09 aprel 2025 01:58
257

Enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə - Azərbaycan - Türkiyə

Qardaş ölkələr olan, qarşılıqlı münasibətləri bütün dünya üçün nümunə sayılan Azərbaycan-Türkiyə əməkdaşlığı çoxşaxəlidir. İki ölkə arasındakı siyasi dialoqun yüksək dinamikasına adekvat olaraq iqtisadi sahədə də əməkdaşlıq kifayət qədər yüksək səviyyədədir. Azərbaycan və Türkiyə bir-birilərinə inamın ifadəsi olaraq qarşılıqlı investisiya qoyuluşunu getdikcə artırırlar. Hazırda 4 minə yaxın Türkiyə şirkəti Azərbaycanda fəaliyyət göstərir. İndiyədək ölkəmizin Türkiyəyə yönəltdiyi sərmayələrin həcmi 20 milyard dollardan çoxdur. Eyni zamanda, qardaş ölkə də Azərbaycanda investisiya fəallığını getdikcə artırır. İndiyədək Türkiyə şirkətləri respublikamızda 16 milyard dollar həcmində podrat layihələrini reallaşdırıblar. Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə fəal çalışmasını da xüsusi vurğulamaq lazımdır.

Enerji sektoru ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətini təşkil edir. İndiyədək iki qardaş ölkə enerji sahəsində transmilli şirkətlərin iştirakı ilə Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi regional və qlobal əhəmiyyət daşıyan enerji layihələrini böyük uğurla reallaşdırmağa nail olublar. Azərbaycan və Türkiyənin dost ölkələrlə birgə reallaşdırdıqları sonuncu enerji layihəsi Cənub Qaz Dəhlizidir. Sonuncu seqmentinin - Trans Adriatik Boru Kəmərinin (TAP) inşası ötən ilin dekabrında tamamlanan yeni dəhlizlə artıq bir ildir ki, zəngin “Şahdəniz” yatağından çıxarılan “mavi yanacaq” Türkiyədən keçməklə Avropanın mərkəzi ölkələrinə çatdırılır. Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən birini Türkiyədən keçən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) təşkil edir. TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb və bütün işlər nəzərdə tutulan vaxtda uğurla yekunlaşıb.

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Anadolu”ya müsahibəsində Xəzər dənizindən təbii qazın əvvəlcə Türkiyəyə, oradan da Avropaya nəqlini təmin edən Cənub Qaz Dəhlizinin dünya miqyaslı layihə olduğunu vurğulayıb. A.Bayraktar bunun iki ölkə liderlərinin güclü siyasi iradəsi sayəsində həyata keçirildiyini qeyd edib: "Məqsədimiz 16 milyard kubmetr tutumlu TANAP-ı 31 milyard kubmetrə çatdırmaqdır. Türkiyə hər zaman olduğu kimi, həm mühüm bazar, həm də təbii qaz mərkəzi olaraq üzərinə düşəni etməyə hazırdır. Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan xətti ilə Türkiyə üzərindən nəqli dünya neft bazarlarına əhəmiyyətli töhfələr verir”. Nazir, həmçinin bildirib ki, Azərbaycanda istehsal olunacaq elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin Gürcüstan və Naxçıvan üzərindən Türkiyəyə ötürülməsi imkanları nəzərdən keçirilir: “Əlbəttə, biz bunu Avropa bazarı ilə birləşdirmək istəyirik”. O söyləyib ki, Türkiyə bu il Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin iclasına ev sahibliyi edəcək: “Azərbaycanla davam edən ikitərəfli əməkdaşlığı çoxtərəfli əməkdaşlığa çevirməyi və beləliklə iqtisadi həcmi genişləndirməyi planlaşdırırıq”.

Qeyd edək ki, Azərbaycan bərpaolunan enerji layihələrinə sərmayə qoymaqla təkcə qalıq yanacaq tədarükçüsü deyil, həm də yaşıl enerji təminatçısı olmağı qarşısına məqsəd qoyduğunu qəti şəkildə nümayiş etdirir. Bu isə beynəlxalq aləmdə rəsmi Bakının imicini daha da yaxşılaşdırmağa şərait yaradır. Məsələn, külək və günəş enerjisi potensialı üzrə layihələr Avropanın bərpaolunan enerji hədəflərinə töhfə verə bilər. Bu, Azərbaycana qlobal enerji keçidində daha davamlı imic qazanmağa və ekoloji diplomatiyada fəal rol oynamağa imkan verir. Öz növbəsində isə belə fəaliyyət beynəlxalq platformada daha güclü mövqe qazanmağa imkan verir. Paris İqlim Sazişinin imzalanmasından sonra Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləmək qərarına gəlib və bərpaolunan enerji mənbələrinin inkişafı ölkənin təmiz enerji strategiyasının mühüm elementinə çevrilib. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə və təmiz enerjiyə keçid təşəbbüslərində bir neçə ölkə ilə birgə işləməyə nail olub və Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Mərkəzi Asiya və bir çox Avropa ölkələri ilə birgə layihələr həyata keçirilir. Azərbaycan və Türkiyənin yuxarıda qeyd edilən “yaşıl enerji” dəhlizi nəinki regionun, hətta Avropanın da enerji təhlükəsizliyi üçün böyük töhfə sayılır. Nəzərdə tutulan dəhliz Xəzər dənizindən Türkiyəyə qədər uzanacaq. Ardıcıl həyata keçirilən layihələr Azərbaycan və Türkiyə arasında “yaşıl enerji” dəhlizinin yaradılmasına dəstək verir. “Azərbaycan-Türkiyə-Avropa” dəhlizi Xəzər dənizi və Mərkəzi Asiyadan Türkiyə və Avropaya elektrik enerjisinin ötürülməsi üçün daha böyük potensiala malik olmaqla, Naxçıvan regionundan 1 giqavat bərpa olunan enerjinin ixracını nəzərdə tutur.

Bu kontekstdə Azərbaycan və Türkiyə əməkdaşlığında mühüm əhəmiyyət kəsb edən İğdır-Naxçıvan qaz kəmərinin tikintisi xüsusi qeyd olunmalıdır. Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə bir il yarım bundan öncə Naxçıvanda bu qaz xəttinin təməlinin qoyulduğunu və bu gün isə artıq istifadəyə verildiyini bildirib.

Qeyd edək ki, İğdır–Naxçıvan qaz boru kəməri Azərbaycan - Türkiyə strateji tərəfdaşlığının daha da dərinləşdiyini göstərən mühüm layihələrdən biridir. 2020-ci il dekabrın 15-də Ankarada imzalanan Anlaşma Memorandumu ilə əsası qoyulan bu layihə Naxçıvanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, iki ölkənin iqtisadi və geosiyasi əməkdaşlığını da yeni mərhələyə daşıyır. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən - bu layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması onun strateji əhəmiyyətinin təsdiqi oldu. Naxçıvanın sosial-iqtisadi inkişaf proqramına daxial edilməsi isə layihənin bölgənin dayanıqlı enerji təminatında mühüm rol oynayacağını göstərir. Bu boru kəmərinin istifadəyə verilməsi Naxçıvana təbii qazın daha təhlükəsiz və səmərəli şəkildə çatdırılmasını təmin edəcək. Layihəyə əsasən gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək mümkün olacaq ki, bu da Naxçıvanın qaz tələbatını tam ödəməyə imkan verəcək. Gələcəkdə isə boru kəmərinin ötürücülük qabiliyyətinin iki dəfədən çox artırılması mümkün olacaq. Layihənin idarəçiliyi Azərbaycan Respublikasının  Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən həyata keçirilir ki, bu da iki ölkənin enerji sektorunda inteqrasiyasını daha da gücləndirir.

Sevinc Azadi, “İki sahil”