. Biz qisas almağa çalışmırdıq, hərçənd başa düşmək olardı ki, illər ərzində biz işğalın qurbanı olmuşduq.»

Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistanın ərazilərimizdə törətdiyi vəhşiliklər də diqqətə çatdırıldı. Bildirildi ki, Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər. Qadağalara əhəmiyyət verməyən Ermənistan bu gün də istifadə etdiyi Metsamor Atom Stansiyasının tullantıları ilə Araz çayını çirkləndirir, ekosistemə ciddi ziyan vurur: «Ona görə də mən hesab edirdim ki, biz döyüş meydanında qisas alacağıq və döyüş meydanından kənarda normal insan davranışına və müharibə qaydalarına zidd olan heç bir əməl törətməyəcəyik.»

Dövlət başçımız onu da diqqətə çatdırdı ki, İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Silahlı Qüvvələrimizin apardığı hərbi əməliyyatlar göstərdi ki, müdafiə qüdrətimiz, imkanlarımız çox yüksək səviyyədə olsa da, illərdən bəri torpaqlarımız işğal altında qalsa da biz qisas almağa çalışmırdıq.

Forumda Qərbin, bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli kampaniyalarının əsassız olduğu da diqqətə çatdırıldı.

Prezident İlham Əliyevin «Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər» sözləri Avropa, İttifaqına (Aİ), Avropa Parlamentinə, ümumiyyətlə ermənipərəst dairələrə ciddi xəbərdarlıq oldu.

Diqqətə çatdıraq ki, bu ilin aprel ayının 11-13-də Türkiyədə ənənəvi olaraq keçirilən Antalya Diplomatiya Forumunda «Bölünmüş dünyada diplomatiyanın bərpası» mövzusu bir daha müzakirə olunacaq. Ərazisinin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər təkrar bir araya gələrək planetimizin gələcəyi barədə daha ciddi düşünməyin vacibliyini etiraf edəcəklər.

Xuraman İsmayılqızı, «İki sahil»