10 aprel 2025 01:25
199

Makronizmin anti-Azərbaycan mərəzi

Ölkəsində daxili sabitliyə təsir edən sosial gərginliyi, iqtisadi böhranı, orduda fərarilik hallarının artmasını «görməyən» Ermənistana yardımı xarici siyasətinin əsas istiqaməti kimi diqqətdə saxlayan Fransa Prezidenti Emmanuel Makron anti-Azərbaycan təxribatlarını davam etdirir. Təkcə bu ilin ötən dövründə 1485 fərarilik hallarının qeydə alındığı Fransanın Ermənistana hərbi yardım göstərməsi, səlahiyyətlərinə aid olmayan məsələlərlə məşğul olması, sərhədlərindən kənar ölkələrdə nöqsan axtarması Makronun dövlət başçısı kimi siyasi savadsızlığının nəticəsidir. Yüz illərdir Əlcəzairdə, Afrikada, Fransa Poleneziyasında , Mayotda, Korsikada, Yeni Kaledoniyada yeril əhaliyə qarşı hərbi cinayətlər törədən, günahsız insanları qətlə yetirən Fransanın bu gün Azərbaycanı ədalətsizlikdə ittiham etməsi siyasi korluqdan başqa bir şey deyildir. Azərbaycanla bağlı böhtanlarını davam etdirən, Qərbin ölkəmizə qarşı təxribat maşınının lokomotivi olan, rəsmi İrəvanın maraqlarına xidmət edən siyasətini, böhtan kampaniyasını davam etdirməklə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına başlıca əngəl törədən Fransanın ölkəmizin daxili işlərinə qarışması səviyyəsizlik, ən əsası beynəlxalq hüquq normalarına ziddir. Əsrlərdən bəri azərbaycanlılara qarşı soyqırımlar törədən daşnak tör-töküntülərinin davamçıları olan qaniçən separatçıların Azərbaycanın ədalət məhkəməsinin müttəhimlər kürsüsündə əyləşmələrini guya qanunsuz hesab edən Avropa Parlamentinin «Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri» adlı qeyri-obyektiv və qərzəli qətnamənin qəbulunda da Fransanın dəst-xətti duyulur.

Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun bu ölkənin Milli Assambleyasının Xarici İşlər Komissiyasındakı çıxışında Azərbaycanın ədalət məhkəməsində mühakimə olunan erməniəsilli separatçıları müdafiə etməsi rəsmi Parisin neokolonialist siyasətinin erməni variantına dəstəkdir. Dünya siyasətindən, beynəlxalq hüquq normalarından xəbərsiz nazirin müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə maddələri ilə ittiham olunan separatçıları «hərbi əsir» adlandırması, onların azad edilməsi tələbi siyasi əxlaqsızlıqdan başqa bir şey deyildir.

Müttəhimlər kürsüsündə əyləşənlərin «Daşnaksütyun» partiyasının, «ASALA» terror təşkilatının üzvü, qaniçən Monte Melkonyanla birgə əli günahsız azarbaycanlıların qanına batdığını, törətdikləri cinayətlərini etiraf etmələrinə baxmayaraq Fransanın hələ də onlar üçün göz yaşı axıtması başadüşüləndir. Çünki Fransanın əsrlərdən bəri Afrikada həyata keçirdiyi soyqırımlar nəticəsində qətlə yetirilənlər də günahsız insanlar idi.

Makron hakimiyyətində təmsil olunanlar yaxşı bilirlər ki, saysız-hesabsız hərbi cinayətlərdə, Azərbaycan xalqına qarşı kütləvi qətliamlarda ittiham olunan Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan, o cümlədən Ruben Vardanyan kimi digər müttəhimlər də öz cəzalarını almalıdırlar və alacaqlar. BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər Üzrə İşçi Qrupunun 13 mart 2025-ci il tarixdə dərc olunmuş rəyində də Fransa kimi digər qərbyönümlü dairələrin Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyası əsassız cəhd adlandırılıb. Milli Assambleyanın adı çəkilən komissiyasının iclasında deputatın «Fransada məhkəmə sistemindən siyasi rəqiblərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyi halda qanunun aliliyi ilə bağlı digər dövlətlərə müdaxilənin qəbuledilməzliyi» ilə bağlı sualını cavablandıra bilməyən nazir Jan Noel Baronun öz ölkəsinin məhkəməsinin qərarını şərh edə bilməməsi Fransanın sülh sazişinin imzalanmasına ikili standartlarla, məkrli yanaşmanın iyrənc göstəricisidir. Ümumiyyətlə, digər ölkələrdə məhkəmə prosesinə müdaxiləyə cəhd edən Makron iqtidarının ilk növbədə öz ölkəsində siyasi təqibləri və müxtəlif aksiyalarda etirazçıların öldürülmələrini «unutmaları» siyasi həyasızlığın nümunəsidir. Əslində Milli Assambleyada bu ölkənin neokolonialist siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələrin, parlamentdə rüşvətxorluq və korrupsiya hallarının yayılması kimi faktların araşdırılması daha məqsədəuyğun olardı.

Göründüyü kimi, haqsız olduqlarını bildikləri halda Hindistanla, Yunanıstanla birgə Ermənistana hərbi dəstəyini davam etdirən rəsmi Paris Cənubi Qafqazda sabitliyə ən böyük təhdid və təhlükədir. Avropa İttifaqının (Aİ) üzvü kimi bölgədə sülhün təminatına böyük zərbə vuran Fransanın qərəzli kampaniyaları qəbuledilməzdir. Təbii ki, bu dəstəyə arxayınlaşan Ermənistan sülh danışıqlarında maraqlı deyil. Fransa sülh danışıqlarını əngələmək üçün rəsmi Bakının haqlı tələbi olan Azərbaycan ərazilərinə qarşı iddiaların mövcud olduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi kimi legitim tələbinə Fransa ermənisayaq münasibət bildirir.
 Rəsmi İrəvana 10 milyon avro dəyərində hərbi yardım göstərərək Ermənistan üçün PUA axtarışına çıxan, bölgədə gərginlik yaradan Mülki Müşahidə Missiyasını hələ də Ermənistanda saxlayan, qeyri-qanuni «binokl diplomatiyası»na son qoymayan Aİ, o cümlədən qurumun anti-Azərbaycan fraksiyasının başçısı Makron bilməlidir ki, ermənilərə söz verdikləri «miatsum», «artsax» hərəkatını canlandıra bilməycəklər.

Görünən odur ki, Ermənistanın mövqelərini dəstəkləmək üçün siyasi proseslərə birbaşa müdaxilə edən Fransanın təzyiq qruplarının, erməni diasporunun cəhdləri uğursuzluqla nəticələnir. Gələcəkdə də bu tendensiya dəyişməyəcək. Güclü dünyəvi və tolerant ruha malik ölkə olan Azərbaycan haqqında yanlış təsəvvür yaratmaq istəyən Fransadakı erməni lobbisi də bunu aydın başa düşür. Lakin, necə deyərlər, «Dəliyə hər gün bayramdır.»

Prezident İlham Əliyevin vurğuladığı kimi, görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir: «Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb.» Hadisələr göstərir ki, təkcə Makron deyil, Fransa Prezidentinin ətrafındakılar da anti-Azərbaycan mərəzindən əziyyət çəkirlər.

Xuraman İsmayılqızı, «İki sahil»