Avropa Komissiyasının sədri, ixtisasca həkim olan Ursula Fon der Lyayenin Ermənistanın vəkili kimi çıxışları, Azərbaycana qarşı bəd niyyətləri çoxdan məlumdur. Vəzifəsindən sui-istifadə edən bu xanım Azərbaycan əleyhinə bir neçə özünə oxşarı da qaldırıb. Planlarının alınmadığından bir müddət burnunu bu mövzuya soxmayan xanım yenə də təxribatçı çıxışı ilə aranı qatmağa cəhd edir.
2025-ci il aprelin 4-də Özbəkistanın paytaxtı Səmərqənddə "Mərkəzi Asiya - Avropa İttifaqı" formatında ilk tamhüquqlu sammit keçirilib. Bu tədbir Avropa İttifaqı (Aİ) Avrasiya ilə iqtisadi və nəqliyyat əlaqələrini gücləndirmək niyyətinə dair önəmli siyasi siqnalların qeyd olunduğu bir məqam kimi tarixə düşdü. Ancaq diplomatik bəyanatların və açıqlamaların bolluğunda xüsusi diqqət Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin çıxışına yönəlib.
O, Transxəzər marşrutunun genişləndirilməsi ilə bağlı müsbət mesajlarla yanaşı, kifayət qədər mübahisəli bir tezisi də səsləndirib - guya "Mərkəzi Asiyanın Avropa ilə nəqliyyat əlaqələrinin güclənməsi üçün əsas şərt Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinin açılmasıdır". Bu bəyanat təbii olaraq Bakı və Tbilisidə suallar doğurur: nə vaxtdan bəri Mərkəzi Asiyadan malların daşınması Ermənistan olmadan mümkünsüz sayılır? Niyə Avropa ritorikasında artıq onilliklərdir əsas Avrasiya enerji və ticarət arteriyalarının keçdiyi Gürcüstan tamamilə çıxdaş edilir? Razılaşdırılmış marşruta kənar ölkənin yerləşdirilməsindən məqsəd nədir?
Avropa İttifaqı özünün "Global Gateway" adlı "ən mühüm" təşəbbüsü çərçivəsində Transxəzər dəhlizinin - Rusiya və Çin marşrutlarına alternativ olaraq - inkişafına 10 milyard avroyadək investisiya cəlb etməyi vəd edib. Bu rəqəm ilk dəfə 2024-cü ilin yanvarında Brüsseldə keçirilən İnvestorlar Forumunda açıqlanmış və Səmərqənddə bu yeni nəqliyyat geo-iqtisadiyyatının təməli kimi bir daha təsdiqlənmişdi.
Ancaq Avropa ritorikasında gözlənilmədən Ermənistanın peyda olması təəccüb doğurur. Dənizə çıxışı mümkünsüz, əsas dəmir yolu infrastrukturu belə olmayan və mövcud marşrutlardan tamamilə kənarda qalmış bir ölkənin Ursula fon der Lyayenin "yalnız Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinin açılması Avropa ilə Mərkəzi Asiyanı heç vaxt olmadığı qədər yaxınlaşdıracaq" fikri təkcə ritorik hoqqabazlıq deyil. Xatırlatmalıyıq ki, ermənipərəst diplomat xanımın fikri ilə iki qitəni birləşdirəcək marşrutun taleyini Ermənistan kimi hamı ilə problemi olan ölkəyə etibar etmək olmaz. Bu, Lyayenin coğrafi reallığı nəzərə almadan logistik diskursa siyasi və dəyərlərə əsaslanan gündəmi zorla sırımaq cəhdidir. Halbuki bu gün Transxəzər marşrutu aydın və işlək şəkildə belə fəaliyyət göstərir: Qazaxıstan - Xəzər dənizi - Azərbaycan (Bakı limanı) - Gürcüstan - Qara dəniz (Poti/Batumi) - Avropa. Ermənistan ərazisində heç bir "dar boğaz" yoxdur, çünki Ermənistan bu marşrutda ümumiyyətlə iştirak etmir.
Elə məhz bu "Ermənistanyönlü" yanaşmadır ki, regionun əsas logistika və enerji qovşaqları olan Bakı və Tbilisini haqlı olaraq narahat edir. Ermənistanın guya "zəruri halqa" kimi təqdim olunması, əslində, iqtisadi zərurət adı altında siyasi normallaşdırma cəhdindən başqa bir şey deyil. Ancaq xanım Ursula çox gecikib, necə deyərlər, “İş işdən keçib.”
Regionun real infrastrukturu isə Ermənistanı deyil, Azərbaycan və Gürcüstanı əsas aktor kimi təqdim edir. Bakı Poti və Batumi limanları müasirləşdirilmiş, ildə yüz minlərlə konteyneri emal edə biləcək gücdədir. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Orta Dəhlizin əsas hissəsidir və Avropa İttifaqının TEN-T şəbəkəsinə inteqrasiya olunub. Cırtdan Ermənistan isə öz yüklərini harasa daşımağa qabil deyil. O ki ola milynlarla ton yük. Yəni, Ursula Fon der Lyayenin təşəbbüsü gülüncdür. Bu, heç ermənilərin özlərinin ağıllarına gələn iş deyil. Çünki bunun üçün Ermənistanda heç bir hazırlıq işləri görülməyib.
Ursulanın çox sevdiyi Ermənistanı belə nəhəng iqtisadi layihəyə pərçimləmək istəyi daldan atılan daş kimidir. Əslində belə bir təklifi hamıdan əvvəl Azərbaycan özü etmişdi. Bildirmişdi ki, Ermənistan öz qoşunlarını işğal etdiyi torpaqlarımızdan çıxarsın, ərazi iddialarına son versin və beləliklə, Azərbaycanın müəllifi olduğu beynəlxalq iqtisadi layihələrə qoşulsun, milyonlara sahib olsun. Lakin ipə-sapa yatmayan Ermənistanın iddialı və sərsəm rəhbərləri 2020-ci ildə “yeni müharibə, yeni ərazilər” deyib ikinci dəfə müharibəyə başlayandan sonra bu təklif gündəmdən çıxdı. Beləliklə, “ağıllı” Paşinyan ölkəsinə böyük iqtisadi səmərə gətirəcək unikal imkanı əldən buraxmış oldu. Nəticə etibarilə Ermənistan beynəlxalq aləmdə yenə də təklənmiş və heç kəsə lazım olmayan cırtdan ölkə olaraq qalacaq.
Vəli İlyasov, “İki sahil”